Düşmən məzarlıqları da minalayıb - “Ruhlar şəhəri”nə çevrilən Füzulidən FOTOLAR

 Düşmən məzarlıqları da minalayıb -  “Ruhlar şəhəri”nə çevrilən  Füzulidən FOTOLAR
  20 Noyabr 2020    Oxunub:2959
"Ötən gün bir qrup yerli və xarici media nümayəndəsi ilə işğaldan azad olunmuş Füzuli rayonuna səfər etdik. İşğaldan azad olunmuş Qərvənd, Qorqan kəndləri və Füzuli şəhərində olduq. Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış ağ fosforlu mərminin zərərsizləşdirilməsi prosesini izlədik. Bundan əvvəl də Füzuli rayonu ərazisinə iki ədəd belə mərmi atılmışdı. Döyüş əməliyyatlarının gedişində ermənilər mülki əhalinin yaşadığı yerlərə ağ fosforlu mərmilər atıb. Yəqin ki, bundan sonra da belə sursatlar tapılacaq".
Bunu Azvision.az-a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. Onun sözlərinə görə, müasir dünyada müharibənin yaşatdığı cəhənnəmi, xarabalığı görmək istəyən varsa, bunu Füzuli, Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərdə görə bilər:

"Müharibədən əvvəl Füzulinin 110 min əhalisi var idi. 1994-cü ildə yaşayış məntəqələrindən 12-si geri alınmışdı. Həmin yerlərdə müasir qəsəbələr salınıb, abadlıq işləri aparılıb. Düşmənin işğalından azad olunan yeni ərazilərə baxdıqda konkret xarabalıqdır. Oradakı yaşayış məntəqələri yer üzündən silinib. Ərazilərdə gəzəndə təsəvvür edə bilmirsən ki, vaxtilə burada yaşayış olub. Səfər zamanı Füzuli şəhərində olduq. Oranı qısa ifadə etsəm ruhlar şəhəri adlandırardım. Müharibədən öncə uşaqlıqda Füzuli şəhərində çox olmuşam. Şəhər tarixi ərazi kimi xatirəmdə qalmışdı. İndi isə orada bir yaşayış binası belə salamat qalmayıb. 27 ildir dağıdılmış şəhər cəngəlliyi xatırladır. Ev sahibləri var ki, öz evlərini tapa bilmirlər, küçələr itib. Şəhərin məscidini, qəbiristanlığını darmadağın ediblər. Şəhərdə bir arka qalıb ki, orada da bayrağımız dalğalanır. Ondan başqa bir tikili qalmayıb. Bu, düşmənin necə vandalizm törətdiyinin əyani sübutudur. Füzuli rayonundan olan biri kimi bu mənzərələri görmək mənim üçün ağırdır. Düşünürsən ki, insan bu qədər qəddar, manyak ola bilərmi? Məzarlıqları tamamilə dağıdıblar. Buna qədər çox müharibələr olub. Bunların etdiklərinə bir ad tapmaq çətindir. Şəhərin ərazisində və eləcə də ətraf kəndlərdə buldozer, ekskavator var idi. Bu, onu göstərir ki, yandırıb, sökdükləri binaların daşlarını bünövrəsinə qədər dağıdıb yer üzündən silməyə çalışıblar. Yəni, burada heç bir ev olmadığını desinlər. Bundan öncə etdiyim səfələrdə görmüşdüm ki, bir neçə məsciddə donuz saxlayırdılar. Qarğabazarda Şah Abbas karvansarasını tövləyə çeviriblər. Bunları görmək ağırdır. Onların özlərinin məskunlaşma etdiyi kəndlərdə daşlarına, darvazalarına qədər bizim kəndlərdən söküb apardıqlarıdır. Qəbiristanlıqların başdaşlarını söküb səngərlərin qarşısında müdafiə üçün istifadə ediblər. Həmçinin, səngərlərdə yerə döşəyiblər. Bunlar kimi vəhşi ikinci bir millət düşünə bilmirəm".



Əslən Füzulidən olan R.Süleymanov bildirib ki, düşmən həmin ərazilərdə eşalonlaşmış müdafiə xətti yaratmışdı.

