"YAP-ın yaradılması siyasi tarixin parlaq səhifələrindən biridir" - Əli Əhmədov

"YAP-ın yaradılması siyasi tarixin parlaq səhifələrindən biridir" -    Əli Əhmədov
  21 Noyabr 2020    Oxunub:1768
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 28 il bundan əvvəl yeni müstəqilliyinə qovuşmuş Azərbaycan o zaman ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvləri ucbatından ağır böhran içərisində boğulur, qeyri-sabitlik ölkədə tüğyan edir, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu.
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları əmin idi ki, cəmiyyətimizin özünəqayıdışının təmin edilməsi qüdrətli şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində mümkün ola bilər.

"Bu da Azərbaycanı məhv olmaqdan xilas etmək üçün Yeni Azərbaycan Partiyasının yaranması vasitəsilə Heydər Əliyevin hakimiyyətə qayıtmasını təmin etməkdən ibarət idi. Buna görə də 28 il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təsis olunmasını Azərbaycan cəmiyyəti, əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. İlk öncə böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində böyük nəticələr əldə olundu. Bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən torpaqlarımızın azad olunması ilə nəticələndi. Düşünürəm ki, Yeni Azərbaycan Partiyası uğurlu taleyi olan siyasi təşkilat hesab oluna bilər”.

YAP sədrinin müavini qeyd edib ki, bütün bu nailiyyətlər bir partiyanın öz tarixi missiyasını və xalq qarşısında üzərinə götürdüyü öhdəlikləri layiqincə, ləyaqətlə yerinə yetirdiyinə sübut kimi qiymətləndirilə bilər. Yeni Azərbaycan Partiyası indiyədək qalibiyyətlər, qələbələr, zəfərlər partiyası kimi fəaliyyət göstərib və onun bundan sonrakı fəaliyyəti də yeni-yeni nailiyyətlərlə müşayiət olunacaq.

Azvision.az


Teqlər: YAP   Əli-Əhmədov  





Xəbər lenti