“Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır” - Politoloq

 “Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır” -  Politoloq
  17 Noyabr 2020    Oxunub:2521
Ermənistanın kapitulyasiyası bu ölkədə gərgin siyasi vəziyyətin yaranmasına səbəb oldu. Bu azmış kimi baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə etiraz edən xalqı aşağılamasından sonra gərginlik daha da artdı.
İndi ölkənin bir nömrəli arzuolunmaz şəxsinə çevrilən Nikolu yaxın ətrafı da meydanda tək qoyur. Paşinyanın məlum statusundan sonra hər gün azı bir məmur vəzifəsindən istefa verir.

Məsələni Azvision.az -a şərh edən politoloq Fikrət Sadıqov deyib ki, İrəvanda yaşananlar Paşinyanın səbatsızlığının nəticəsidir. Ermənistandakı gərgin siyasi vəziyyət isə yaxın zamanlarda sabitləşməyəcək:

“Ermənistanda son zamanlar müşahidə etdiyimiz etiraz dalğası yaxın günlərdə daha da genişlənəcək. Hazırda İrəvanda davam edən siyasi gərginlik hələ uzun müddət çəkəcək. Prosesləri analiz etdikdə o qənaətə gəlirsən ki, Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmazdır. İqtidarda hazırda xalq üçün arzuolunmaz rəhbərə çevrilmiş Nikol Paşinyanın əvəzinə nisbətən güclü siyasətçi olmalıdır. Çünki erməni cəmiyyəti çalışacaq ki, bundan sonra hakimiyyətə müəyyən təcrübəyə malik siyasətçini gətirsin. Yaxud hərbi komandanlıqdan bir nəfəri irəli çəkib hakimiyyət kürsüsündə oturda bilərlər”.

Fikrət Sadıqov qeyd edib ki, hazırda Nikolun qurduğu anormal komandanın hakimiyyətinin uzanmasının bir sıra səbəbləri mövcuddur. Amma onun gedişi mütləq reallaşacaq:

“Qısa zaman kəsiyində gələcəkdə yeni rəhbərin kimliyinin müəyyənləşməsində Rusiya-Qərb dartışması da müşahidə edilə bilər. Çünki hər iki qütb öz dırnaqarası namizədini hakimiyyətə gətirmək istəyəcək. Hər halda Rusiyanın Qafqazın bu kiçik ölkəsindəki təsir gücü daha geniş görünür. Xüsusilə də, rusların Ermənistanda hərbi varlığı bu ölkəyə əsas təsir mexanizmlərindən biridir. Rusiya çalışacaq ki, Ermənistanın baş naziri olacaq yeni namizəd Moskvanın maraqlarına cavab versin. Artıq erməni cəmiyyəti başa düşür ki, əgər xalq olaraq Rusiyaya arxa çevirsələr, bunun ağır nəticəsi olacaq. Məsələn, Dağlıq Qarabağ müharibəsindən bu mövzuda gördükləri az olmadı”.

Fikrət Sadıxov onu da vurğulayıb ki, İkinci Qarabağ savaşı bizim öz gücümüzə əldə etdiyimiz qələbə ilə nəticələndi. İstər Rusiya, istərsə də başqa bir aparıcı dövlət olsun, kimsə bizim torpaqlarımızın azadlığı uğrunda başlatdığımız mübarizəyə mane ola bilməzdi:

“Biz torpaqlarımızı ona görə azad etməyə başladıq ki, faktiki olaraq Paşinyan aktiv şəkildə təxribatlarla məşğul oldu. Artıq münaqişə və müharibə yekunlaşıb. Mən əmin deyiləm ki, bundan sonra, yaxın gələcəkdə Ermənistanla olan münasibətlərimiz normal bir səviyyəyə gəlib çatsın. Çünki uzun illər ərzində adı üstündə olan bu qonşu dövlətin yürütdüyü işğalçı siyasəti, təxribatlarını nəzərə alsaq, yaxın gələcəkdə onların normal mövqe sərgiləyəcəyini proqnoz edə bilmərik. Onlar gərək cəmiyyət olaraq Qarabağ məsələsinə olan münasibətini, siyasətini dəyişdirsinlər.

Dəyişikliklər olmasa, yenə də ərazi iddiaları ilə çıxışlar etsələr, yenidən münasibətlərimiz gərgin olacaq. Amma Ermənistanda artıq anlamalıdırlar ki, regionda sabit şəkildə yaşamaq, bir sıra şanslardan istifadə etmək istəyirlərsə, İrəvan Bakı ilə olan normal münasibətlərini bərpa etməlidirlər. Yeni hakimiyyətin Türkiyə ilə əlaqələri və Ankaraya olan münasibət də dəyişməlidir. Yalnız belə olacağı təqdirdə Ermənistanın gələcək inkişafı haqqında danışmaq olar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: FikrətSadıqov   Paşinyan  





Xəbər lenti