“Qarşıda bizi çox böyük quruculuq işləri gözləyir” - Cəbrayılın deputatı

 “Qarşıda bizi çox böyük quruculuq işləri gözləyir” -  Cəbrayılın deputatı
  02 Dekabr 2020    Oxunub:2565
“Azərbaycanın ikinci Qarabağ müharibəsindəki uğurlarında, düşmən üzərindəki qətiyyətli qələbəsində cənab Prezidentin vurğuladığı kimi xalqımızın yumruq kimi birləşməsi çox böyük rol oynadı”
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, hazırda Azərbaycanda çox güclü xalq-iqtidar, xalq-ordu birliyi var:

“Düşmən dəfələrlə çalışdı ki, həmrəyliyimizi, birliyimizi pozsun, müxtəlif təxribatlar törədərək nifaq salsın. Ancaq digər mənfur niyyətləri kimi buna da nail ola bilmədilər. Azərbaycan xalqı müharibənin son gününə kimi öz birliyini qorudu. Qələbəmizin əsas səbəblərindən də biri bu həmrəyliyin yüksək səviyyədə olması idi. İndi biz növbəti bir mərhələyə qədəm qoyuruq. Artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan isə daha da güclənərək nüfuzunu artırır. Amma ölkəmizin düşmənləri xalqımıza qarşı yenidən təxribat cəhdlərində olacaqlar. Bunun baş verməməsi üçün biz mütləq birlik və həmrəyliyimizi qorumalıyıq”.

Deputatın sözlərinə görə, Azərbaycan xalqı qarşıdakı illərdə də birlik, həmrəylik, güclü iradə nümayiş etdirəcək. Xalqımız Prezidentin dediyi kimi yenə birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək:

“Qarşıda bizi çox böyük quruculuq işləri gözləyir. İşğaldan azad edilən rayon və şəhərlərimizdə genişmiqyaslı bərpa və təmir işləri aparılacaq. Regionun turizm, iqtisadi, kənd təsərrüfatı potensialının gücləndirilməsi kimi ciddi işlər görüləcək. Bu istiqamətlərdə hər bir ölkə vətəndaşı yaxın gələcəkdə öz töhfəsini verməyə çalışmalıdır. Yəni düşünməməliyik ki, müharibə bitdisə, deməli hər şey yekunlaşdı. Bu gündən sonra da bizim əvvəlki tək həmrəyliyə, bərabərliyə çox böyük ehtiyacımız olacaq. Ölkəmizi inkişaf etdirmək, işğaldan azad edilmiş regionu qurub dirçəltmək üçün mütləq xalq, vətəndaş həmrəyliyi yüksək səviyyədə saxlanmalıdır”.

Ceyhun Məmmədov onu da qeyd edib ki, bu gün Laçın rayonunun ölkəmizə qaytarılması ilə Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında şanlı və şərəfli bir tarix yazdı. Son iki yüz ildə ilk dəfə idi ki, torpaq itirmədik, əksinə, itirilmiş torpaqlarımızı geri qaytardıq:

“Qeyd etdiyim kimi, bu tarixi uğurda hər bir Azərbaycan vətəndaşının rolu oldu. Hər kəs öz sahəsində müsəlləh əsgər kimi çalışdı. Bu baxımdan biz növbəti dövrlərdə həmrəyliyimizi, xalq-iqtidar birliyini, güclü iradəmizi qorumalıyıq. Belə olsa, ölkəmiz daha çox güclənər. Artıq Azərbaycan regionun lider dövlətlərindən birinə çevrilib, ölkəmiz diktə olunan yox, diktə edən dövlətdir. Bu gün Azərbaycan haqqında qarşısına qoyduğu məqsədə qısa zamanda nail olan bir ölkə, qalib ordusu olan güclü bir dövlət kimi danışılır. Bundan sonra da qüdrətli dövlətimizi daha çox gücləndirmək üçün böyükdən balacaya qədər hər birimiz gücümüzü səfərbər etməliyik. Çalışmalıdır ki, bu birliyimiz zədələnməsin, həmrəyliyimizin zəifləməsinə heç kim imkan verməməlidir. Belə olan halda biz xalq olaraq daha işıqlı bir gələcəyi olan, perspektivli dövrə qədəm qoyaraq böyük uğurlar əldə edəcəyik”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Həmrəylik   Ali-Baş-Komandan   Deputat   Ceyhun-Məmmədov  





Xəbər lenti