Düşmənin 30 illik ordusu 44 günə necə darmadağın edildi - Ekspert detalları açıqlayır

Düşmənin 30 illik ordusu 44 günə necə darmadağın edildi -  Ekspert detalları açıqlayır
  02 Dekabr 2020    Oxunub:8435
"Ermənistan ordusunun 30 ilə yaxın hazırlaşdığı döyüş əməliyyatları göstərdi ki, bu ölkə heç də deyildiyi qədər imkana və döyüş qabiliyyətinə malik olmayıb. 44 gün ərzində davam edən döyüş əməliyyatlarında Azərbaycan Ordusu ilk gündən əks hücumla düşmənin ən hazırlıqlı birinci eşalonunu bir neçə istiqamətdən yarmağa nail oldu".
Bunu Azvision.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, ermənilər ilk müdafiə xəttinə müxtəlif yüksək səslənən isimlər verməklə sanki Azərbaycan Ordusunun buranı yarmasının mümkün olmayacağı barədə görüntü yaratmağa çalışırdı.

"Lakin bu, belə olmadı. İlk gündən düşmənin döyüş xəttini yaran Azərbaycan Ordusu ilk saatlarda erməni müdafiəsinin bir neçə kilometr dərinliyinə irəliləməyə nail oldu. Döyüş əməliyyatları Ermənistan ordusunda kəşfiyyat xidmətinin çox zəif təşkil olunduğunu göstərdi. Onlar Azərbaycan Ordusunun ehtimal olunan əsas zərbə istiqamətini düzgün müəyyənləşdirə bilmədilər. Bu isə Ermənistan ordusuna öz qüvvələrini bu istiqamətlərdə cəmləşdirməməyə, təminat, təchizat məsələlərində ehtiyatların yaradılmamasına, nəticə etibarı ilə Ermənistan ordusunun müdafiəsinin qısa müddətdə yarılmasına və döyüş üçün böyük əhəmiyyət kəsb edən, o cümlədən Murov istiqamətində strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsinə səbəb oldu. Bu yüksəkliklərin əldə olunması Ermənistanı Qarabağla bağlayan yolların qapanmasına, təchizatın kifayət qədər mürəkkəb marşrutla, Gorus-Qafan-Laçın dəhlizi ilə daşınmasına səbəb oldu. Ermənistan ordusunun digər zəif cəhəti bu idi ki, orduda zəif əlaqə, koordinasiya və əlaqələndirilmiş fəaliyyətlər nəzərə çarpmadı. Təbii ki, döyüş əməliyyatları zamanı ordunun geri çəkilməsi və ya irəli getməsi normaldır. Bu hər bir orduda ola bilər. Lakin Ermənistan ordusunun geri çəkilməsi xaotik xarakter daşıyırdı. Bu görüntülərdən də bəlli idi. Sanki heç bir idarəetmə mövcud deyil, düşmənin zabit heyətinin harada olması, nə ilə məşğul olması anlaşılmırdı. Əsgərlərin xaotik şəkildə bir yerdə cəmləşərək geri çəkilməsi onların Azərbaycanın pilotsuz uçan aparatlarının və ya artilleriya vasitələrinin zərbəsilə qarşılaşmasına, bunun nəticəsində itkilərə məruz qalmasına gətirib çıxarırdı. Azərbaycan Ordusunun istifadə etdiyi pilotlu və pilotsuz vasitələr müharibənin ilk günlərindən düşmənin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmışdı. Biz burada "Osa", "Kruq", "Kub" və "S-300"ləri göstərə bilərik. Düşmənin hava hücumundan müdafiə sistemlərinin sıradan çıxarılması Azərbaycan Silahlı Qüvvələrinin hava üstünlüyünü təmin etdi. Ermənistanın bu müharibədə 70-ci illərdə Yaxın Şərqdə tətbiq olunan taktiki metodlardan istifadə etməsi, idarəetmədə buraxdığı səhvlər, kəşfiyyata lazımi diqqətin yetirilməməsi və ya kəşfiyyatın öz vəzifələrini yerinə yetirməməsi Azərbaycan Ordusunun hansısa kəndləri deyil, düşmənin müdafiəsinin daha geniş cəbhədə yarılması və artıq bir neçə istiqamətdə rayonların azad edilməsi ilə nəticələndi".



Hərbi ekspert bildirib ki, Qubadlının işğaldan azad edilməsi Azərbaycanın Laçın rayonuna maksimum yanaşması və Ermənistanı Qarabağla bağlayan Laçın dəhlizinin atəş altında saxlanılması onların Dağlıq Qarabağ ərazisində olan silahlı birləşmələrinin təchizatında ciddi problemlər yaratdı:

"Bunun ardınca Şuşanın azad edilməsi müharibənin taleyini həll etdi. Ora zirehli texnika, artilleriya və gərəkən miqdarda şəxsiyyətin çıxarılması Xankəndi, Laçın, Turşsu, Xocavənd və Xocalı üçün ciddi təhdidlər yaratdı. Bundan sonra bizi qələbədən 2-3 gün ayırdığını anlayan Ermənistan tələsik kapitulyasiya aktı imzalamağa məcbur oldu. Nəticə etibarı ilə Ermənistan ordusunun 5 minə qədər şəxsi heyəti öldü, 10 minə qədər yaralısı və minə qədər itkin düşəni oldu. Onlar bəzi itkilərin Azərbaycan tərəfində əsirlikdə olduğunu iddia edirlər".



Ə.Verdiyev qeyd edib ki, düşmənin texnika baxımından itkiləri daha böyükdür: "5 ədəd Su-25 hücum təyyarəsi, 366 ədəd tank, 97 ədəd "Qrad", "Uraqan", "S-300" komplekslərinin atıcı qurğuları, müxtəlif tipli zenit-raket kompleksləri, pilotsuz uçan aparatlar, operativ–taktiki raket kompleksləri, saymaqla bitməyəcək qədər zirehli və zirehsiz vasitələr itirən Ermənistan ordusu demək olar ki, texnika potensialının böyük hissəsindən məhrum oldu. Bu, aviasiyada 30 faiz idisə, tanklarda bəlli olan saydan daha üstündür. Bunu hazırda araşdırırıq. Mətbuatda daha geniş məlumatlarla çıxış edəcəyik. Ümumilikdə Ermənistan ordusu potensialının ən azı 40 faizini itirib. Bunun bərpa olunması üçün Ermənistana illər lazımdır. Bəzi mənbələrə görə, itirilən texnika 2 milyard dollardan çoxdur. Bəzi mənbələr isə bunun daha böyük rəqəmlə ifadə olunduğunu deyir. Bu, Ermənistan ordusunun yaxın iki onillikdə nəticələri aradan qaldırmasını sual altında qoyur".







Azvision.az


Teqlər: Düşmən   Məhv   Müharibə  





Xəbər lenti