“Artıq Fransanı vasitəçi kimi görmək istəmirik” - Rasim Musabəyov

 “Artıq Fransanı vasitəçi kimi görmək istəmirik” -  Rasim Musabəyov
  26 Noyabr 2020    Oxunub:2750
“Fransa son addımları ilə Azərbaycana təzyiq mexanizmi yaratmağa çalışır”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, Fransa rəhbərliyi Qarabağ məsələsi ilə bağlı son proseslərdə oyundan kənar bir vəziyyətə düşmüşdü:

“Makronla nəinki hesablaşan olmadı, heç Fransa rəhbərliyini eşitmək belə istəmədilər. Gəlin, qısa bir xatırlatma edək. Məlum hadisələr zamanı Rusiya münaqişə tərəflərini bir araya gətirmək istəyir, XİN rəhbərlərini Moskvaya dəvət edirdi. Hətta hansısa razılaşmalar və atəşkəs əldə edilirdi. Düzdür, bu, atəşkəs elan olunandan sonra dərhal pozulurdu. Ancaq ən azından Rusiya rəhbərliyini dinləyirdilər, onların iştirakı ilə müəyyən dialoqlar baş tuturdu.

Bundan başqa ABŞ dövlət katibi Pompeonun dəvəti ilə XİN rəhbərlərinin okeanın o tayına səfəri reallaşdırılmışdı. Rəsmi Vaşinqtonun vasitəsilə də müəyyən təmaslar baş tutdu. Bu təmaslardan sonra müəyyən razılaşmalara əməl olunmasa belə, atəşkəslə bağlı bəzi qərarlar verildi. Biz uzun illər proseslərdən kənarda saxlanılmış Türkiyənin bu məsələlərin içində olduğunu, aktiv şəkildə Rusiya ilə dialoqlar apardığını gördük. Amma Fransa ilə bağlı nələri müşahidə etdik? Rəsmi Paris oyundan kənarda saxlanıldı”.

Politoloq hesab edir ki, Fransanın aşkar ermənipərəst mövqeyi situasiyanın belə alınmasına səbəb oldu. O, Makronun vətənini prestij dalınca qaçan ölkə kimi xarakterizə edib:

“Düşünürəm ki, erməni lobbisinin yalvar-yaxarlarına baxmayaraq, Fransa Ermənistana hansısa ciddi köməkliklər etmək iqtidarında deyil. İrəvana nəinki qoşun, adi bir güllə belə göndərə bilməzlər. Heç normal şəkildə yardım üçün əllərini ciblərinə belə atmaq niyyətində olmadılar. Amma geninə-boluna bəyanatlar, fikirlər səsləndirməyə hər zaman hazır olduqlarını göstərirlər. Ona görə də, bu gün müşahidə etdiyimiz mənzərələr bir neçə amillə bağlıdır. Həm lobbinin təsirləri güclənib, həm də fransızlar onu göstərməyə çalışırlar ki, məğlub Ermənistana ürəkləri yanır və onlar üçün nələrsə edirlər. Üçüncü bir tərəfdən isə guya Fransada Azərbaycana təzyiq mexanizmi yaratmağa çalışırlar.

Senatın indi qəbul etdiyi qərar tövsiyyə xarakterli sənəddir. Qalan məsələlər icra hakimiyyətinin, yəni hökumətin səlahiyyətindədir. Parisdə belə bir görüntü yaradırlar ki, baxın, müstəqilliyə "yox" deyirik, amma bizi proseslərdən tam şəkildə kənarlaşdırsanız, Fransa bu yolu - tanınmanı seçə bilər. Ancaq bizim də deməyə kifayət qədər sözümüz var. Bu gün Milli Məclisdə məlum mövzuya xüsusi olaraq toxunuldu. Çox sərt cavabımız oldu. Biz Fransanı bu cür qərarlar verildiyi halda nəinki Bakıda vasitəçi kimi görmək, heç eşitmək belə istəmirik!”

Tural Tağıyev
Azvision.az


Teqlər: Rasim-Musabəyov   Fransa   XİN  





Xəbər lenti