“Yurdumuza qayıdırıq, elə bil yuxudur...” - Laçın sakini

“Yurdumuza qayıdırıq, elə bil yuxudur...” -  Laçın sakini
  02 Dekabr 2020    Oxunub:1940
“Laçında hər bulağın cığırını tanıyıram. Hamısını gedib axtarıb tapacağam”.

Bunu Azvision.az -ın əməkdaşı ilə söhbətində Laçın sakini Rövşən Həsənov doğma rayonunun erməni işğalından azad edilməsindən danışarkən deyib. Həmsöhbətimiz 31 yaşında tərk etməyə məcbur olduğu Qızılca kəndinə 61 yaşında geri qayıdacaq.
“Laçında baytar həkim işləmişəm. 1989-cu ildən 1992-ci ilə kimi torpaqlarımızın müdafiəsində iştirak etmişəm. 711-ci batalyonun tərkibində döyüşürdük. 28 ildən sonra doğma yurdumuz işğaldan azad olundu. Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkürümüzü bildiririk. Dəmir yumruqlu rəhbərimiz var. Laçının bir gün azad olunacağını ağlıma gətirməzdim. Adam elə bilir ki, yuxudadır. Bəlkə heç yuxuda da ağlımıza gəlməzdi.

Döyüşdüyüm günləri xatırlayıram. Deyirəm, kim bilərdi ki, 31 yaşımda çıxdığım yerə 61 yaşımda qayıdacağam. Bu ayrı duyğudur. Başa sala bilmirəm, həyəcanlanıram. İllərlə Laçın yanğısı ilə gəzmişəm. Orada keçirdiyim günlər yaddan çıxarmı?! Laçın mənim uşaqlığım, gəncliyim, cavanlığım deməkdir. 90-cı illərdə güclü ordumuz, vahid komanadanlıq yox idi. Hamı içindəki vətən duyğusu ilə döyüşürdü. Bu günə şükürlər olsun.

Laçının harasında, hansı meşəsində, dağında olmamışam ki?! Qaragöl yaylağı... Bəlkə də dünyada belə gözəl yer yoxdur. Turşsu var orada. Hər bulağın cığırını tanıyıram. Elə o cığırlarla da geri qayıdanda o bulaqları tapacağam”.




R. Həsənov yenidən doğma kəndinə ev tikəcəyini, yeni həyat quracağını deyib.

“Evimiz salamat qalmayıb, ermənilər söküblər. Amma mən əvvəlkindən də gözəl ev tikəcəyəm. Qollarımı çirmələyib işləyəcəyəm. Heç bilmirəm ki, Laçına ilk ayaq basanda necə olacağam, özümü necə hiss edəcəcəyəm. Prezidentimizə təşəkkür edirəm ki, bizə bu gün qələbə sevincini yaşatdı.

İndiyədək Laçının dağını, meşəsini, yolunu görmək üçün Daşkəsənə, Gədəbəyə, Göygölə gedirdim. Murova çıxıb boylanırdım. Amma əlim çatmırdı. Bundan pis duyğu yoxdur. Sən öz evinə uzaqdan baxırsan, yaxın dura bilmirsən. Laçının azad olunacağı xəbərini eşidəndə sevincimdən oynadım, gecəni yatmadım”.









Qeyd edək ki, dekabrın 1-də Laçın rayonu 28 illik erməni işğalından azad olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Laçın  





Xəbər lenti