“Putin İrəvana ciddi xəbərdarlıq etdi” - Qarabağa dair mühüm mesajlar

 “Putin İrəvana ciddi xəbərdarlıq etdi” -  Qarabağa dair mühüm mesajlar
  19 Noyabr 2020    Oxunub:6187
Rusiya Prezidenti Vladimir Putin ötən gün KİV-ə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra vacib məqamlara toxunub. Rusiya lideri Qarabağın tarixən Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyərək 44 günlük müharibəni Ermənistana təcavüz deyil, rəsmi Bakının ərazi bütövlüyünü bərpa etməsi kimi qiymətləndirib.
Bundan başqa, Putin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan söz açaraq bildirib ki, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu ölkənin intiharı deməkdir.

Rusiya liderinin Qarabağla bağlı fikirlərini Azvision.az-a şərh edən politoloq Sahil İskəndərov deyib ki, Vladimir Putinin belə geniş müsahibə verməsinə ehtiyac yaranmışdı. Çünki Rusiyanın sağlam məntiqə söykənən lideri kimi onda bəzi məqamlar narahatlıq doğurub:

“Təəssüflər olsun ki, Rusiya və digər ölkələrdəki ifrat ermənipərəst qüvvələr məlum üçtərəfli anlaşmayla bağlı arzuolunmaz fikirlər səsləndirirdilər. Bu da Putini narahat etməyə bilməzdi. Bu mənada dünən kamera qarşısına çıxaraq bəzi məqamlara aydınlıq gətirdi. Putin əslində bütün beynəlxalq təşkilatların qəbul etdiyi, rəsmi sənədlərdə qeyd edilən və Rusiyanın da həmsədr dövlət olaraq dəstəklədiyi Azərbaycanın ərazi bütövlüyü məsələsini qabartdı. O, bu məsələni konkret olaraq öz dili ilə daha açıq, bütün cəmiyyət üçün başa düşülən şəkildə ortaya qoydu. Bundan əlavə, Putin müharibənin əvvəlində olduğu kimi yenə bəyan etdi ki, biz heç vaxt Ermənistanı tək buraxmamışıq, bu ölkə ilə aramızda olan müqavilələrlə bağlı həmişə öz öhdəliklərimizə sadiq qalmışıq. Amma o, həmişə olduğu kimi indi də
bir məsələni diqqətə çatdırdı ki, Azərbaycan Ermənistanın ərazisinə nə təcavüz edib, nə də təhlükə yaradıb. Putin dəfələrlə vurğulamışdı ki, onlar KTMT çərçivəsində müharibəyə qarışa bilməzlər. Bu dəfə də aşkar şəkildə dedi ki, döyüşlər Azərbaycan ərazisində getdiyi halda Rusiya olaraq müharibəyə qarışa bilmərik. Faktiki olaraq Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib. Putin mövqeyini dünənki müsahibəsində daha geniş şəkildə bütün detalları ilə açıqladı”.



Politoloqun fikrincə, Putin dolayısı ilə izah etdi ki, Ermənistanda, elə Rusiyanın özündə də bəzilərinin iddia etdiyi kimi Moskva İrəvanı satmayıb: “Rusiya hansı ərazidə müharibə aparmalı idi? Suveren ölkə olan Azərbaycan ərazisində? Bu ölkə öz qanuni ərazilərini işğaldan azad edir. Həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət, həmsədr dövlət olan Rusiya bu torpaqları Azərbaycanın əraziləri kimi tanıyır. Yeri gəlmişkən, Putin bilərəkdən bu amili xüsusi olaraq vurğuladı ki, hətta Ermənistan belə məntiqi baxımdan azad edilən bölgənin Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Çünki əgər belə deyildisə, Ermənistan niyə indiyə kimi Dağlıq Qarabağ və işğalda qalan ətraf rayonların müstəqilliyini tanımırdı? Yaxud da bu torpaqları Ermənistan ərazisi elan etmirdi. Əgər Ermənistan özü bu addımı atmayıbsa, demək İrəvan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sözügedən torpaqların məhz bizə məxsus olduğunu etiraf edir. Rusiya rəhbəri dolayısı ilə fikrini belə çatdırı- sən özün belə davranırsansa, bunun qarşılığında Rusiya nə etməli idi? Zənnimcə, Moskva Ermənistana bu illər ərzində heç bir əsas verməyib ki, İrəvan bu cür yanlış, beynəlxalq hüquqa zidd addım atsın. Loru dildə desək, Putin hazırkı reallığın qarşılığında İrəvana “niyə indi nala-mıxa vurursuz axı” mesajını verdi. Ermənistanın Rusiyadan öz maraqları üçün istifadə etməsi halları az olubmu?”.

