“Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir”

“Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir”
  02 Dekabr 2020    Oxunub:1457
“Artıq minilliklərdən soraq verən qalalar məskəni, qədim türk yurdu Laçın da öz əzəli və əbədi sahiblərinə qaytarıldı, işğaldan azad edildi və əsirlikdən qurtulan digər torpaqlarımız kimi yeni tarixə qədəm qoydu”.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, noyabrın 10-da Azərbaycan Rusiya və Ermənistan rəhbərlərinin birgə imzaladıqları Bəyanata əsasən müqəddəs Qarabağ torpaqları uğrunda apardığımız müharibə Azərbaycanın parlaq qələbəsi ilə sona çatdı. Müzəffər Azərbaycan ordusunun misilsiz şücaəti ilə darmadağın olan düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməyə məcbur oldu:

“Ölkə Prezidentimiz İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi- “Özü də bir güllə atmadan Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”. Güllə belə atılmadan geriyə qaytarılan tarixi şəhərlərimiz həm də siyasi arenadakı mütləq qalibiyyətimizin göstəricisidir. Eyni zamanda tarixi yurd yerlərimizin Kəlbəcərin, Ağdamın, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm siyasi, həm də diplomatik müstəvidə qələbəsinin təcəssümü oldu.

Artıq xalqımız Ağdam və Kəlbəcərdən sonra Laçının da işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, bizim qələbəmiz tarixi qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır”.

Deputat vurğulayıb ki, faşist ideologiyasından qaynaqlanan Ermənistan hakimiyyəti hər fürsətdən dinc azərbaycanlı sakinlərə qarşı istifadə edib, onlara işgəncə verib, qətlə yetirib. İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərləri raket atəşinə tutdu. Gecə saatlarında Gəncənin bombalanmasını, Bərdənin raket atəşinə tutulmasını, Tərtərdə ölüsünü dəfn edən dinc sakinlərin bombardıman olunmasını, Goranboyun, Ağcabədinin, Siyəzənin, Xızının raket atəşinə tutulmasını dünya ictimaiyyəti də gördü və işğalçı Ermənistanın terror aktlarını qınadı:

“Ermənilər hərbi texnikalarını dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirərək, onları da hədəfə çevirmələrinə baxmayaraq humanistlikləri ilə hər zaman nümunə olan Azərbaycan hərbçiləri mülki obyektləri və yaşayış yerlərini hədəf almadı, dinc erməni sakinlərinə qəsdən xəsarət yetirmədi. İşğaldan azad edilən dinc erməni sakinlərinin ərazini rahat şəkildə tərk etməsi üçün humanitar dəhlizin açıq saxlanılması da buna nümunədir.

Dünyada sülhə, tolerantlığa, mədəniyyət və sivilizasiyalara xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən Azərbaycan əzəli-əbədi torpaqlarını 30 illik işğaldan azad edərkən də nümunə oldu. Müharibə şəraitində belə ölkəmiz sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanların, tarixi-dini abidələrin, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşdı. Düşmən isə işğal altında olan torpaqlarımızda tarixi abidələrimizi, maddi-mənəvi irsimizi qəsdən, riyakarcasına dağıtdı, təhqir etdi, beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan acı həqiqətlərə imza atdı”.

Naqif Həmzəyev artıq illərlə düşmən tapdağı altında olan torpaqlarımız düşmən əsarətindən azad edildiyini deyərək Qarabağ adlı münaqişənin sona çatdığını qeyd edib:

"Qarabağ Azərbaycandır və nida" deyən ölkə Prezidenti İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Özünün tarixi, coğrafi mövqeyinə görə Azərbaycanın ən qədim və strateji cəhətdən vacib olan yaşayış məskənlərindən sayılan Laçının işğaldan azad edilməsi münasibəti ilə xalqımızı təbrik edərkən dövlət başçısı hər bir Azərbaycan vətəndaşının illərlə arzusunda olduğu sözləri dilə gətirdi: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Ölkə Prezidentinin müdrik, məqsədyönlü siyasətinin təsdiqi olan tarixi zəfərimiz Azərbaycan xalqının iftixar və qürur mənbəyidir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   Prezident   Laçın   Tarixi-qələbə  





Xəbər lenti