Ədliyyə orqanlarının yaradılmasından 102 il ötür

Ədliyyə orqanlarının yaradılmasından 102 il ötür
  22 Noyabr 2020    Oxunub:1779
Noyabrın 22-də Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 102 illiyi tamam olur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Azvision.az xəbər verir ki, müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf edir. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb.

Azərbaycan ədliyyəsi ölkəmizin dövlət müstəqilliyinin bərpasından sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Belə ki, 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə rolu artıb. Ulu Öndərin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

2006-cı ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.

Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib.

Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilir, bu məqsədlə müasir infrastruktur yaradılır. Son illər ərzində dövlət büdcəsi hesabına və Dünya Bankı ilə birgə 50-dək məhkəmə üçün müasir bina və komplekslərin layihələri hazırlanıb, 9 məhkəmə binası və 6 məhkəmənin yerləşdiyi 2 məhkəmə kompleksi tikilərək istifadəyə verilib. Bir çox bina və komplekslərin açılışlarında Prezident İlham Əliyevin şəxsən iştirakı, müvafiq tövsiyə və tapşırıqlarını verməsi dövlətimizin başçısının bu sahəyə yüksək diqqət və qayğısının göstəricisidir.

Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılmış və artıq bütün dünyada Azərbaycan brendi kimi məşhurlaşmış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən notariat və qeydiyyat orqanları tərəfindən 5 milyondan çox əməliyyat aparılıb və verilən sənədlərin 40 faizdən çoxu məhz ədliyyə qurumlarının payına düşüb.

Mütərəqqi islahatlarımıza beynəlxalq marağın nəticəsidir ki, ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası məhkəmə sisteminin inkişafına görə Azərbaycanı öncül ölkə kimi qiymətləndirib.

Fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə dünyada mövcud ən mütərəqqi təcrübələrin tətbiqi baxımından proqram xarakterli sənəddir. Dövlətimizin başçısının bu Sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması istiqamətində tədbirlər ən yüksək səviyyədə ardıcıl şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin ötən il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılmasına dair tədbirlərin davam etdirilməsi tapşırılıb. Bu Fərmanın əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır.

Hazırda ədliyyənin bütün sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə böyük diqqət yetirilir. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar nazirlik tərəfindən hazırlanan və elektron notariat informasiya sisteminə və aidiyyəti məlumat banklarına birbaşa çıxışı olan “Elektron notariat çantası” vasitəsilə istənilən yerdə notariat hərəkətlərini aparmaq mümkündür. Yalnız Azərbaycanda mövcud olan “Elektron ədliyyə köşkü” vasitəsilə təxirəsalınmaz hallarda məsafədən notariat hərəkətləri aparmaq olar. Bu qurğular videoəlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Həmçinin “Mobil notariat” proqramını telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir. “Mobil elektron məhkəmə” proqram təminatı isə ölkəmizdə ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirib, məhkəməyə müraciət imkanlarını genişləndirib və ədalət mühakiməsi mexanizmlərinin səmərəliliyini artırıb. Təqdirəlayiq haldır ki, bu innovasiyaların tətbiqi beynəlxalq hüquq ictimaiyyətində böyük maraq doğurub. Bir sıra ölkələr Azərbaycanın bu təcrübəsindən bəhrələnməyə maraq göstərirlər.

Prezident İlham Əliyevin tapşırığına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün əməli tədbirlər görülüb, bu sahədə Dünya Bankı ilə yeni razılaşma imzalanaraq icrasına başlanılıb.

Dövlətimizin başçısının Azərbaycan ədliyyəsinə yüksək diqqət və qayğısının daha bir nümunəsi də bu sahədə çalışan əməkdaşların mütəmadi qaydada təltif olunmasıdır. Bu yüksək diqqət və qayğı ölkəmizdə ədliyyə sahəsində daha böyük uğurların qazanılacağına qəti inam yaradır.

Azvision.az


Teqlər: Ədliyyə  





Xəbər lenti