TƏBİB rəsmisi: “Xəstə sayı çox, personal isə azdır”

  24 Noyabr 2020    Oxunub : 1896
 TƏBİB rəsmisi: “Xəstə sayı çox, personal isə azdır”
Koronavirus xəstələri əksər hallarda ağırlaşma ilə qəbul edilir. Bu gün həddindən artıq ağır, süni tənəffüs aparatına qoşulan xəstələrin sayı əvvəlki dövrlə müqayisədə daha çoxdur.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib. Onun sözlərinə görə, xəstə sayı çox, personal isə azdır.

“Əgər xəstədə rezidens bakteria aşkarlanırsa, xəstə və ona baxan tibb heyəti ayrılmalıdır. Amma buna indi imkanımız yoxdur. Biz hər xəstəyə bir tibb bacısı qoya bilmirik. Tibb işçilərimiz çətin rejimdə çalışırlar. Antibiotiklərin ev şəraitində istifadə edilməsində insanlarla yanaşı, həkimləri də vurğulamaq istəyirik. Həkimlər özünü və xəstəsini sığortalamaq üçün antibiotik istifadə edirlər. Bu yanlış yanaşmadır. Avropada evdə olan yüngül simptomlu xəstələrə heç bir dərman verilmir. Vitaminlər, mikroelementlər və qızdırma olarsa, onu salan dərmanlar verilir. Bu, bizdə də belədir. Yüngül simptomlu xəstələrə heç bir dərman verilmir. Bizdə isə antiviral, antibiotik və hormanal preparatlar verilir ki, bu da yanlış müalicəyə, xəstələrin ağırlaşmasına və ağır halda xəstəxanaya gəlməsinə səbəb olur”.

Y.Qarayeva bildirib ki, geniş spekterli antibiotiklərin alınmasına qadağa qoyulmalıdır ki, insanlar onu kimlərdənsə eşidib almasın.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB