Fransanın erməni sevgisi nədən qaynaqlanır? - İşğalçıya dəstəyin pərdəarxası

Fransanın erməni sevgisi nədən qaynaqlanır? -  İşğalçıya dəstəyin pərdəarxası
  17 Noyabr 2020    Oxunub:4329
Qarabağda 44 günlük müharibə başa çatsa da, Fransa qərəzli mövqeyindən əl çəkmir. Hansı ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Fransanın ədalətli yanaşma ortaya qoyması tələb olunurdu. Biz isə bunun tam əksini görürük.
Heç kimə sirr deyil ki, Fransa hərbi əməliyyatların ilk günündən ermənilərin maraqlarından çıxış edir, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verir. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə mənfur əməllərindən əl çəkmək niyyətində deyil.

Bu gün yayılan məlumata görə, yaxın günlərdə Paris meriyası qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşır. Təbii ki, prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarəti altında olduğu bildirilir.

Paris həm şəhər, həm də departamentdir. Parisin meri eyni zamanda Paris Şurasına rəhbərlik edir. Digər inzibati vahidlərdən fərqli olaraq, paytaxt şəhər tam inzibati azadlığa malik deyil.

Bundan başqa, Paris Fransada polisin merə deyil, prezident tərəfindən təyin olunan polis prefektinə tabe olduğu yeganə şəhərdir. Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini müəyyən edir.

Məlumat üçün bildirək ki, Fransa prezidenti Emmanuel Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası Şurada geniş heyətlə təmsil olunur.

Paris meriyasının atdığı addımlara “İrəli Fransa”nın təsirindən başqa merin özünün də ermənilərə yaxınlığı diqqət çəkir. Aparılan qısa araşdırma göstərir ki, mer Ann İdalqo Fransa erməniləri ilə sıx münasibətdədir. Onun müavinlərindən biri Anuş Toronyan adlı ermənidir. Anuş Toronyan isə sıradan bir şəxs deyil, Fransa ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır.

Meriyanı ermənilərə sıx tellərlə bağlayan xeyli faktlar var. 2015-2018-ci illərdə mer Ann İdalqo Ermənistan prezidenti Serj Sarkisyanla 4 dəfə görüşüb. Həmçinin Ermənistanda yaradılmış “TUMO Center for Creative Technologies” mərkəzinin Paris bölməsinin açılışında iştirak edib və hərtərəfli dəstək göstərib. Bu şirkətin Xankəndi şəhərində də ofisi olub.

Başqa bir diqqət çəkən məqam Parisdə mer seçkiləri keçirilən zaman Ann İdalqonun rəqibi Rəşidə Datinin Azərbaycanla əlaqələri barədə kampaniyanın başında erməni əsilli Murad Papazyan və Ara Tonoyan dayanmasıdır. Yeri gəlmişkən, Fransada erməni təşkilatlarının koordinasiyası şurasının rəhbəri Jan-Mark Ara Toronyanın qızı Anuş Toronyanı öz müavini təyin edib.

Ann İdalqo ermənilərlə əlaqələrini daha da genişləndirib, 2018-ci ildə Fransa ermənilərinin təşkil etdiyi tədbirdə aktiv iştirak edib. Hansı ki, Makron da orda iştirak edib.

Merin Fransada erməni kilsəsinin açılışında iştirak etməsi, qondarma “erməni soyqırımı” ilə bağlı tvitlər paylaşması da diqqət çəkən məqamlardır. İdalqo yalnız tvitlərlə işini bitmiş saymayıb, qondarma "soyqırımın" 100 illiyində çıxış edib. Bundan başqa, mer Yerevanın yubileyi tədbirini də buraxmayıb.

Ümumiyyətlə bütün faktlar onu göstərir ki, Fransa həmsədr ölkə olaraq qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib.

Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri
həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Makron başda olmaqla Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılıq siyasətinə dəstək nümayiş etdirib.

Hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi qiymətləndirmək olar. Bu gün erməni lobbisinin təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərməkdən də çəkinməyib.

Hərbi dəstəyə gəlincə, Fransanın hərbi kəşfiyyatının davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürməsini, bu ölkədən Ermənistana raket sistemləri daxil olmaqla silah-sursat göndərilməsini göstərmək olar. Məlumata görə, hətta Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib…

Bundan başqa, Fransa diplomatları Avropa paytaxtlarında Ermənistanın xeyrinə iş apardı və bu fəaliyyəti indi də davam etdirirlər. Təbii ki, Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri arzuladıqları nəticəni vermir. Azərbaycan işğal altında olan torpaqlarını azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Bu xüsusda əminliklə deyə bilərik ki, Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da nəticə verməyəcək. Bundan əvvəl İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş “DQR”-i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı, məsələ beləcə qısa zamanda unuduldu…

Lakin indiki məqamda görünən odur ki, Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu isə ondan xəbər verir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir.

Yeni reallıq 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanması məqsədi güdən prosesin davam etdirilməsini istisna edir. Fransa bundan sonra da Minsk Qrupunun həmsədri kimi mandatına zidd fəaliyyətini davam etdirəcəyi təqdirdə, prosedurlara uyğun olaraq, Azərbaycan Fransanın həmsədrlik institutundan kənarlaşdırılması və digər ölkə ilə əvəz edilməsi məsələsini qaldıra bilər.

Fransa hakimiyyətinin mövqeyi və cəhdləri həmsədrlik institutunun tam məhv edilməsinə istiqamətlənib. Parisin hazırkı cəhdləri həm də bölgədə atəşkəsin təmin olunmasına və Rusiyanın münaqişənin həlli ilə bağlı göstərdiyi səylərə qarşı yönəlib. Fransa Rusiya və Türkiyənin münaqişənin həlli istiqamətində fəallığını qəbullana bilmir, bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatlığını gizlətmir.

Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırım törətmiş ölkədir. Bu gün bəzi Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır.

Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini qətlə yetirib. Özünü "insan haqlarının və demokratiyanın vətəni" sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib.

Bu gün Fransa rəhbərliyinin ermənilərə sonsuz sevgisinin kökündə qanlı cinayətlər, soyqırım və çoxsaylı qətliamlar dayanır. Hər iki ölkəni birləşdirən dəyərlər məhz bunlardır...

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa  





Xəbər lenti