Kəlbəcərin keçmiş icra başçısı: “Avropanı gəzdim, belə yer görmədim”

 Kəlbəcərin keçmiş icra başçısı:  “Avropanı gəzdim, belə yer görmədim”
  30 Noyabr 2020    Oxunub:15393
"Dostum da, tanışım da hamısı kəlbəcərlilər olub. Mən onlardan ayrıla bilmərəm".

Bunu Azvision.az -a açıqlamasında Kəlbəcərin keçmiş icra başçısı Vidadi Məhərrəmov deyib. Həmsöhbətimiz bildirib ki, 21 yaşından həyatını Kəlbəcərə bağlayıb.
“Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışmışam. Məktəb direktoru, kənd sovetinin sədri, İcra başçısının müavini və nəhayət icra başçısı olmuşam. Bizdə Şurtan kəndi var idi, yolun düz yanında yerləşirdi. Həmin kənddə mən körpü saldırmışdım. İnsanlar daha Tərtər çayından keçmirdilər. Tərtər çayının suyuna bilirsiniz nə qədər bulaqlar qarışır? Kəlbəcərin 350-dən artıq narzan bulaqları var. 22 rayonun yaylağı orada yerləşirdi. İki milyona yaxın xırda buynuzlu mal-qara yaylağa gedirdi. Bir milyon iribuynuzlu heyvan ora aparılanda 3 milyon olurdu. Bunların hamısı orada sərbəst yerləşirdi. Kəlbəcərdə bəslənən heyvanın ətinin tamı başqa idi. 27 il ərzində bu dada heç yerdə rast gəlməmişəm.

Kəlbəcərin 24 min hektar dövlət fondunda olan meşəsi var. Bu rayonun nəyi yox idi? Yerinin altı da, üstü də qızıl idi. 21 yaşımdan ora getmişəm. Mən kəlbəcərliləri, onlar da məni çox istəyir. Murov yolunda da işləmişəm. Yol idarəsinə rəis təyin olunmuşdum”.



V. Məhərrəmov sonuncu dəfə Kəlbəcərdə 1993-cü ilin mart ayında olub: “Sonuncu dəfə mart ayının 31-də orada olmuşam. Daha sonra isə 1994-cü ildə ordumuz Kəlbəcərin bir neçə kəndini almışdı. O zaman icra başçısının müavini işləyirdim. Həmin vaxt Yanşaq kəndinə getmişdim. Bu rayonda hər fəsil bir cür gözəl olur. Yay gələndə deyirəm nə olardı, Kəlbəcərin bir bulağının yanında olardım, bircə stəkan su içərdim. O suyu heç vaxt sona kimi içə bilmərsən. Çünki adamın dişini göynədərdi.



Kəlbəcərin qışı da çox əla idi. Oranın şaxtası olsa da, hava quru deyildi. “İstisu” əvəzedilməz sudur. İstəyirsən bir qoyunu ye, onun bulaqlarının suyundan içəndə elə bilirsən ki, acsan, nəsə yeməlisən. Avropanın yarısını gəzdim belə yer görmədim. Qardaşım qızı Almaniyada yaşayr. Deyir, nə gözəl yerlərdir. Rayon azad olunan gün yata bilmədim. Telefonu yanıma qoydum ki, birdən xəbəri qaçırdaram. Dostum da, tanışım da hamısı Kəlbəcərlilər olub. Mən onlardan ayrıla bilmərəm. Kəlbəcərdə yaşadığım iki mərtəbəli binamız indi də durur”.





Şahanə Rəhimli
Azvision.az


Teqlər: Kəlbəcər  





Xəbər lenti