“Fransadakı səfirimiz geri çağırılmalıdır” - Azay Quliyev

  26 Noyabr 2020    Oxunub : 1660
 “Fransadakı səfirimiz geri çağırılmalıdır” -   Azay Quliyev
"Fransa Senatı tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində mövcud olmayan qondarma rejimin tanınması zərurəti haqqında cari ilin noyabrın 25-də qəbul edilən bədnam qətnaməni beynəlxaq hüquqa qarşı təcavüz aktı və siyasi korrupsiyanın bariz nümunəsi hesab edirəm".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, bu qətnamə Azərbaycana və Türkiyəyə qarşı təkcə əsassız ittiham, nifrət və böhtandan ibarət deyil, bu kağız parçası həmçinin ziddiyətli və bir çox hallarda rişxənd doğuran maddələrlə doludur:

"Dünyada bəlkə də indiyə kimi belə bir absurd və qərəzli qətnamə qəbul olunmayıb. Təsəvvür edin ki, Fransa senatı Azərbaycanı öz ərazisinə hücum etməkdə qınayır, işğaldan azad olunmuş torpaqlarımızın işğalçıya geri qayratılmasını tələb edir. Türkiyəni Fransanı hədələməkdə ittiham edir, onun orta şərq, cənubi qafqaz və şərqi Aralıq dənizindəki fəaliyyətindən çəkindirməyə çalışır. Ancaq fransız senatorlar Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm aktlarına göz yumaraq bu bədnam qətnamə ilə özlərinin siyasi riyakarlığını və ikiüzlülüyünü bütün dünyaya nümayiş etdirdilər. Heç şübhəsiz ki, qətnamədə əks olunan bütün müddəalar Ermənistanla Azərbaycan arasında noyabrın 10-da əldə edilmiş sülh razılaşmasına qarşı olmaqla yanaşı regionda münaqişənin yenidən alovlanmasına və düşmənçiliyin daha da artmasına yönəlib. Bu addımla Fransa Senatı BMT Nizamnaməsinin tələblərini, BMT Təhlükəsizlik Şurası Qətnamələrini, Helsinki Yekun Aktını, Paris Xartiyasını və bütün nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələri heçə sayıb, Fransanın beynəlxalq nüfuzunu və öhdəliklərini bir qrup erməni lobbisinin maraqlarına qurban verib"

Deputat qeyd edib ki, qətnamə müəllifləri bir tərəfdən Fransanın həmsədr və vasitəçi kimi rolunun artırılmasının vacibliyindın bəhs edir, digər tərəfdən isə bu mandatı tamamilə məhv edən təklf irəli sürərək Ermənistanın belə tanımadığı qondarma qurumun tanınması zərurətindən danışır:

Bu baxımdan Senatın qəbul etdiyi bu qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük bir rüsvayçılıq və ləkədir. Azərbaycan ictimaiyyəti bu qətnaməni ölkəmizin BMT tərəfindən tanınan ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə müdafiə olunan sərhədlərinin toxunulmazlığına qəsd hesab edir və onu qətiyyətlə pisləyir. Bununla yanaşı hesab edirəm ki, Fransanın səlahiyyətli məhkəmə orqanları yerli bələdiyyələrin Dağlıq Qarabağdakı qondarma rejimin qeyri-leqal bələdiyyələri ilə əvvəlki illərdə imzaladağı dostluq xartriyalarının qanunsuz hesab olunması təcrübəsinə istinad edərək Senatın bu qətnaməsinin Fransanın beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının müfaviq sənədlərinə zidd olduğuna görə ləğv etməlidir. Senatın bədnam qətnaməsi ləğv olunana kimi biz Fransanın ATƏT-in Minsk qurupnun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etməliyik. Eyni zamanda Azərbaycanın Fransa ilə diplomatik əlaqələri kəsilməli, Parisdəki səfirimiz geri çağırımalı, Fransa ilə bütün iqtisadi, təhsil və humanitar sahədə olan əməkdaşlıq dayandırılmalıdır. Bundan başqa Senatın bədnam qətnaməsi ləğv olunana kimi Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun fəaliyyətini də dayandırmalıyıq. Nəhayət, bizmFransa prezidenti Makrondan və Xarici işlər nazirindən senatın qəbul etdiyi bu biabırçı qətnaməyə münasibət bildirməsini və onu pisləməsini gözləyirik".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Azay-Quliyev