"Cənab Prezident də çıxışı zamanı onların bu istiqamətdə yaratdığı müdafiə zolaqları barədə bildirmişdi. Orada illərlə yaradılmış mühəndis-istehkam işləri var idi. Keçilməz bir mövqe qurmuşdular. Bir-biri ilə əlaqəli, dərinliyi 3 metr, eni isə 3-5 metr olan dərin xəndəklər var idi. Onların bir-birinə keçidləri, tunellər şəbəkəsi yaradılmışdı. Tanklar irəlilədiyi zaman o xəndəyə düşərək çıxılmaz vəziyyətdə qalırdı. Onların üzərindəki boş yerlər minalanıb, tikanlı məftillərlə və müxtəlif maneələrlə keçilməz hala salınmışdı. Burada görünən o idi ki, Azərbaycan Ordusu düşmənin birinci eşalonuna girdikdə ikinci xəttə çəkilən ermənilər birinci mövqeləri minaatanlarla atəşə tutub. Bu qayda ilə ikiyə daxil olduqda üçüncü xəttə çəkilib müdafiə olunublar. Bu formada davam edib. Ərazi relyefindən istifadə edərək yüksəklikdə uzunmüddətli atəş nöqtələri yaratmışdılar. Orada minalı sahələr çoxdur. Xüsusilə də düşmən qəbirstanlıqları minalı vəziyyətdə saxlayıb ki, insanlar ilk dəfə ora gedəndə mina və partlayan sursatların qurbanı olsunlar. Məlumdur ki, insanlar işğaldan azad olunmuş ərazilərə gedəndə ilk olaraq qəbiristanlıqlara gedərək yaxınlarının məzarlarını ziyarət edir, Quran oxuyurlar. Həmin ərazilərdə düşmənin məhv edilmiş tankları, piyada döyüş maşınları (PDM) var idi. Onların çoxu Azərbaycan Ordusunun tətbiq etdiyi müsir silahlar nəticəsində əriyib. Təbii ki, onların içindəki ekipaj da məhv olub. Oradan sağ çıxmaq mümkün deyil. Həmçinin, erməni hərbçilərinin atıb qaçdığı geyimləri, silahları gördük. Xeyli vurulmuş texnikaları var. Çox sayda qənimət götürülən yük avtomobilləri gördük. Həmin texnikalara baxanda görünür ki, onların heç birində təmir və modernizasiya işləri aparılmayıb. Çox sayda döyüş sursatını qoyub gediblər. Qorqan kəndi yaxınlığında diqqətimi çəkən maraqlı məqam oldu. Düşmən örtülü mövqelərinin birində kustar üsulla hazırlanmış raket qurğusu var idi. Biz bu tip qurğuları Suriyada, İraqda gedən döyüşlərdə görmüşük. Bunlar da sübut edir ki, həmin qurğuları ermənilərin xaricdən cəlb edtiyi terrorçular hazırlayıb. ANAMA həmin qurğuların məhv edilməsi üçün fəaliyyətə başlayıb. Bu kənddə ermənilərin yaratdığı bölüyün dayaq məntəqəsində olduq. Oradan atıb qaçdıqları silah-sursatların bir qismini gördük. Orada çox bərbad bir şərait var idi. Görünən o idi ki, onlar əsgərlərini şəraitsiz və bərbad bir yerdə saxlayıblar".



Hərbi ekspert qeyd edib ki, Füzuli döyüşlərində Azərbaycan Ordusu çox böyük qəhrəmanlıq göstərib: "Tərtər Vətən Müharibəsnin Stalinqradı idisə, Füzuli Kursk döyüşü idi. Burada ağır döyüşlər getdi. Düşmənin sədlərinin yarılmasında şəhidlərimiz oldu. Düşmən böyük itkilərə məruz qaldı. Yüzlərlə döyüş texnikası məhv edildi və qənimət götürüldü. Düşmənin bəzi ərazilərdə üfunət qoxusu verən cəsədləri qalmaqdadır. Bundan əvvəl etdiyim səfərdə qarşılaşdığım bir məsələni qeyd etmək istərdim. Məscidləri donuz fermasına çevirən düşmənin həmin dördayaqlıları ermənilərin döyüş meydanında qalan cəsədlərini yediyinin şahidi olmuşam. Bu əməllərinin cəzasını Allah onlara göstərdi. Bu mənzərəni orada gördüm. Biz də istərdik müharibə olmasın, insan itkisi olmasın. Lakin bunu anlamayan düşmən illərlə özünə gələ bilməyəcək zərbə aldı. Füzuli döyüşləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Yaxın zamanlada Füzuli ərazisi minalardan təmizlənəcək, abadlıq işləri aparılacaq. Yeni şəhərlər və qəsəbələr salınacaq. Hamı inanır ki, tezliklə dövlətimiz işğaldan azad olunan ərazilərdə həyatı bərpa edəcək. İnsanlar əvvəlki kimi orada yaşayacaq".























Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ekspert   Füzuli  





Xəbər lenti