Prezident 10 noyabr bəyanatının icrasını şərh etdi

  Prezident 10 noyabr bəyanatının icrasını şərh etdi
  01 Dekabr 2020    Oxunub:1886
Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi Azərbaycan xalqının diqqətinə çatdırdım və bir daha göstərdim ki, bizim bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu Bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində üçtərəfli Bəyanatın icrasından danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilib. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir. İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin edildi. Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi. Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

Prezident qeyd edib ki, bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdı. “Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb”, - deyə dövlətimizin başçısı bildirib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti