Çay üstündə qala - Bura Kəlbəcərdir

   Çay üstündə qala -    Bura Kəlbəcərdir
  25 Noyabr 2020    Oxunub:5534
Azərbaycanın Kəlbəcər rayonu 27 ildən sonra işğaldan azad olundu.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Kəlbəcər, Laçın və Ağdam rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi, lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiya dövlətinin xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi.

Beləliklə, 27 illik həsrətə son qoyuldu və Kəlbəcər azad edildi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi.

Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal edilmişdi. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasəti rayonun işğalına şərait yaradıb.

Bu gün Kəlbəcəri tərk edən erməni əhalisi 1993-cü ildə rayonun işğalından sonra orada qeyri-qanuni məskunlaşıb. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən işğalçı Ermənistan Kəlbəcər ərazisində ermənilərin fəal məskunlaşdırılmasına başlayıb. Qeyri-qanuni yaşadıqları əraziləri - Azərbaycan torpaqlarını tərk edən ermənilər təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər. Azərbaycan Ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb. Buna baxmayaraq, Kəlbəcər həm də XXI əsrdə erməni vandalizminin əyani nümunəsinə çevrilib. Ermənilər buranı tərk edərkən evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olub. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. Nəticədə Kəlbəcərdə 500-dən artıq dinc sakin həlak olub, yüzlərlə insan girov və ya itkin düşüb. Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı Ermənistan ordusu tərəfindən qarət olunub. Bu gün baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam kimi, Kəlbəcər də qan tökülmədən, şəhid verilmədən geri qaytarıldı. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olub.

Kəlbəcər Ermənistanla sərhəd rayondur. Şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə əhatə olunub. Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Ən hündür zirvələri Gamışdağ (3724 m) və Dəlidağda (3616 m) yerləşir. Əhalisi 1 yanvar 2020-ci il tarixə olan məlumata əsasən, 77 min nəfərdir. Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir.

Kəlbəcər ən qədim insan məskənlərindən biri kimi tanınır. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Kəlbəcərdə “türk qəbiristanlığı” adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Tirkeşəvənd, Zar və digər kəndlərin ərazisindədir. Qəbiristanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir. Kəlbəcər qədimliyinə görə həm də “Azərbaycanın ikinci Qobustanı” adlandırılır. Kəlbəcər ərazisindəki qayaüstü təsvirlər Qobustandakı yazılı və şəkilli daşların oxşarı - “əkiz”ləridir. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və s. yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Bazalt daşına həkk edilmiş keçələrdən, ov səhnələrindən, yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və s. ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini aydın şəkildə əks etdirir.


Lex qalası

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lex qalasıdır. Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə, meşəli uca dağ belində salınıb. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni 35-40 metr arasındadır. Qalanın Lev çayı istiqamətində iki mağara aşkar olunmuşdur ki, bura ən qədim insan məskənləri hesab olunur. Lex qalası çevrəsindəki dağlarda mövcud olan gözətçi qüllə və kiçik peyk qalalar sisteminə daxil idi. Bu dağlardan biri onun zirvəsində olan qalanın funksiyasına uyğun adını saxlamışdır - Qaravul dağı. Qaravuldan isə başqa bir qala - Comərd qalası görünür. Lex qalası XIII–XIV yüzilliklərin abidəsidir.

Kəlbəcər dünya əhəmiyyətli 2 tarix-mədəniyyət abidəsi vardır, onlar Gəncəsər və Xudavəng monastrlarıdır.


Gəncəsər monastırı (məbəd)

Gəncəsər monastrı (məbədi) Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Vəngli kəndi uzun müddət Alban Xaçın Knyazlığının mərkəzi olub. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib. Bu monastr 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olub. Qafqaz Albaniyasının tarixi və memarlıq nöqteyi-nəzərindən ən möhtəşəm və məşhur xristian kompleksi - Gəncəsər monastırı Ermənistan tərəfindən “təmir-bərpa” işləri adı altında saxtalaşdırılıb, erməni abidəsi kimi təqdim edilib. İşğaldan sonra abidənin daşları üzərində olan yazılar dəyişdirilib, bu alban incisinin erməni tarixi abidəsi olması barəsində materiallar yayılıb. Gəncəsər kompleksinin xarici divarlarında da Alban patriarxiyası zamanı həkk olunmuş çoxsaylı qədim yazılar da interyerində olan yazılar kimi, erməni vandalizminə məruz qalıb.


Xudavəng monastrı (məbəd kompleksi)

Xudavəng monastrı (məbəd kompleksi) də dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Xudavəng və ya Dədəvəng monastrı Azərbaycan ərazisində ən böyük və gözəl monastırlardan biridir. Artıq b.e. ilk əsrlərində burada kiçik kilsə yaranmış, onun yerində isə sonralar – ilk orta əsrlərdə monastırın ən qədim tikililərindən biri olan birnefli bazilika ucaldılıb. Arxeoloji tədqiqatlar göstərir ki, monastrın əsası VI-VII əsrlərdə qoyulub. Kompleks Qafqaz Albaniyası dövlətinin süqutundan bir əsr sonra – IX əsrdə də Qarabağın dağlıq hissəsində yaranmış Alban Xaçın Knyazlığının dini mərkəzi olmaqda davam edib. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın (Vaxtanqın) ailəsi tərəfindən monastır yenilənib və orada əlavə tikililər inşa edilib. Həmçinin kompleksə sonradan əlavə edilmiş Müqəddəs Qriqoris məbədi və Həsən Cəlal kilsəsi də diqqətəlayiq memarlıq nümunələridir.

