Bir yoldan daha artıq: Naxçıvanla quru əlaqəsi təkcə Azərbaycanın marağına uyğun deyil - TƏHLİL

  17 Noyabr 2020    Oxunub : 5630
      Bir yoldan daha artıq:    Naxçıvanla quru əlaqəsi təkcə Azərbaycanın marağına uyğun deyil -    TƏHLİL
Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr razılaşmasının 9-cu bəndinə görə, bölgədəki bütün iqtisadi, nəqliyyat əlaqələri bərpa edilir - Azərbaycanın qərb rayonları ilə ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.
Bu, çox böyük tarixi hadisədir. Laçın koridorunun işlək vəziyyətdə saxlanılmasına adekvat olaraq irəli sürülən bu bənd Zəngəzuru itiməyimizdən bəri Azərbaycan üçün ən böyük və misilsiz əhəmiyyət kəsb edən məsələdir. Bunun özü ayrıca bir qələbədir. Bunun iqtisadi əhəmiyyətini və bizə verəcəyi mənfəətin səviyyəsini, səmərəsini hələ ki tam hesablayıb müəyyən etmək mümkün deyil. Əsas məsələ bu bəndin necə reallaşacağıdır. Bunun özü də rus sülhməramlı qüvvələrinin bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Əgər bu dəhliz təhlükəsiz xarakter daşıyarsa və heç olmasa 80-90 faiz səviyyəsində işləyərsə, Azərbaycanın öz hesabına bu infrastrukturu qurması tamamilə realdır. Buna bizim həm gücümüz, həm də iradəmiz çatır. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars Dəmir Yolu kimi iri layihələr gerçəkləşdirən bir ölkəyik. Qərb rayonlarımız ilə Naxçıvan arasında ən müasir standartlara uyğun avtomobil və dəmir yolunun qurulması bizim əlimizdə çox xırda bir məsələdir. Əgər təhlükəsizlik təmin olunarsa, Azərbaycan dövləti sözügedən aralıqda yerüstü avtomobil yolu da çəkə bilər, dəmir yolu da.

Yeri gəlmişkən, Naxçıvanın Türkiyə ilə sərhəd olduğunu da nəzərə alsaq, bu, həm də birbaşa Türkiyə ilə yerüstü əlaqəmizin olacağı deməkdir. Avtomotik olaraq, Avropaya təkcə Gürcüstanla yox, həm də digər yolla çıxa biləcəyik. Uzun illərdir ki, haqqında danışdığımız Böyük İpək Yolunun yeni qolu açılacaq.

Ümumiyyətlə, Azərbaycan-Naxçıvan yerüstü əlaqəsinin olması təkcə Azərbaycan deyil, bütövlükdə region, Cənubi Qafqaz bölgəsinin iqtisadi inkişafı üçün böyük bir töhfədir. Azərbaycanla Naxçıvan arasında ötən 30 il ərzində birbaşa əlaqə mövcud olsaydı və ümumiyyətlə, işğal faktoru aradan qalxsaydı, bizim Avropaya uzanan bir çox mühüm, məşhur regional əhəmiyyət kəsb edən və Avropa üçün böyük səmərə daşıyan bir çox strateji layihələrimiz bu ərazindən keçəcəkdi. Həmin layihələrin bununla həm xərci az olacaqdı, həm də o layihələrdən Ermənistan da kənarda qalmayacaqdı. Bu, onların iqtisadi vəziyyətinə böyük töhfələr verəcəkdi. Amma İrəvan qətiyyən bunu düşünmədi. Əksinə, regionda 30 ilə yaxın Azərbaycan kimi qonşunun ərazisini işğalda saxlamaqla, həm bütün kommunikasiya vasitələrini iflic etdi, həm də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin həyata keçirilməsini 30 ilə yaxın bir müddət ərzində şikəst vəziyyətdə qoydu.

Nəticədə, itirən yenə Ermənistanın özü oldu. Belə ki, ötən müddət ərzində Azərbaycan dövləti heç də aciz qalmadı. Naxçıvan həm İran, həm Türkiyə, həm də hava nəqliyyatı vasitəsilə qeyd olunan müddət ərzində tək qalmadı. Naxçıvana rəsmi Bakı həmişə istənilən yardımı, nəzarəti həyata keçirib, inkişafına yaxından dəstək oldu. Odur ki, ötən 30 il müddət ərzində regionda iflic yaradan Ermənistan yalnız özünü pis vəziyyətə qoyub. Halbuki, götürəcəyi xeyir heç də Azərbaycandan az olmayacaqdı.

Sözün qısası, Azərbaycanın öz tərkib hissəsi olan Naxçıvanla əlaqəsinin, gediş-gəlişinin olmasında Rusiya da, bütövlükdə Avropa və Asiya ölkələri də maraqlı olmalıdırlar. Çünki bunda hər kəsə çatacaq pay mövcuddur.

Ölkəmizdə son illər ərzində nəqliyyat infrastukturu sahəsində hansı işlərin görüldüyü hər kəsə bəllidir. Ələtdə Beynəlxalq Bakı Ticarət Limanı üzrə həyata keçirilən tikinti-quraşdırma işləri, Bakı-Tbilisi-Qars dəmir yolu, istər Qərb-Şərq, istərsə də Şimal-Cənub ikitərəfli istiqamətdə müasir avtomobil yollarının salınması Azərbaycanı böyük dəhlizə çevirib. Bütün bunların fonunda Naxçıvanla da yerüstü əlaqənin təmin olunması bu dəhlizə əlavə töhfədir - özü də yenə məhz Azərbaycan tərəfindən təmin edilən möhtəm bir töhfə. Sadəcə olaraq, bu dəfə ölkəmizin hərbi gücünün diqtəsilə ərsəyə gələn bir töhfə...


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: Naxçıvan   Yol