“Fransa həmsədrlikdən uzaqlaşdırılsın!” - Deputatlardan etiraz

“Fransa həmsədrlikdən uzaqlaşdırılsın!” -  Deputatlardan etiraz
  20 Noyabr 2020    Oxunub:3021
“Fransa müharibənin ilk günündən Ermənistanı dəstəkləməklə məşğuldur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O bildirib ki, belə davranışlar Azərbaycan-Fransa münasibətlərinə ciddi təsir göstərəcək: "Sentyabr 27-dən etibarən Vətən Müharibəsi başladı. Ayın 30-dan isə Fransa cəfəng fikirlərlə çıxış etdi. Amma daha sonra öz fikirlərini geri götürüblər. BMT-nin 1993-cü ildə Azərbaycanın lehinə verdiyi qətnamələrin ləğv edilməsi üçün ən çox kim canfəşanlıq edir? Yenə də Fransa. Bütün bunları nəzərədən qaçırmaq olmaz".

Deputat Cavanşir Feyziyev isə bildirib ki, münaqişə ərzində Fransa mediasında hadisələri obyektiv şərh edən siyasətçi və jurnalistlərə qarşı ciddi təzyiqlər olub. O, bütün bu təzyiqlərə son veriləcəyinə ümid edir:

"Fransanın münaqişə ilə bağlı qızışdırıcı siyasəti qəbuledilməzdir. Təklif edirəm ki, Minsk Qrupuna daxil olan Fransanın başqa bir dövlətlə əvəz olunması üçün Azərbaycan dövləti müraciət etsin".

Deputat Tural Gəncəliyev də çıxışında Fransa məsələsinə toxunub. O deyib: “ATƏT-in Minsk qrupunun üzvü kimi Fransanın obyektiv tərəf tutmasını gözlədiyimiz halda onlar bunun əksini etdi. Fransa 1 milyona yaxın məcburi köçkünün hüquqlarının pozulduğu bir vaxtda qeyri-obyektiv mövqe sərgilədi”.

Deputat xatırladıb ki, Əhmədiyyə Cəbrayılov kimi qəhrəmanlar vaxtilə Fransa cəbhəsində döyüşüblər. Fransa prezidenti Şarl de Qol vaxtında bunu qiymətləndirərək ona orden verib. T.Gəncəliyev, həmçinin qeyd edib ki, Fransanın siyasi rəsmiləri beynəlxalq normalara uyğun mövqe sərgiləməlidir.

Deputat Fəzail Ağamalı Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin Fransadakı səfirini məsləhətləşmə üçün geri çağırmasını təklif edib: “Fransa Senatı qondarma Dağlıq Qarabağın müstəqilliyini tanısa, Fransa ilə əlaqələri kəsmək lazımdır”.

“Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. Şübhəsiz ki, bu gün işğal etdiyi ərazidən çıxmaq istəməyən goreşənlərə tərəf duranlarolacaq” - bunu deputat Aydın Mirzəzadə deyib. O bildirib ki, dünya ictimaiyyəti Azərbaycanın işğal altında olan torpaqlarından çıxan ermənilərin yaşayış evlərini yandırmasını, vəhşiliklərini bir daha gördü:

"Təbii ki, Azərbaycanın qələbəsini öz qələbəsi kimi qeyd edən Türkiyə hökumətinə, Pakistan hökumətinə böyük təşəkkür düşür. Amma aydın məsələdir ki, bu məsələdə düşmənin mövqeyini dəstəkləyənlər tapılacaq"

Daha sonra çıxış edən deputat Vahid Əhmədov vurğulayıb ki, Prezidentin 10 noyabr tarixində imzaladığı bəyanatı Fransa qəbul etmək istəmədi. Çünki Fransa tarix boyu Ermənistanın yanında olub. Bu səbəbdən Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz: "Onlar birtərəfli mövqe tutdular. Fransanın ATƏT-ın Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması məsələsi irəli sürülməlidir. Əks halda, biz də Türkiyənin Minsk Qrupuna daxil olmasını tələb etməliyik".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Fransa  





Xəbər lenti