“Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, həqiqəti dəyişə bilməz” - Baş konsul

  26 Noyabr 2020    Oxunub : 1920
   “Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, həqiqəti dəyişə bilməz” -    Baş konsul
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sənədlərini Fransa səfiri necə zəiflətdi” sərlövhəli ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan Azvision.az -a verilən məlumata görə, məqalədə baş konsul noyabrın 25-də Kəlbəcərin 27 illik işğalına son qoyulduğunu bildirir, bununla on minlərlə məcburi köçkünün öz doğma yurduna qayıda biləcəyini qeyd edir.

N.Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu bildirir. O, bu xüsusda “Human Rights Watch” təşkilatının hesabatına istinad edərək, Kəlbəcərin işğalı nəticəsində 60 min insanın öz doğma torpaqlarından didərgin salındığını, onların ağır müharibə şaraitində və çətin hava şərtləri altında rayonu tərk etdiyini, çox sayda mülki azərbaycanlının öldürüldüyünü və əsir götürüldüyünü vurğulayır.

Kəlbəcərin işğalı ilə bağlı bu dəhşətli faktların sübutu kimi baş konsul bu yaxınlarında apardığı araşdırmalar zamanı ermənilər tərəfindən çəkilmiş bir videonu üzə çıxardığını və onun sosial şəbəkələrdə geniş yayıldığını qeyd edir. N.Ağayev bildirir ki, sözügedən videoda Kaliforniyada doğulmuş erməni terrorist Monte Melkonyan və onun əlaltıları gülərək və əylənərək Kəlbəcərdəki azərbaycanlı əhaliyə rayonu tərk etmək üçün 10 saat vaxt verdiklərini səsgücləndirici vasitəsilə bildirirlər.

N.Ağayev qeyd edir ki, Kəlbəcərin işğalından dərhal sonra - 1993-cü il aprelin 6-da BMT Təhlükəsizlik Şurası bu işğalı pisləyən və işğalçı qüvvələrin rayon ərazisindən çıxarılmasını tələb edən bəyanat qəbul etmişdi. O, bu yaxınlarda Klinton Prezident Kitabxanası tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yayılmış, Dövlət Departamentinin məxfilik qrifi qaldırılmış məktublarına istinad edərək, həmin vaxt Fransanın BMT-dəki daimi nümayəndəsi Jan-Bernard Merimenin (Jean-Bernard Mérimée) Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının bəyanatının mətnində əhəmiyyətli dəyişikliklər etməyə nail olduğunu vurğulayır. Belə ki, Jan-Bernard Merime ABŞ-ın BMT-dəki səfiri M.Olbrayt və qurumun Təhlükəsizlik Şurasının digər üzvlərinin təklif etdikləri mətnə qarşı çıxaraq, işğalçı tərəf kimi Ermənistanın təqsirləndirilməsinin qarşısını hər vəchlə almaq üçün Kəlbəcəri işğal edən tərəf kimi sənədə “yerli erməni qüvvələri” ifadəsinin daxil edilməsinə nail olmuşdu. 1993-cü il aprelin 30-da qəbul edilmiş, Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə də Merimenin səyləri nəticəsində eyni ifadə daxil olunmuşdu.

Baş konsul qeyd edir ki, həmin dövrdə BMT Baş katibinin Təhlükəsizlik Şurasına məsul köməkçisi erməni əsilli Benon Sevan idi. 2000-ci illərin əvvəllərində Sevan və Merime Səddam Hüseyn rejimindən rüşvət almaqda təqsirkar bilinmişdilər.

N.Ağayev Merimenin erməni təəssübkeşliyinin yarım milyonluq erməni icmasının mövcud olduğu Fransanın yürütdüyü diplomatiya ilə də həmahəng olduğunu bildirir. Baş konsul yazır ki, məhz bu səbəbdən Azərbaycan 1997-ci ildə Fransanın Minsk qrupunun həmsədrliyinə gətirilməsinə etiraz etmiş və qrupda müəyyən tarazlığa nail olmaq üçün ABŞ-ın da həmsədr təyin edilməsinə nail olmuşdu.

Erməni lobbisinin təkidi ilə Fransa Senatında qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi”nin tanınmasını hökumətə tövsiyyə edən qətnamənin qəbuluna toxunan N.Ağayev qeyd edir ki, belə bir tanıma ciddi beynəlxalq hüquq pozuntusu olmaqla yanaşı, Fransanın Minsk qrupundakı həmsədrliyi statusuna uyğun gəlmir. Baş konsul Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videosunda Dağlıq Qarabağ və yeddi ətraf rayonun Azərbaycanın ərazisi olduğunu bildirməsini də diqqətə çatdırır.

N.Ağayev bildirir ki, erməni lobbisi və onun havadarları nə qədər dəridən-qabıqdan çıxsalar da, həm Prezident Makron, ondan da əvvəl isə Rusiya Prezidenti Vladimir Putinin təkrar etdiyi sadə həqiqəti dəyişə bilməzlər: Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir!

Azvision.az

Teqlər: Los-Anceles   Baş-Konsul