“Ağdama bayraqla tankın üstündə qayıdırıq”

“Ağdama bayraqla tankın üstündə qayıdırıq”
  20 Noyabr 2020    Oxunub:2633
“Təsəvvür etməzdim ki, 28 ildən sonra Ağdama tank belində bayrağımızla qayıdacağıq. Bu hissləri ifadə edən sözlər tapa bilmirəm”.
Bunu Azvision.az -a Xalq artisti Ramiz Quliyev deyib. Tanınmış tarzən doğma yurdu Ağdamın erməni işğalından azad olunmasının sevincini yaşadığını deyib.

“Ölmədim bu günü də gördüm. Qarabağın hər tərəfi, hər dilbər guşəsi bizim üçün əzizdir. Amma Ağdam mənim üçün iki dəfə əzizdir. Uşaqlıq günlərim, gəncliyim orda keçib. Ağdam deyəndə yadıma tarixi şəxslər, müəllimlər, muğam mərkəzləri, teatr gəlir. Ağdam çörək zavodunun ətri üçün burnumun ucu göynəyir. Məscidimizi ziyarət etməyi həsrətlə gözləyirəm.

Səhər, günorta, axşam qəlbimlə, tarımla namaz qılıram, dua edirəm. Ağdam ən çox şəhid verən bölgələrimizdən biridir. Anamın, atamın qəbri də oradadır. Gecə bir saniyə belə gözümü yumamışam. Sevincimdən yata bilmədim. Ağdama bayraqla tankın üstündə qayıdırıq. Bu şərəfdir, şöhrətdir. Azərbaycan xalqının əsgərləri tarixə bu millətin qəhrəman olduğunu yazdılar. Ali Baş Komandan bizə tarixi qələbənin sevincini yaşatdı. Prezidentin xalqına güvənməsi, xalqın da ona inamı nəticəsində yüksək nəticə əldə etdik. Bundan sonra da böyük təntənəli hadisələrin şahidi olacağıq. İşğaldan azad olunan yerlərimizin mədəniyyətində iştirak edəcəyik. Mədəniyyət varsa, millət olacağıq. Mən çox ölkəni gəzmişəm. Azərbaycan xalqı kimi mehriban, mərd xalq yoxdur”, - deyə Xalq artisti bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ağdam   RamizQuliyev   Tarzən  





Xəbər lenti