“Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” - Prezident
Ağdam məscidini ziyarət edən, Azərbaycan Bayrağını qaldıran dövlətimizin başçısı deyib: “Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.
Prezident qeyd edib ki, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. “Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev