“Fransa Senatı erməni lobbisinin əlində oyuncağa çevrilib” - Hulusi Kılıç
Fransa Senatının erməni lobbisinin əlində oyuncağa çevrildiyini xatırladan səfir deyib ki, parlament özünü elə aparır, sanki baş verənlərdən tamamilə xəbərsizdir. Məlum münaqişənin nizamlanması ilə bağlı Ermənistanın baş naziri təslimçilik sənədinə özü imza atıb. Azərbaycan bütün dünya tərəfindən qəbul olunan ərazi bütövlüyünü bərpa edir. Fransa Senatında təmsil olunanlar yaxşı bilirlər ki, bu istiqamətdə Türkiyə ilə Rusiya arasında da memorandum imzalanıb.
Minsk qrupuna həmsədr ölkələrin Ermənistan-Azərbaycan münaqişəsində bitərəf olmasını beynəlxalq hüququn tələbləri kimi dəyərləndirən səfir Hulusi Kılıç Azərbaycanı hazırkı mövqeyindən geri çəkməyə heç bir qüvvənin olmadığını vurğulayaraq deyib: “Vaxtilə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin ayrı-ayrı strukturlarının bundan sonra buna zidd olaraq qəbul edəcəkləri qanun və ya qərar ancaq qərəzli kağız parçası olacaq. Ötən otuz ilə yaxın zaman kəsiyində bütün dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələri barədə kifayət qədər məlumat əldə ediblər. İndi nə dəyişdi ki, birdən –birə Azərbaycana qarşı düşmənçilik açıq frazaya keçdi? Deməli, bunlar təsdiq edirlər ki, Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədikləri üçün aqressivləşiblər”.
Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyən səfir deyib ki, sülhsevər, ədalət axtaran, haqq və hüquqdan danışan dünya ictimaiyyəti real vəziyyətlə bağlı ədalətli çağırış etməlidir. Beynəlxalq hüquq öz sözünü deməlidir ki, gələcəkdə belə hallar təkrar olunmasın.
Azvision.az
Teqlər: HulusiKılıç