44 günə qazanılan qələbənin tarixi əhəmiyyəti - ŞƏRH

44 günə qazanılan qələbənin tarixi əhəmiyyəti -  ŞƏRH
  01 Dekabr 2020    Oxunub:3755
Ermənistanın imzaladığı məlum kapitulyasiya sənədinə əsasən artıq Laçın rayonu işğalçılardan azad edildi. Uzun illər işğalda saxlanılmış bu böyük rayonun Azərbaycanın nəzarətinə keçməsi dövlət sərhədlərinin tam bərpası deməkdir və bununla Azərbaycan tarixi qələbəyə imza atdı.
Bu gün Laçının azad olunması ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev bir sıra vacib və maraqlı fikirlər səsləndirdi. Dövlət başçısı qeyd etdi ki, onsuz da biz Laçını, Kəlbəcəri, Ağdamı da alacaqdıq:

“Bizim planlarımız var idi və ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı. Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar”.

Prezident əlavə edib ki, bundan sonra bölgədə təhlükəsizliyin qarantı Azərbaycan Ordusu olacaq. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.



Prezidentin məlum fikirlərini və ümumilikdə Laçının işğaldan azad olunmasını Azvision.az -a şərh edən Milli Məclisi deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib ki, Laçın hər zaman Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edib:

“Erməni vandalları Azərbaycanın tarixi ərazilərini işğal edərkən xüsusi əhəmiyyət verdikləri üç ərazi var idi. Laçın, Şuşa və Kəlbəcər. İşğalçı dövlət mühüm strateji əhəmiyyət kəsb edən tarixi yerlərimizi işğal etməklə sonrakı hərbi əməliyyatlarını kifayət qədər asanlaşdırdılar. 44 günlük fəal xarakter daşıyan döyüşlər Azərbaycanın Silahlı Qüvvələrinin peşəkarlıq və qəhrəmanlığını, Vətənə son dərəcə bağlı olduğunu birmənalı şəkildə təsdiq etdi. Eyni zamanda Azərbaycanın müstəqilliyi dövründə hərbi təhsil alaraq artıq yüksək səviyyəli zabit kimi formalaşan dəyərli övladlarımız Ali Baş Komandanın rəhbərliyi altında hərbi əməliyyatları çox yüksək səviyyədə planlayıb həyata keçirdilər. 44 gündə Prezidentimizin də dediyi kimi, Ermənistanın belini qırdıq. Düşmənə elə böyük zərbə endirildi ki, işğalçı ölkə uzun illər layiq olduğu bu ağır durumdan çıxa bilməyəcək”.

Deputat deyir ki, Prezidentin ay yarımlıq müharibədə Ordumuzun zəfər yürüşünün Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar etməsi fikrini artıq bütün dünya qəbul edir. İrəvandan Rusiyaya yalvarışlar etdilər və Vladimir Putinin müdaxiləsi, Prezident İlham Əliyevin də istədiyi sənədin masada olması müharibənin son günü oldu:

“Ölkə Prezidenti əvvəlcədən belə söyləyirdi - o zaman biz müharibəni dayandıra bilərik ki, işğal olunmuş torpaqlarımızın Paşinyan tərəfindən boşaldılmasına dair qrafik verilsin və sənəddə onun imzası olsun. Buna nail olan Prezident həm də siyasi-diplomatik müstəvidə özünün peşəkarlığını və müdrikliyini nümayiş etdirdi. 3 rayonumuz- Ağdam, Kəlbəcər və nəhayət Laçın güllə atılmadan Azərbaycana qovuşdu, şəhid vermədən həmin rayonlarda üçrəngli bayrağımız dalğalandı. Bu gün Laçın dağlarında, Vətənə həsrət qalan yurdumuzda bayrağımız ucaldı. Artıq digər bölgələrimiz kimi bu rayon da azadlığına qovuşdu. Bu çox böyük tarixi bir qələbə idi. Laçının işğalçılardan təmizlənməsi ilə biz əslində müharibənin əsas mərhələsini uğurla başa çatdırdıq. Bundan sonra mübarizəmiz siyasi və diplomatik müstəvidə, informasiya məkanında gedəcək.

