Koçaryan və Sarkisyanın kreaturası: Armen niyə fəallaşıb, nə istəyir?

Koçaryan və Sarkisyanın kreaturası:  Armen niyə fəallaşıb, nə istəyir?
  30 Noyabr 2020    Oxunub:2702
Ermənistan prezidenti Armen Sarkisyan Moskvaya səfəri zamanı Rusiyanın erməni icmasının nümayəndələri ilə görüşdə bir sıra diqqət çəkən açıqlamalar verib. O səhvlərdən dərs çıxarmalı və hamının qürur duyacağı bir ölkə, eyni zamanda qalib gələcək ordu yaratmalı olduqlarını deyib.
Armen Sarkisyan məğlubiyyətdən sonra hökumətin istefaya getməli olduğunu bəyan edib: "Belə faciənin baş verdiyi hər bir ölkədə hökumət getməlidir. Güclü siyasətçi qayıda bilər. Ancaq indi Ermənistan başqa ölkədir və əvvəlki kimi davam etmək mümkün deyil. Böhrandan mədəni çıxış yolu var: erkən seçkilər və bundan əvvəl xalqın razılığı ilə hökumət qurmaq”.

Sarkisyan eyni zamanda Konstitusiyada dəyişikliklər edilməsinin lazım olduğunu əlavə edib və prezidentin səlahiyyətləri məsələsinə toxunub. Qeyd edib ki, yeni konstitusiya əsasında onun potensialından və beynəlxalq əlaqələrindən 5 faiz istifadə edilib, səlahiyyətləri son dərəcə məhdudlaşdırılıb.

Məsələni Azvision.az -a şərh edən politoloq Tofiq Abbasov deyib ki, Armen Sarkisyanın Moskvadakı canfəşanlığı boşuna deyil. O, qərbönümlü siyasətçi kimi tanınan prezidentin köhnə klanın günahlarını indiki iqtidarın üzərinə atmağa çalışdığını bildirib:

“Armen də, Paşinyan da son hadisələrdən sonra bir daha əmin oldular ki, Ermənistan Rusiyasız heç nəyə yaramayan bir subyektdir. Əslində heç subyekt də yox, beynəlxalq hüququn obyektidir. Ümumiyyətlə, Armen Sarkisyan elə siyasətçilərdəndir ki, 44 günlük müharibədə daha çox Qərbdən dəstək gözlədi. Onun Böyük Britaniyada və Qərb ölkələrindəki diaspor strukturlarında geniş əlaqələri var. Amma bir daha gördülər ki, bu məsələlər işə yaramadı”.



Ermənistanın hazırda ən kritik dövrünə yaxınlaşdığını deyən politoloq bunun tək Paşinyan hakimiyyətinin bəlası, baş nazirin bacarıqsızlığının nəticəsi olmadığını söyləyib:

“Bu, 30 illik adı üstündə olan müstəqil erməni dövlətinin, erməni cəmiyyətinin bəlasıdır. Bu illər ərzində ağıl, zəka, müdriklik nümayiş etdirmək əvəzinə işğalçılıq siyasətinə əl ataraq özlərinin həyat məkanının coğrafi baxımdan böyüməsinə üstünlük verdilər. Bu gün Armenə yeni iqtidar görmək istədiyi Ermənistanın yaxın tarixdə nələr etdiyini xatırlatmaq lazımdır. Azərbaycan müstəqiliyin ilk illərində təbii ki, zəif idi. Rusiya, Fransa, ABŞ-dakı erməni lobbiləri güclü idi və erməni cəmiyyətinin də imkanları geniş idi. Birləşdilər və maliyyə resurslarını bir yerə cəmləyə bildilər. Beləcə, ölkəmizə qarşı başladıqları müharibəni "uğurla" yekunlaşdırmışdılar. Bu faktiki olaraq Paşinyan hökumətinin bəlası deyildi. Erməni siyasi elitasının, o cümlədən onun yetişdirdiyi Qarabağ quldur dəstəsinin fəal “xidmətləri” idi ki, bu gün də həmin siyasət öz başlarında çatladı. İndi Armen Sarkisyan çalışır ki, bütün paxırlarını Robert Koçaryandan, Serj Sarkisyandan, Vitali Balasanyandan, Samvel Balasanyandan, Arutyunyanın üzərindən götürsün, komandasını təmizə çıxarsın və anti-qəhrəman kimi indiki iqtidarı, Paşinyanı ortaya qoysun. Yəni onun Moskva səfərindəki açıqlamasında da aşkar şəkildə deyilirdi ki, bütün günahlar yalnız səndədir və getməlisən.

