“Təxribata əl atan Fransa heç nəyə nail ola bilməyəcək” - Rasim Musabəyov

“Təxribata əl atan Fransa heç nəyə nail ola bilməyəcək” -  Rasim Musabəyov
  18 Noyabr 2020    Oxunub:2262
Son günlər Fransanın paytaxtı Paris meriyasının qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımağa hazırlaşması barədə məlumat yayılır. Konkret olaraq mer Ann İdalqonun bu işlə aktiv məşğul olduğu bildirilir. (Ətraflı məlumatla buradan tanış ola bilərsiniz)
İkinci Qarabağ müharibəsinin Ermənistanın ağır məğlubiyyəti ilə başa çatmasından sonra Fransanın separatçılara aşkar şəkildə dəstək nümayiş etdirməsi ortaya ciddi suallar doğurur.

Paris nə istəyir? Fransanı işğalçılarla bağlayan hansı məqamlar var?

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Azvision.az-a açıqlamasında bildirib ki, nəinki Paris, ümumilikdə Fransa ermənilərin təsiri altındadır. Onun sözlərinə görə, Avropanın demokratik dəyərlərdən dəm vuran ölkəsinin ermənipərəst mövqe sərgiləyərək hansısa tanınma mövzusunu ortaya atması heç nəyi dəyişməyəcək:

“Paris meriyası rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa hazırlaşmaları anormal haldır. Lakin bu, baş versə də, heç nə dəyişməyəcək. Belə addımın heç bir hüquqi və siyasi əhəmiyyəti olmayacaq. Sadəcə olaraq acizliyin nümayişidir. Bəzən deyirlər ki, guya Fransa bu addımı ilə nələrəsə nail olmağa çalışır. Bu, yanlış fikirdir. Fransızlar bu cür siyasi təxribatlarla heç nəyə nail olmayacaqlar”.

Politoloq xatırladıb ki, Azərbaycan hələ müharibənin qızğın vaxtlarında tərəf tutacaq həmsədr ölkə ilə münasibətlərə yenidən baxacağını aşkar bəyan etmişdi: “Biz hələ torpaqları azad etməyə başlayanda ermənipərəst mövqe sərgiləyən, dolayısı yolla tərəf tutan ölkəni neytral vasitəçi kimi tanımayacağımızı demişdik. Bir daha qeyd edirəm ki, Paris gedib Antarktidanın da müstəqilliyini tanıya bilər. Bu, heç nəyi dəyişməyəcək. Dünya görür, bilir ki, bu materikdir və harada yerləşir. Eləcə də Qarabağ məsələsində eyni yanaşma var. Artıq münaqişə yekunlaşıb və hansısa müstəqillik davası heç nəyə təsir etməyəcək, bu cür tanımalar mənasız cəhdlərdir. ABŞ-da, İtaliyada da bir neçə şəhər və ya ştat Dağlıq Qarabağı tanıdıqlarını deyiblər. Sonrakı günlərdə nə oldu, nələr dəyişdi? Bunlar formal və mənasız məsələlərdir.

Onsuz da Fransa ilə münasibətlərimiz kifayət qədər aşağı səviyyəyə enmişdi. Bu da Fransa prezidentinin davranışlarına görə baş verdi. Bundan sonra Paris olmur, lap Marsel olsun, Qarabağa dair istənilən yeni neqativ qərar mənasız, əhəmiyyətsiz və adi kağız parçası sayılacaq. Qısası, meriyanın bu planı və hərəkəti cəfəngiyyatdır. Sanki Makron üçün yol açırlar ki, Fransa rəhbəri bizi Qarabağın tanınması ilə hədələsin. Ancaq "müstəqiliyin" tanınması mümkün olan məsələ deyil”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paris   Makron   Qarabağ  





Xəbər lenti