“Düşmənin belini qırıb yeni reallıqlar yaratdıq” - Deputat

“Düşmənin belini qırıb yeni reallıqlar yaratdıq” -  Deputat
  02 Dekabr 2020    Oxunub:1877
“Laçın rayonu rəşadətli Azərbaycan Ordusunun əzmi və Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, qətiyyəti, yenilməz iradəsi nəticəsində işğaldan azad olundu. Üstəlik bu bir güllə atılmadan, bir şəhid vermədən baş tutdu”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib. O bildirib ki, Laçının 28 ildən sonra azad edilməsi, düşmən ordusundan təmizlənib öz doğma sakinlərinə qaytarılması böyük tarixi uğurdur. Uzun illər işğalda saxlanılmış bu böyük rayonun Azərbaycanın nəzarətinə keçməsi dövlət sərhədlərinin tam bərpası deməkdir və bununla Azərbaycan tarixi qələbəyə imza atdı. Bu, həm də çox böyük siyasi qələbədir:

“Əslində hər birimiz tam əminik ki, siyasi yolla olmasa da, hərbi yolla Azərbaycan Ordusu mütləq Laçını, Kəlbəcəri və Ağdamı düşmən tapdağından azad edəcəkdi. Buna heç bir şübhə yoxdur. Amma eyni zamanda hər birimiz bilirik ki, yerləşdikləri çətin relyef, mövsüm şərtləri də nəzərə alınarsa, bizim çoxsaylı itkilərimiz olacaqdı. Sadəcə onu xatırlamaq kifayətdir ki, Ağdamda 5 müdafiə xətti mövcud olub. Və bunların hər birinin aşılması zamanı itkilər qaçılmaz idi.

Ona görə də sözügedən üç rayonun danışıqlar yolu ilə geri qaytarılması Azərbaycanın böyük və möhtəşəm siyasi qələbəsidir. Təbii ki, düşmən buna öz xoşu ilə razı olmadı. Bu, birbaşa Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi qeyri-şərtsiz qələbənin məntiqi davamı idi. Nəticə etibarilə ölkəmiz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Bununla da Azərbaycan dünyada dondurulmuş münaqişələrin hərb yolu ilə də həlli yolunun olmasının nümunəsini yaratdı”.

Deputat onu da bildirib ki, dünən Laçının azad olunması ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev bir sıra vacib və maraqlı fikirlər səsləndirib. Başlıca məqam ondan ibarətdir ki, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu, bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, əməkdaşlıq formatı yaratdı:

“Ölkə başçısının qeyd etdiyi kimi, bu format nədən ibarət olacağını gələcək həyat göstərəcək. Hər halda yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işlər görüldü, düşməni torpaqlarımızdan qovduq və noyabrın 10-da imzalanmış məlum bəyanatda göstərilən məsələlər tam həllini taparsa, onda bölgədə yeni əməkdaşlıq çərçivələri yaradılacaq.

Cənab Prezident dünənki müraciətində həmçinin Ermənistanın işğalçılıq siyasətinin bölgədə yaratmış olduğu müəyyən mahiyyət daşıyan çətinlikləri və İrəvan üçün faciəvi xarakter daşıyan durumu konkret faktlarla ortalığa qoyuldu. Təkrar şəkildə mənfur düşmənə bildirildi ki, əgər zamanında işğalçılıq siyasətini dayandırsaydı, Azərbaycandan Avropaya gedən enerji layihələrindən pay sahibi ola, gəlirlər götürə bilərdilər. Digər sahələrdə də əlaqələrimiz inkişaf edə bilərdi. Lakin rəsmi İrəvan bu gün bütün bunlardan məhrum olunub. Bundan sonra artıq kommunikasiyaların açılması heç şübhəsiz dövlətimizin rəyi ilə həll olunacaq”.

Anar Məmmədov xatırladıb ki, ölkə başçısı nitqində indiyə qədər heç vaxt cəmiyyətə açıqlanmayan bir məqamı da dilə gətirib. Prezident deyib ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də, Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud imiş. Ermənistan tərəfi, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edibmiş:

“Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanın həcmi daha böyük idi. Ancaq Prezident bununla heç vaxt razılaşmayıb və hətta buna görə bəzi təzyiqlərə belə məruz qalıb. Bu gün reallığa gəlincə, Ermənistan və ona havadarlıq edən dövlətlər bir daha dərk etdilər ki, saxta tarix heç zaman reallıqları dəyişə bilməz. Ötən 17 il ərzində həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm də ordu quruculuğunda bütün gücümüzü səfərbər edib, cənab Prezidentin dediyi kimi düşmənin belini qırdıq və bu gün biz yeni reallıqlar yaratdıq.

Prezident sonda belə fikir səsləndirdi - elə bir strategiya, elə bir taktika müəyyənləşəcək ki, bundan sonra ölkəmizdə heç bir halda bu cür təhlükə mənbəyi olmasın. Belə yanaşma təkcə bölgədə deyil, bütövlükdə dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən yanaşmadır. Belə ki, cənab Prezident hər kəsin yaddaşında əbədi qəhrəman, qalib sərkərdə olmaqla yanaşı, eyni zamanda dünya səviyyəli böyük dövlət xadimi kimi də həkk olundu. Bu gün hər bir azərbaycanlı əmindir ki, hakimiyyətə gəldiyi ilk gündən verdiyi bütün vədlərə əməl edən Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və xalqımız işğaldan azad edilmiş əraziləri yenidən gülüstana çevirəcək, infrastrukturu bərpa edəcək və o torpaqlara həyat qaytaracaq. Buna görə də bizlərə yaşatdığı qürurlu və tarixi günlərə görə ilk növbədə Ali Baş Komandana və Şanlı Azərbaycan Ordusuna öz təşəkkürümü bildirir, şəhid olan igid oğullarımıza allahdan rəhmət diləyirəm. Yaşasın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan! Yaşasın qalib Azərbaycan Ordusu!”

Tural Tağıyev
Azvision.az


Teqlər: Laçın   Deputat   Quruculuq   Azərbaycan-Ordusu   Qarabağ  





Xəbər lenti