Prezident: “Onların ordusu oğrulardan ibarətdir”

 Prezident: “Onların ordusu oğrulardan ibarətdir”
  20 Noyabr 2020    Oxunub:2317
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində deyib.

"Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim. O müvəqqəti yoldur, amma hər halda, bu yoldan istifadə etmək olar. Yəni, bütün bu işləri biz görəcəyik və bizim böyük qayıdış planımız hazırda tərtib edilir.

Fon der Leyen Prezidentimizi təbrik edib
Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz. Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar.

Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq.

Ancaq Ermənistan o tarixi şansı itirəcək. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu", - dövlət başçısı çıxışında qeyd edib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti