Paşinyanın informasiya siyasəti də iflasa uğradı

 Paşinyanın informasiya siyasəti də iflasa uğradı
  17 Noyabr 2020    Oxunub:4251
İkinci Qarabağ savaşı azərbaycanlıların Vətən Müharibəsi kimi tarixə düşdü. Ermənistanın kapitulyasiyası, Azərbaycanın isə ərazi bütövlüyünün bərpası ilə yekunlaşan 44 günlük müharibə işğalçının bir sıra hiylə və məkrli siyasətini üzə çıxardı.
İlk gündən ağır itkilər verib geri çəkilən erməni ordusu haqqında İrəvanda “əfsanələr” dolaşması üçün hökumət yalan maşınını, dezinformasiya çarxını işə salmışdı. Lakin hərbi əməliyyatlar dövrü Ermənistan rəhbərliyinin və mediasının öz xalqını feyk məlumatlarla, saxtakarlıqlarla necə aldatmasını əyani şəkildə göstərdi. Paşinyan iqtidarının informasiya siyasəti bütün vasitələrlə Azərbaycanın qələbəsinin inkarçılığı üzərində qurulmuşdu. Hər gün yüzlərlə saxta məlumatı tirajlayaraq, Ermənistan xalqını "qəhrəman ordu" nağıllarına inandırmağa çalışırdılar.

Ermənistan tərəfindən döyüş əməliyyatlarının coğrafiyası və nəticələri barədə uydurmalar o həddə çatmışdı ki, müstəqil informasiya kanallarına, sosial şəbəkələrə müharibə bəhanəsilə çıxışı qapadılmış sadə ermənilər işğalçı ordunun Bakıya çatdığını zənn edirdilər. Bu cür yalan maşınının fəaliyyəti nəticəsində xeyli sayda erməni gənci yalnız döyüş bölgələrinə gətiriləndə necə aldadıldıqlarının fərqinə varmağa başladı.

Azərbaycan Ordusu Hadrutu qəhrəmanlıqla azad etməsinə, orada üçrəngli bayrağımızı dalğalandırmasına baxmayaraq, qarşı tərəf Şuşan Stepanyan (Müdafiə nazirliyinin mətbuat katibi-red) səviyyəsində bunu inkar etdi, hər vəchlə yalan danışaraq xalqın başını qatmaq istəyirdi ki, guya hər şey rəsmi Bakının elan etdiyi kimi deyil...

Təsadüfi deyil ki, hakimiyyətə gələndə azadlıqlar vəd edən Sorosun erməni “demokrat” fiquru (baş nazir Nikol Paşinyan-red) müharibənin ilk günündəcə Ermənistanda sosial medianı ciddi nəzarətə götürdü. Sosial şəbəkələr üzərindən neqativ yazanların hamısı təqib və həbs edildi, bütün müxalif saytlar bağlandı, müstəqil səslər boğuldu, hakimiyyət mediası, müstəqil ekspert kimi təqdim edilən hakimiyyətyönümlü influenser davamlı olaraq cəmiyyətə feyklər ötürdü. Hətta 44 gün ərzində ermənilərin əlinə işləmiş Vladimir Solovyov (Rusiyalı jurnalist -red) da kapitulyasiyadan sonra Paşinyanın troll ordusunu ifşa etdi. O, verilişində videokadrlar yayımlayaraq göstərdi ki, sən demə, Nikolun saxladığı cavan qızlar müharibə boyu xüsusi ofislərdə səhərdən axşama kimi pul müqabilində iqtidarın trolluğunu edib.

Yeri gəlmişkən, 44 gün ərzində nəinki indi Paşinyana qıcıq olan Solovyov, digər “media maşınları” da nələrinsə müqabilində erməni cəmiyyətini feyk nyuslarla təmin etdi. Məsələn, Teleqram kanallarında Baqramyan-26, Aram Qabrielyanovun təsiri altında olan Semen Peqovun “Wargonzo” layihəsi tipli müxtəlif feyk yuvaları erməni xalqını mümkün olduqca həqiqətdən kənar saxladı. Bu resurslar Azərbaycan Ordusunun hər qələbəsini, şəhər, qəsəbə və kəndlərin işğaldan azad olunmasını saxtakarlıqla ört-basdır edir, Ermənistan silahlı qüvvələrinin geri çəkilməyə məcbur edilməsini guya taktiki addım kimi cəmiyyətə sırıyırdı.

Həmçinin, Nikol Paşinyan başda olmaqla Ermənistan müdafiə nazirliyinin təmsilçiləri Şuşan Stepanyan, Artsrun Ovannisyan və digərləri ekran qarşısına çıxaraq erməni xalqını aldadır, sosial şəbəkə hesablarında saxta "qələbə" anonsları verirdi. İnformasiya vakuumunda şirin yalanlar müvəqqəti effekt versə də, son nəticədə hər şeyin üstü açıldı. Ermənistan xalqı 44 gün ərzində aldadıldığının fərqinə vardı.

İndi Paşinyan sözünə etimad qalmayan məmurların yerinə başqalarını gətirməklə, orduda həbslər aparmaqla vəziyyətdən çıxmaq istəyir, yaxud da məsuliyyəti üçüncü şəxslərin üzərinə atmaqla özünü günahsız "mələk" kimi təqdim etməyə səy göstərir.

İllər boyu "məğlubedilməzliyə" inandırılmış və Azərbaycanın gücünü düzgün qiymətləndirməkdən məhrum edilmiş erməni cəmiyyəti artıq acı həqiqətlə üz-üzədir, bilir ki, yalanların hamısı hakimiyyətin sifarişi ilə tirajlanıb. Ermənistanı bürümüş etiraz dalğasında əsas suallar da elə bu məqamlarla sıx bağlıdır.

Hətta erməni jurnalistlər, media nümayəndələri də baş nazirə və onun məlum informasiya siyasətinə qarşı üsyan edirlər. Erməni saytlarında hər gün bu mövzuda xeyli tənqidi yazılara rast gəlmək olar. Görünən odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə yanaşı işğalçı ölkənin iqtidar mediası da xalq arasında etimad limitini tamamilə itirib.

44 günlük döyüşlər vaxtı və ondan sonra Ermənistandan fərqli olaraq ölkəmizdə heç nə gizlin saxlanılmadı, ilk gündən media nümayəndələri operativ şəkildə cəbhədə baş verənlərlə bağlı məlumatlandırıldı. Hətta xarici KİV nümayəndələri cəbhə xəttinə yaxın buraxıldı ki, real durumun nələrdən ibarət olmasını dünya görsün.

Hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına müsahibələr verərək, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Ali Baş Komandan kimi Prezident İlham Əliyev eyni vaxtda həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi. Buna görə də Azərbaycan hərb meydanında olduğu kimi informasiya müstəvisində də düşmən üzərində tarixi qələbə qazandı.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Feyk  





Xəbər lenti