İtaliya bələdiyyələri Ermənistanın soyqırım siyasətini pisləyən sənədlər qəbul etdi

   İtaliya bələdiyyələri Ermənistanın soyqırım siyasətini pisləyən sənədlər qəbul etdi
  26 Noyabr 2020    Oxunub:2943
İtaliyanın Kaserta əyalətinin Santa Maria a Viko, Draqoni, Qalluççio və Presenzano bələdiyyələri “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı sənədlər qəbul edib.
Azvision.az xəbər verir ki, sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək Dağlıq Qarabağı ölkəmizin ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi əksini tapıb.

Sənədlərdə, həmçinin rəsmi İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir və bu xüsusda, Azərbaycan Prezidentinin cari ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxındır ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların dalana dirəndiyi, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına qayıda, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədiyi vurğulanır.

Sənədlərdə sentyabrın 27-dən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri və mülki şəxsləri hədəf alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir. Eyni zamanda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütövlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Sənədlərdə aidiyyəti bələdiyyələrin beynəlxalq hüququn norma və prinsiplərini daim dəstəklədiyi, bu xüsusda, Ermənistanın təcavüzkar siyasətini pislədiyi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.

Xatırladaq ki, bundan əvvəl oxşar sənədlər İtaliyanın Kataniya Şəhər Şurası, Neapol şəhərinin Ottaviano və Liveri bələdiyyələri tərəfindən də qəbul olunub. Habelə İtaliya Deputatlar Palatasının Xarici əlaqələr komissiyası Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Bəyanatın müddəalarının yerinə yetirilməsinə çağıran qətnamə qəbul edib.

Azvision.az


Teqlər: Ermənistan   İtaliya  





Xəbər lenti