"Ermənistan qadağan olunmuş silahlardan istifadə edib" - Ombudsman
Müvəkkil Səbinə Əliyeva tədbirin mövzusunun aktuallığı və əhəmiyyəti baxımından diqqətəlayiq olduğunu vurğulayıb. Daha sonra Ombudsman fəaliyyətə başladığı ilk günlərdən ölkə daxilində və xaricdə yaşayan vətəndaşlarımızın hüquqlarının səmərəli müdafiəsi sahəsində həyata keçirilən işlər barəsində danışıb. Qeyd olunub ki, Müvəkkilin təşəbbüsü ilə təsisatda yaradılan Çağrı Mərkəzi vətəndaşların müraciətlərinin daha rahat və sürətli şəkildə qəbuluna imkan yaradıb. O bildirib ki, COVID-19 infeksiyası ilə mübarizə məqsədilə ölkədə elan olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Ombudsman təsisatında vətəndaşların canlı qəbulu müvəqqəti dayandırılsa da, müraciətlərin poçt, qaynar xətt, sosial şəbəkələr vasitəsilə və onlayn formada qəbulu davam etməkdədir.
Müvəkkil bildirib ki, pandemiya dövründə silahlı münaqişələrin dayandırılması ilə bağlı beynəlxalq səviyyədə çağrışların edilməsinə baxmayaraq, Ermənistan rəhbərliyi Azərbaycana qarşı hərbi təxribatlarını davam etdirərək mülki yaşayış məntəqələrini ağır silahlardan atəşə tutub. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən mülki yaşayış məntəqələrini müntəzəm şəkildə atəşə tutduğunu bildirib və Azərbaycanın həm əhalisini, həm də ərazi bütövlüyünü qorumaq məqsədilə əks-hücum əməliyyatlarına başladığını qeyd edib.
Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyini bildirən Müvəkkil Azərbaycanın raket atəşinə məruz qalmış şəhər və kəndlərində müxtəlif vaxtlarda 6 faktaraşdırıcı missiya həyata keçirdiyini və əldə etdiyi dəlillər əsasında aralıq hesabatlar hazırlayaraq aidiyyəti beynəlxalq qurumlara göndərdiyini diqqətə çatdırıb.
Tədbirdə məruzə ilə çıxış edən Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç da Müvəkkil Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda raket hücumları ilə dağıdılan mülki yaşayış yerlərinə gedərək yerində araşdırma apardığını və bununla əlaqədar hesabat hazırladığını bildirib.
Daha sonra tədbir digər məsələlərin müzakirəsi ilə davam edib.
Azvision.az
Teqlər: Ombudsman