Əslində bu çox riyakar və yaramaz yanaşmadır. Armen Sarkisyan Koçaryan-Serj Sarkisyan birləşməsinin kreaturasıdır. Onların birbaşa əli ilə indiki hakimiyyətdə əsas fiqurlardan biri olub. Prezident səlahiyyətləri verilən Armen də öz növbəsində klana xidmətlərini əsirgəmədi. Həm Robert Koçaryanın, həm də Serjin oğurladığı bütün pullar, mal-mülklərin hamısı məhz Armenin əlaqələri hesabına, onun xətti ilə xaricə ötürüldü. Robert Koçaryanın maliyyə resursları əsasən Kanadaya, Sarkisyanıkılar isə Amerikanın Kaliforniya bankına köçürülüb. Ona görə də indi əl-ayağa düşən erməni prezident Moskvaya səfər edir və burada çalışır ki, özünü və yaxınlarını düzgünlüyün carçısı kimi qələmə versin. Bütün günahların hamısını indi bədbəxt olan Paşinyanın üzərinə atmaq anormallıqdır”.

Politoloq onu da vurğulayıb ki, zatən Qarabağ klanı Nikolun özünü də girova çevirmişdi. Paşinyan hakimiyyətə gələndə iki dəfə Azərbaycan Prezidentindən xahiş etmişdi ki, ona möhlət verilsin. Amma gördü ki, “bazar o bazar deyil”:

“Paşinyan anladı ki, Ermənistanda Qarabağ məsələsində sözü keçməyəcək. Əgər baş nazir işğalçı siyasətə züy tutanlara dəstək olmasa, özü öz başını yeyəcək. Ona görə də maksimum Dağlıq Qarabağdakı quldurların rəhbərlərini rədd etməyə nail ola bildi. Nisbətən mötədil olan Arayik Arutyunyanı öz adamı kimi hakimiyyətə gətirib kürsüdə oturtdu. Köhnə klanda olan yuxarıda adlarını sadaladığım komanda üzvlərinin hamısının əlində Azərbaycan xalqının qanı var. Xocalı faciəsini birbaşa törədənlər, etnik təmizləmələr həyata keçirənlərin hamısı kollektiv surətdə cinayətkar saılır. Armen Sarkisyan əgər Moskvadan bu cinayətkarların hamısını təmizə çıxarmaq istəyirsə, deməli, özü də cinayətkardır. Əgər Nikol hakimiyyətdən getməlidirsə, onun ardınca indiki prezident də kürsüsünü təhvil verməlidir. Çünki o da bütün proseslərin, cinayətkar siyasətin daşıyıcılarından biri olub.

İndi İrəvanda əsas məsələ Nikol Paşinyandan xilas olmaq yox, Ermənistanı dağıdıcı ideologiyadan təmizləmək sayılır. Ölkəni sözün həqiqi mənasında “müalicə etmək” lazımdır. Çünki yalnız siyasi elita deyil, bütün cəmiyyət zəhərlənib. Bu zəhəri insanlara içirdənlər həmin diaspora, kilsə və onların qulluğunda duran Armen Sarkisyan kimi riyakar siyasətçilər olublar. Qısası, erməni prezidentin yanaşması qeyri-konstruktivdir. Təbii ki, Paşinyan artıq hakimiyyətdə müvəqqəti baş nazir kimi qalıb. Onun siyasi ömrü uzun çəkməyəcək. Ancaq Nikolun getməyi nəyisə dəyişəcəkmi? Bax hazırda bu ciddi sual doğurur”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Sarkisyan   Klan   Paşinyan  





Xəbər lenti