Tarixi Qafqaz Albaniyasının məbəd və digər mədəni irsi nümunələri erməni kitablarında, “qədim erməni” mədəni irsi, tarixi Ermənistan və erməni kilsəsinin tərkib hissəsi kimi qələmə verilir. Kəlbəcər rayonunun işğalından sonra Xudavəng monastrında da qanunsuz bərpa işləri başlanılıb. Bərpa adı altında saxtakarlaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illərdə - 14 il davam etdirilib.

Xudavəng monastrı Azərbaycan ərazisində vaxtilə mövcud olan Qafqaz Albaniyası dövlətinin gücündən və alban memarlığının zənginliyindən xəbər verir.



Rayon ərazisi mədəniyyət abidələri və dini məbədlərlə zəngindir. Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü yaylağında Seyid Əsədulla ziyarətgahı uzun illər işğal altında qalaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb.

Kəlbəcərdə ümumilikdə 51 tarix-memarlıq abidəsi, 82 mədəniyyət evi və klub, 80 kitabxana, 1 musiqi məktəbi, 1 muzey fəaliyyət göstərib.

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb. Muzeyin fondu 25 mindən çox eksponat təşkil edib. Muzeyin həyətində qədim qəbirüstü qoç və at fiqurları nümayiş etdirilirdi. Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin fondu tamamilə məhv edilmişdir.

Kəlbəcərdə bitən 4 min adda bitkinin təxminən 200-ü dərman bitkiləridir. Kəlbəcərdə 76 növ mineral, 36 süxur növü olduğu məlumdur. Buna görə də Kəlbəcər həm də geoloqlar tərəfindən “daş xəzinəsi” kimi qəbul edilir.

Kəlbəcərdəki geoloji (paleontoloji) obyektlərdəki yarğan və qobularda 40 metrədək hündürlüyü olan sütunvari vulkanik çıxışlar mövcuddur. Bunlar vulkanik süxurlar üçün xarakterikdir. İstisu kəndində “Bazaltın sütunvari aralanması” adlı geoloji abidə yerləşir.

Kəlbəcərin uzun müddət işğal altında saxlanılması nəticəsində həmin ərazidə bioloji müxtəlifliyə, o cümlədən flora və fauna növlərinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə ciddi zərər vurulub, ərazilərin yandırılması, su resurslarının çirkləndirilməsi, qiymətli ağac növləri ilə zəngin meşələr, eləcə də təbiət abidələrinin, ümumilikdə yeraltı və yerüstü təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.

Kəlbəcər rayonunda 968 hektar ərazini əhatə edən “Qırmızı kitab”a daxil edilmiş ayı fındığı ağacları da kütləvi şəkildə qırılıb. Ayı fındığına Azərbaycanın başqa meşələrində nadir hallarda təsadüf olunur. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 m hündürlükdə bitir. Meşənin tərkibində ayı fındığı, palıd, vələs, cökə, fındıq, fıstıq ağacları vardır. Bəzi ayı fındığı ağaclarının hündürlüyü 25 m-ə, diametri 48-120 sm-ə çatır. Məhdud dairədə yayıldığı üçün qiymətlidir.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl, o cümlədən Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl ciddi antropogen təsirə məruz qalıb.

Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom civə, tellur, selen və s. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur.

Kəlbəcərin Söyüdlü – Zod qızıl yatağı qədim tarixə malikdir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağara¬lar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni “qızıl şəhəri” adı ilə məşhur olub.

İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu və Tutqun termal-mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort-sanatoriyalar və mineral sudoldurma zavodu tikilib. Zavod sutkada 800 min litr su istehsal edirdi. İstisu sanatoriyalarında hər il xeyli sayda insan müalicə olunur və istirahət edirdi.

Kəlbəcərin kənd təsərrüfatında isə heyvandarlıq əsas yer tutub. 1980-ci illərdə Kəlbəcərdə 130 min baş iribuynuzlu və xırdabuynuzlu heyvanlar saxlanıb. Kəlbəcər həm də iri tütünçülük rayonlarından biri olub. 1980-ci illərin statistikasına görə, burada ildə 660 hektar sahədə tütün əkilib.

Kəlbəcər rayonunda böyük meşə əraziləri vardır. Kəlbəcər rayonunda 24 min hektar meşə ərazisi var. Mənfur düşmən bu meşələri qırıb, talayıb, satıb.

Azərbaycanın bir neçə böyük çayının mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırırdı. İşğal dövründə Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi. Suqovuşan qəsəbəsi azad edildikdən sonra artıq 100 min hektara suyun verilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti