Azərbaycanlılar Kanadanın XİN rəhbəri ilə görüşdü

Azərbaycanlılar Kanadanın XİN rəhbəri ilə görüşdü
  28 Noyabr 2020    Oxunub:1705
Noyabrın 26-da Kanadalı Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) üzvləri Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn ilə görüşüblər.
Azvision.az xəbər verir ki, görüş KAŞ-ın təşəbbüsü ilə baş tutub və videokonfrans formatında keçirilib.

Görüşün əsas məqsədi sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlayan və noyabrın 10-da Azərbaycan qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi barədə kanadalı azərbaycanlıların fikirlərini xarici işlər nazirinə çatdırmaq olub. Görüş zamanı bildirilib ki, Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadanın sözügedən münaqişəyə dair mövqeyini yaxından izləyir. Kanada vətəndaşları olaraq bu ölkənin siyasətinin formalaşmasında azərbaycanlıların da fikirlərinin eşidilməsi Kanadanın xarici siyasətinin daha ədalətli və qərəzsiz olmasına xidmət edir.

Nazir Şampeyn deyilən fikirləri diqqətlə dinləyib, baş vermiş müharibədə insan həyatının itirilməsini fəlakət adlandırıb və müharibə başlayan ilk gündən etibarən hərbi əməliyyatların dayandırılması üçün səy göstərdiyini bildirib. O, eyni zamanda, kanadalı azərbaycanlıların sözügedən münaqişə barədə fikirlərinə hörmətlə yanaşdığını və bu görüşün onun üçün məlumat əldə etmək baxımından çox faydalı olduğunu bildirib.

Görüşdə KAŞ-ın Vankuver, Edmonton, Kalqari, Toronto, Ottava və Montrealdan olan üzvləri iştirak ediblər. Görüş iştirakçıları arasında əslən işğaldan yeni azad edilmiş Füzuli və Şuşadan olan KAŞ üzvlərinin olması da nazirin diqqətinə çatdırılıb. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və minalardan təmizlənməsi işlərində Kanadanın yardım etməsinin mümkünlüyünə baxılması nazirdən xahiş edilib.

Qeyd edək ki, KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirib. Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılıb.

Azvision.az


Teqlər: Kanada   Azərbaycanlı   Şəbəkə   Görüş   Nazir  





Xəbər lenti