Biz Prezident İlham Əliyevə inanır və güvənirik. Onun yüksək peşəkarlığı və böyük diplomatik məharəti bundan sonra da bütövlükdə Qarabağda Azərbaycan bayrağının dalğalanmasını təmin edəcək, suverenliyimiz tamamilə təmin olunacaq. Ermənilərin indi yaşamış olduğu yerlər də Azərbaycanın inzibati ərazisinin bir vahidi kimi idarəçilik sisteminə daxil ediləcək. Başqa sözlə, hər hansı statusdan, muxtariyyət və s. adlandırılan özünüidarə formalarından söhbət gedə bilməz. Bütün bunların hamısı cənab Prezidentin də dediyi kimi cəhənnəmə göndərildi. Beləliklə, Laçın bu gün Vətənə qovuşmaqla xalqımıza yeni sevinclər bəxş etdi. Nəhayət, rayonlarımız vandal, iblis rejimin, ideologiyanın əsarətindən xilas edildi”.

Fəzail Ağamalının sözlərinə görə, Azərbaycan Vətən Müharibəsindən qalib ayrılmaqla özünün gücünü və imkanlarını nümayiş etdirdi. Onsuz da Cənubi Qafqazda lider dövlət olan Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionun həqiqətən əsl söz sahibi, təkrarsız lideri statusunu daha da gücləndirdi:

“Təbii ki, Prezidentin bugünkü müraciətində Ermənistanın işğalçılıq siyasətinin bölgədə yaratmış olduğu müəyyən mahiyyət daşıyan çətinlikləri və İrəvan üçün faciəvi xarakter daşıyan durumu konkret faktlarla ortalığa qoyuldu. Bir daha işğalçıların üzünə tərs şillə kimi çırpıldı ki, əgər vaxtilə işğalçılıq mövqeyində dayanmasaydılar, Azərbaycandan Avropaya gedən enerji layihələrindən pay sahibi ola, gəlirlər götürə bilərdilər. Digər sahələrdə də əlaqələrimiz inkişaf edə bilərdi. Məsələn, bu gün Gürcüstanla əlaqələrimiz yüksək səviyyədədir və bu ölkə özünün büdcəsinə külli miqdarda maliyyə vəsaiti daşıya bilir. İrəvan isə artıq bundan məhrum olub. Bundan sonra artıq kommunikasiyaların açılması heç şübhəsiz dövlətimizin rəyi ilə həll olunacaq. Bu kommunikasiyaların yenidən qurulması həm də regionda təhlükəsizliyin təminatı sayılacaq.

Prezidentin müraciətində belə fikir səsləndirildi - elə bir strategiya, elə bir taktika müəyyənləşəcək ki, bundan sonra ölkəmizdə heç bir halda bu cür təhlükə mənbəyi olmasın. Dövlət başçısının məlum sözlərinin arxasında çox böyük məna yatır. Bu yalnız bizim deyil, bölgənin maraqlarına, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən unikal yanaşmadır. Cənab Prezident təkcə xalqımızın yaddaşında və ürəyində xilaskarımız, uğurlu Ali Baş Komandan kimi əbədi qalmaqla kifayətlənmədi, həm də bu 66 gün ərzində özünü regionun əvəzsiz lideri və dünya səviyyəli böyük dövlət xadimi kimi təsbit etdi. Biz Prezidentimizlə fəxr edirik. Onun bu gün bizə yaşatdığı sevinci hansısa sözlə ifadə etmək çətindir. Qürur hissi ilə deyirəm ki, bizə böyük qələbələr bəxş edən rəhbərimiz var. Son 200 ildə Azərbaycan itirilmiş torpaqlarını qaytara bilməmişdi. İlham Əliyev yeganə dövlət xadimi, müdrik siyasətçi, strateq kimi itirilmiş torpaqlarımızı çox böyük uğurla qaytara bildi. Həm də üç böyük və ciddi əhəmiyyət kəsb edən tarixi ərazimizi şəhid vermədən Azərbaycana qovuşdurdu. Mən də bir millət vəkili olaraq ona öz minnətdarlığımı bildirirəm, şəhid ailələrinin, valideynlərinin qarşısında baş əyirəm. Qazilərimizə can sağlığı diləyirəm. Yaşasın, Azərbaycan, Ali Baş Komandan və müzəffər Ordumuz! Bu qələbə münasibəti ilə laçınlıları, bütün xalqımızı təbrik edirəm”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Laçın   Ali-Baş-Komandan   Fəzail-Ağamalı  





Xəbər lenti