“Qayalara dırmaşaraq Şuşanı azad ediblər” - XTQ-nin qəhrəman döyüşçüləri

 “Qayalara dırmaşaraq Şuşanı azad ediblər” -  XTQ-nin qəhrəman döyüşçüləri
  17 Noyabr 2020    Oxunub:21758
"Müharibələrdə qələbə əldə etmək üçün vacib olan bir neçə məqam var. Bunun formulu canlı qüvvə, vasitə, təminat və motivasiyadır. Bu formul tam olduqda qələbə əldə olunur. Azərbaycan Ordusu qələbə qazandığı döyüşlərdə bu formulu tam şəkildə gerçəkləşdirdi".
Bunu Azvision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. Onun sözlərinə görə, müharibələrdə yüksək texnologiyaların tətbiq edilməsinə baxmayarq, insan faktoru əsas yerdə dayanır:

"Yüksək hazırlıqlı qüvvələr döyüşün taleyini həll edirlər. Hər yerdə tank, top, dron və s. istifadə etmək olmur. Azərbaycanın Vətən Müharibəsində Ordumuzun bütün şəxsi heyəti yüksək dərəcədə mərdlik, cəsarət və döyüş qabiliyyəti nümayiş etdirdi. Əsas zəhməti, əziyyəti olan isə Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri idi. Xüsusi təyinatlı qüvvələrimiz düşmənin ön xəttinin yarılmasından başlamış, Cəbrayıl istiqamətində düşmənin mühasirəyə salınıb məhv edilməsi, Füzuli istiqamətində artilleriya divizionun sıradan çıxarılmasına və yaşayış məntəqələrinin azad edilməsinə qədər xüsusi qəhrəmanlıq göstəriblər. Şuşa döyüşləri isə bizim xüsusi təyinatlılarımızın nə dərəcədə hazırlıqlı olduğunu göstərdi. Bunu xarici jurnalistlər də qeyd etdilər. Xüsusi Təyinatlı Qüvvələr yaradılan 1999-cu ildən bu günə qədər həm ölkə daxilində, həm də xaricdə təlim kurslarında iştirak ediblər. Bu təlimlər onların döyüş qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayıb. Təbii ki, Xüsusi Təyinatlı Qüvvələrimizin şəhidləri də var. Allah rəhmət eləsin. Onlar qəhrəmanlıq nümunələri göstərərək şəhid olublar. Zamanla onlar haqqında məlumatlar açıqlanacaq. Bu döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrlə yanaşı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri də çox yaxından iştirak etdilər və qəhrəmanlıq nümunələri göstərdilər. Yayılan görüntülərdə müşahidə etmək olar ki, xüsusi təyinatlılarımız fövqəladə qəhrəmanlıq göstəriblər. Ağır relyefə malik Şuşa şəhərinin atıcı silahlarla azad edilməsi dünya tarixində görünməmiş döyüş nümunələrindən biridir. Düşmənin orada çox sayda canlı qüvvəsi, hərbi texnikası var olub. Görüntülərdə var idi ki, düşmən tanklardan, artilleriyadan və minaatanlardan istifadə edirdi. Azərbaycan hərbçiləri isə qayalardan dırmaşaraq Şuşa şəhərini azad etdi".



Hərbi ekspert bildirib ki, düşmən tərəfi Azərbaycan Ordusunun qarşısını almaq, hücumu dayandırmaq üçün güclü müdafiə yaratmışdı. O əlavə edib ki, müdafiəni göydə dronlar, yerdə xüsusi təyinatlı qüvvələrimizin döyüşçüləri məhv etdilər:

"Bu döyüşlərlə Azərbaycan xüsusi təyinatlıları regionda ən hazırlıqlı komanda qüvvələri olduğunu bir daha göstərdi. Öz yaralı və şəhidlərini döyüş meydanında buraxmadan qayalarla qalxaraq döyüşlərini davam edirdi. Bunun özü yüksək hazırlığın nümunəsidir. Xüsusi təyinatlıların hazırlığında tək fiziki məşqlər əsas rol oynamır. Eyni zamanda psixoloji hazırlıq da xüsusi əhəmiyyət kəsb edir. Onların görmə və duyma qabiliyyəti normal insanda olduğundan daha güclüdür. Onlar günlərlə ac qalmağı bacarırlar. Çöl, meşə şəraitinə, müxtəlif iqlimlərə alışıblar, müxtəlif psixoloji maneələri dəf edirlər. Xüsusi təyinatlılarımız müasir silah və texniki vasitələrlə təchiz olunub. Zaman-zaman təlimlərdə də bunu müşahidə etmişik. Bir xüsusi təyinatlı hərbi qulluqçu onlarla adi hərbi qulluqçudan daha yüksək döyüş qabiliyətinə malikdir. Xüsusi təyinatlılar zabit və gizilərdən təşkil olunur. Onu da qeyd etmək istərdim ki, bu döyüşlərdə Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin, Hərbi Dəniz Qüvvələrinin və Daxili Qoşunların xüsusi təyinatlı dəstələri də iştirak etdi. Onların arasında şəhid və yaralı olanlar var. Bütün hərbi qurumların xüsusi təyinatlıları döyüşlərdə bir komandanlıq altında bir mərkəzdən idarə olunaraq tapşırıqlarını yerinə yetirdilər".









Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   Şuşa   XTQ   Döyüş  





Xəbər lenti