Azərbaycan və Rusiya arasında tədbirlər planı qəbul edildi

Azərbaycan və Rusiya arasında tədbirlər planı qəbul edildi
  27 Noyabr 2020    Oxunub:1880
26 noyabr 2020-ci il tarixdə gənclər siyasəti sahəsində əməkdaşlığa dair Azərbaycan-Rusiya işçi qrupunun iclası keçirilib. Qeyd edək ki, işçi qrupunun tərkibi 9 dekabr 2019-cu il tarixdə Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasının Protokoluna əsasən formalaşdırılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, onlayn formatda keçirilmiş iclası giriş nitgi ilə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev və Rusiya Federasiyasının Elm və Ali Təhsil nazirinin müavini Yelena Drujinina açıblar.

Nazir müavinləri Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmlənməsində, gələcək inkişafında digər sahələrin olduğu kimi, gənclər sahəsinin də çox böyük əhəmiyyət daşıdığını bildiriblər. Məruzəçilər hər iki ölkə gənclərinin diplomatik, humanitar, elm, mədəniyyət və digər sahələrdə ünsiyyət və əməkdaşlığının ölkələrarası münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıblar. Daha sonra Azərbaycanda və Rusiyada həyata keçirilən dövlət gənclər siyasəti haqqında təqdimatlar edilib.

Geniş müzakirlərdən sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi arasında Gənclərlə iş sahəsində 2021-ci il üzrə əməkdaşlığa dair Tədbirlər planı qəbul edilib. Tədbirlər planı Azərbaycan-Rusiya gənclər forumunun keçirilməsini, gənclər və tələbə mübadiləsi, könüllülük hərəkatı sahəsində əməkdaşlıq, elmi və yaradıcılıq layihələrində iştirak kimi məsələləri əhatə edib.

Azvision.az


Teqlər: Gənclər  





Xəbər lenti