Latviya azad olunmuş ərazilərin bərpasında iştirak etmək istəyir

Latviya azad olunmuş ərazilərin bərpasında iştirak etmək istəyir
  27 Noyabr 2020    Oxunub:2125
Noyabrın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.
Komitənin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, görüşdə Bahar Muradova Azərbaycan ilə Latviya arasında münasibətlərin uzun tarixə, qarşılıqlı faydalı əməkdaşlığa və dostluğa əsaslandığını bildirib. O, hər iki ölkənin istər diplomatik nümayəndəlikləri, parlamentləri, cəmiyyətləri arasında, istərsə də ikitərəfli və çoxtərəfli əməkdaşlığa əsaslanan münasibətlərinin bütün istiqamətlərdə yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Noyabrın 24-də Komitə rəsmisinin də iştirak etdiyi “Qadınlar sülh uğrunda” adlı beynəlxalq videokonfransın önəmindən bəhs edən B.Muradova BMT Təhlükəsizlik Şurasının “Qadınlar, Sülh və Təhlükəsizlik haqqında” 1325 saylı Qətnaməsinin Azərbaycanda tətbiqi istiqamətində atılan addımların, xüsusilə də Milli Fəaliyyət Planının hazırlanmasının yaşadığımız dövr üçün çox əhəmiyyətli olduğunu bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən komitə sədri bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini, xüsusən də döyüş zonasından uzaqda yerləşən şəhərləri atəşə tutması, mülki əhalini hədəf seçməsi insan hüquqlarının pozulmasıdır. B.Muradova ölkəmizdə ailələrin, xüsusən qadınların, uşaqların münaqişədən əziyyət çəkdiklərini qeyd edib.

Azərbaycanın ərazi bütövlüyünün, beynəlxalq hüququn təmin edilməsi uğrunda apardığı Vətən müharibəsinin Qələbə ilə yekunlaşdığını vurğulayan komitə sədri bu zəfərin Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyətini qeyd edib.

Fransa Senatının son qərarına toxunan Bahar Muradova bu qərarın Minsk qrupuna üzv dövlətlərin münaqişəni həll etməyə deyil, əksinə, onu daha da kəskinləşdirməyə yönəldiyini qeyd edib, Fransanın onun Minsk qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının və Avropa qurumlarının üzvü kimi mövqeyini şübhə altına qoyduğunu diqqətə çatdırıb.

Azərbaycandakı fəaliyyətindən məmnunluğunu ifadə edən səfir Dainis Qarançs baş vermiş son hadisələri yaxından izlədiyini, hətta Füzuli rayonuna təşkil olunan səfərdə iştirak etdiyini bildirib, ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Latviya arasındakı ikitərəfli diplomatik əlaqələrə və parlamentlərin uğurlu münasibətlərinə diqqət çəkən diplomat Azərbaycanda sosial və iqtisadi sahələrdə reallaşdırılan layihələrin vacibliyini qeyd edib. O, ailə, qadın və uşaq məsələləri ilə bağlı fəaliyyət sahəsində Komitə ilə əməkdaşlığın vacibliyinə diqqət çəkərək, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə inamını ifadə edib.

Görüşdə Latviya səfirliyinin müşaviri Vija Bussa, mədəniyyət, təhsil və iqtisadi məsələlər üzrə məsləhətçisi Elmira Mirzəyeva və Komitənin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Səbinə Manafova iştirak ediblər.

Azvision.az


Teqlər: Komitə  





Xəbər lenti