"Kəlbəcəri dəhşət içində tərk etdik, izaholunmaz sevinclə geri dönürük..."

  25 Noyabr 2020    Oxunub : 1916
"Kəlbəcəri dəhşət içində tərk etdik, izaholunmaz sevinclə geri dönürük..."
Kəlbəcər işğaldan azad edildi. Ermənistanın kapitulyasından sonra 10 noyabrda imzalanan bəyanatın tələbinə uyğun olaraq, 25 noyabrda Kəlbəcərə 1993-cü ildən bəri soxulmuş, işğal etmiş düşmən bu gözəl yurdu tərk etdi.
Ermənilərin öz saytlarında, habelə xarici mediada ermənilərin Kəlbəcərdən köçərkən vandallıqlar törətdiyi, evləri, meşələri, obyektləri yandırdıqları əks olunurdu. Və kadrlardan o da görünür ki, ermənilər sərbəst şəkildə, heç bir zorakılığa məruz qalmadan çıxıb gedirlər.

Amma 1993-cü ildə Ermənistan Kəlbəcərə soxulanda azərbaycanlılara divan tutmuşdu, dinc insanlarə öldürmüşdülər, girov götürmüşdülər. Azərbaycanlılar doğma yurd-yuvalarından qəddarlıqla didərgin salınmışdı...

Kəlbəcərdən sakini Məmmədov Sabir Vəli oğlu rayonlarını tərk edib gələndə uşaq olub. Amma o, hans vəhşiliklərlə üzlədiyini dəqiqliyi ilə xatırlayır.

Sabir Məmmədov rayondan necə qovulduqlarına dair xatirələrini nəql edib:

-1993-cü ilin mart ayının 30-u idi. Birdən atəş səsləri eşidilməyə başladı. Hələ nə baş verdiyini anlaya bilmirdim. Tam da olmasa anladıım bu idi ki, bizi öz evimizdən, torpaqlarımızdan çıxmağa məcbur edirlər. 7 yaşım vardı onda. Mənim üçün hər şey yuxu kimi idi. Amma torpaqlarımızda nə baş verdiyini, faciələrlə üzləşdiyimizi valideynlərimin gözündən görmək olurdu. Həyəcan siqnalı verildi. Qısa vaxt ərzində mənzili tərk edib yaşadığımız binanın zirzəmisinə endik. Bir neçə dəqiqə sonra bizdən yaxınlıqdakı vertolyot meydançasına getməyimizi səsgücləndirici ilə tələb etdilər. Biz ora çatanda artıq meydança yaşlı, cavan, əliuşaqlılar ilə dolmuşdu, çarəsiz halda hər kəs kömək gözləyirdi. Hər kəsin gözü havada idi. Uzaqdan gələn vertolyotun səsi çarəsiz insanların son ümidi idi. Nəhayət, vertolyot eniş etdi. Kimi qapıdan, kimi yan pəncərədən helokopterə dolurdu. Biz çətinliklə yan pəncərədən vertolyota daxil ola bildik. Ata-anasız uşaqlar, ərsiz uşaqlı qadınlar fəryad edirdi...

İllər sonra atamın bizdən məcbur olub saxladığı o çətin qərarını danışmaq çox çətindir.

Atam bizə sonralar danışırdı: “Bizdən əvvəlki, guya əhalinin rayondan çıxarılmasına gələn vertalyotun biri istiqamətini dəyişib düşmən tərəfə üz tutub. Bunu mənə demişdilər. Ona görə də mən ailə-uşağımı vertolyotla yola salmağa qərar verəndə nələr keçirdim... Birinci fikrim bu oldu ki, vertolyot gəlmədiyi halda əsir düşməmək üçün hamımız – 5 nəfərlik ailə əl-ələ tutub yaxınlıqdakı qayadan üzü aşağı tullanacağıq. Çox çətin idi bunu fikirləşmək və qərar vermək. Amma düşmənə əsir düşməkdənsə ölməyi gözə almışdım. Nəhayət ki, qısa müddətdə 2-3 vertolyot köməyə gəldi. Rayonumuzdan olan o dövrdəki polis əməkdaşı da bizimlə eyni vertalyotda idi. Vəziyyətlə əlaqədar polis nəfərində 1 ədəd avtomat və 1 əl qumbarası var idi. Öz aramızda razılığa gəldik ki, vertolyot səhv istiqamətə getdiyi halda əl qumbarası ilə vertolyotu partladaq. Əsir düşməkdənsə ölməyi doğru sayırdıq. Amma bu narahatçılıq helikopter havaya qalxdıqdan dəqiqələr sonra aradan qalxdı. Artıq istiqamətin Yevlax şəhərinə tərəf olduğunu görürdük..."

Biz Yevlaxda meydançaya endik. İzah edə bilməyəcəyimiz mənəvi durumda əzizlərimizin bir yerə toplaşmağını gözlədik. Axşam radələrində biz-bir birimizi tapdıq və gecə Bakıya yola düşdük...
O gündən məcburi köçkün kimi Bakıda yaşayırdıq. Bu gün Kəlbəcər azad oldu! Biz artıq məcburi köçkün deyilik. Bunun sevincini izah edə bilmirəm. Kəlbəcəri dəhşət içində tərk etdik, izaholunmaz sevinclə geri dönürük.

Ordumuzun doğma Kəlbəcərə girişini izləyərkən keçirdiyim hisslər dünyanın ən böyük qürur hissidir...

Bu sevinci, qüruru bizə yaşatdığı, doğma yurdumuzu azad etdiyi üçün Ali Baş Komandana, Müzəffər Ordumuza ömür boyu minnətdarıq.

Azvision.az

Teqlər: Kəlbəcər