“Vəziyyət ağırlaşanda həkimə müraciət edirlər” - Nazirlik

 “Vəziyyət ağırlaşanda həkimə müraciət edirlər” -  Nazirlik
  24 Noyabr 2020    Oxunub:1780
Son günlər koronavirusa yoluxma nəticələri göstərir ki, xəstəliyin gedişatında xoşagəlməyən artım var. Sıx toplanma yerlərində insanların pandemiya qaydalarına düzgün riayət etməməsi xəstəliyə yoluxma hallarının artmasına səbəb oldu.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib. Onun sözlərinə görə, yoluxmanın artması, ağırlaşma və ölüm hallarının artmasına səbəb xəstənin gec müraciət etməsidir.

“Xəstələr 1 həftə, 10 gün evdə özünü müalicə etməyə çalışırlar. Artıq vəziyyəti ağırlaşanda həkimə müraciət edirlər və bu zaman gec olur, həkim də artıq hansı antibiotikdən, preparatlardan istifadənin xəstə üçün yaxşı olacağını seçməkdə çətinlik çəkir. İnsanlar yaxınında kimsə antibiotiklərlə müalicə olunub və vəziyyəti düzəlibsə, o da həmin müalicədən istifadə etməyə çalışır. Bu düzgün yanaşma deyil. Antibiotikləri həkim yazmalıdır. Eyni müalicəni hər bir insana tətbiq etmək olmaz”.

N.Mürsəlova qeyd edib ki, repirator, qrip və ya COVID-ə yoluxma olarsa, mütləq həkimə müraciət olunmalıdır.

“Həkim nəzarətində dərmanlar qəbul edilməli, müalicə düzgün istiqamətdə getməlidir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Antibiotik   Koronavirus  





Xəbər lenti