“Qarabağ” ordeninin statutu müəyyənləşib
“Qarabağ” ordeni 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.
Ordenin ön tərəfində lentin mərkəzində “QARABAĞ” sözü yazılıb. Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunub. Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir edilib. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.
Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunub.
Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunub. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunub. Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.
Azvision.az
Teqlər: “Qarabağ”ordeni