Sahil İskəndərovun sözlərinə görə, Putin birmənalı şəkildə qarşı tərəfə fikrini çatdırdı ki, Ermənistanda heç kim rus qoşunlarının gəlib bu ölkənin təcavüzkar siyasətinə şərik olacağı ilə bağlı xam xəyallara dalmasın. İkinci bir tərəfdən açıq şəkildə erməni cəmiyyətinə mesaj ünvanlandı ki, sazişdən kənar addım atılmamalıdır. Çünki nəinki, müxalifət və erməni cəmiyyəti, sənədə qol atan Paşinyanın özü də yeri gələndə məlum razılaşmanı adi anlaşma, kağız parçası sayıb, onu cırıb atmağın mümkünlüyünü dilə gətiriblər:

“Bəziləri isə bir qədər uzağa gedərək deyir ki, revanş götürmək lazımdır. Onlar Nikolu hakimiyyətdən atıb revanşistlər kimi əraziləri qaytarmağı düşünürlər. Əgər o ərazilərdə rus sülhməramlıları dayanırsa, bu ilk növbədə Rusiyanın bir dövlət kimi prestiji məsələsidir. İkinci bir tərəfdən məsələnin həllində əsas vasitəçi Putin idisə, müqavilədən kənara çıxmaq Rusiyanın nüfuzuna ciddi zərbə ola bilər. Təsəvvür edin ki, cırtdan bir ölkə artıq öz ağasının da sözünə qulaq asmaq istəmir. Məncə, Putin bu baxımdan qarşı tərəfə ciddi xəbərdarlıq etdi ki, kimsə xəyal qurmasın. Çünki belə plana cəhd olsa, ilk növbədə İrəvan özü uduzmuş sayılacaq. Ona görə ki, bu cür situasiyanın yaranacağı təqdirdə, Azərbaycanın əl-qolu daha geniş açılacaq. Rəsmi Bakı belə siyasi dərəbəyliyin müqabilində Xankəndinə də girib rus sülhməramlılarının Qarabağdan çıxarılmasını xahiş edə bilər. Putin gözəl anlayır ki, hər şey sıfırdan başlasa, Azərbaycan Ordusu sona qədər irəli gedəcək”.

Politoloq onu da vurğulayıb ki, Azərbaycan Prezidentinin humanist yanaşması və Putinin səyləri nəticəsində müharibənin qarşısı alındı. Əslində Rusiya lideri öz nüfuzunu ortaya qoymaqla ermənilərə növbəti dəfə şans yaratdı. Azərbaycan Prezidenti isə dünyaya humanizm nümunəsi göstərdi:

“Ölkəmiz əsas məqsədinə nail oldu, öz ərazi bütövlüyünü bərpa etdi. Putin həm Ermənistandakı, həm Rusiya daxilindəki, həm də beynəlxalq aləmdəki bəzi qüvvələrə, xüsusən də Avropada Fransa, Niderland kimi dövlətlərə mesaj göndərdi ki, Moskva ona qarşı şantajlarla razılaşmayacaq. Putin belə şeyləri bağışlayan adam deyil. O, hazırda özünün, həm də Rusiyanı nüfuzunu ortaya qoyub. Ermənistan artıq Rusiyanı da saymazlıqdan gələcəksə, sülhməramlılara ehtiyac yaranmayacaq. El dili ilə desək, konkret şəkildə bəzi qüvvələrə xəbərdarlıq ünvanlandı ki, artıq “bu xına o xınadan deyil!”.

Yeri gəlmişkən, Putin Türkiyənin proseslərdə iştirakı ilə bağlı Rusiyadakı və Qərbdəki bəzi qüvvələrin hikkələrini də sakitləşdirdi. Müsahibədə ən maraqlı məqamlardan biri də bu idi. Putin qardaş ölkə ilə olan əməkdaşlığımıza ən azı neytral yanaşdı. Dedi ki, burada qeyri-adi heç nə yoxdur. Azərbaycan suveren dövlətdir və kimi istəyərsə, onunla da əməkdaşlıq edər. Türkiyənin regiondakı rolu ilə bağlı Putinin dediyi məqamlar Rusiyada və digər yerlərdə ermənilərin yüz illik konyaklarından içib beyinləri qızan bəzi qüvvələrə mesaj sayıla bilər. Qısası, belə bir müsahibəyə ehtiyac yaranmışdı və Putin verə biləcəyi mesajlarını verdi. O daha çox Rusiya cəmiyyətindəki arzuolunmaz ab-havanı gördü və bu fikirlərini ortaya qoymağı vacib saydı. Bununla da çox yaxşı bir gediş etdi!” .

Tural Tağıyev
Azvision.az


Teqlər: Putin   Qarabağ  





Xəbər lenti