Şuşada yaralanan qazi: “3 gün meşədə qaldıq, sonra mühasirəni yara bildik” - FOTOLAR

  Şuşada yaralanan qazi:  “3 gün meşədə qaldıq, sonra mühasirəni yara bildik” -  FOTOLAR
  03 Dekabr 2020    Oxunub:17315
44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından biri də 20 yaşlı Əli Qarazadədir. Tərtər rayonunun Qaradağlı kənd sakini olan Əli əsgərlik müddətini Xüsusi Təyinatlı Qüvvələrdə keçib. Hərbi xidməti bitirdikdən sonra orada qalmağa üstünlük verib.
Ə.Qarazadə müddətdən artıq hərbi qulluqçu kimi xidmətinin 4-cü ayında Qarabağın azadlığı uğrunda döyüşlərə qoşulub, sentyabrın 27-dən noyabrın 5-ə qədər düşmənə sarsıdıcı zərbələr endirib.

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən Müharibəsi barədə təəssüratlarını Azvision.az-la bölüşən hərbi qulluqçu Şuşa döyüşlərində yaralandığını bildirib.



“Kəlbəcər istiqamətindən döyüş əməliyyatlarına başladıq. Daha sonra Füzuli, Cəbrayıl, Hadrut, Şuşa döyüşlərinin hər birində aktiv iştirak etmişəm. Noyabrın 5-də Şuşada ağır yaralandım. Biz kəşfiyyatçı olduğumuz üçün öndə gedirdik, hücuma keçmişdik. Soldan erməni çıxdı, onu görmədim, yaxın məsafədən belimdən vurdu. Sürünə-sürənə ərazidən çıxmağa çalışırdım. O zaman məni izləyən snayper ikinci dəfə ayağımdan vurdu. Yenə döyüşdən çəkilmədim. Yoldaşlarım orada mənə tibbi müdaxilə etdi, biz 3 gün meşədə qaldıq. Mühasirəni yarıb irəli getmişdik. Hər tərəfdə ermənilər var idi, riskə atıb məni oradan çıxara bilməzdilər. Noyabrın 8-də Şuşa şəhəri alınandan və bizim Ordumuzun nəzarətinə keçəndən sonra ərazidən çıxa bildim. Əvvəlcə Hadruta, oradan Füzuli rayon Mərkəzi Xəstəxanasına apardılar. Daha sonra noyabrın 9-da Yevlax rayon Mərkəzi Xəstənaxasına göndərdilər. Orada 1 saat 40 dəqiqə əməliyyatda oldum. Bir həftədən sonra Beyləqan Mərkəzi Xəstənasına, oradan isə Hərbi Hospitala gəldim. Hazırda vəziyyətim normaldır, kastellə gəzirəm. Müalicələrim davam edir”.



Ə.Qarazadə döyüş əməliyyatları zamanı düşmənin qorxub qaçdığını, yerlərini tərk etdiyini deyir: "Düşmənə elə anda zərbə vururduq ki, onların bir addım atmaq üçün imkanı olmurdu. Onları məhv edirdik. Ermənilər bizə 92-93-cü illərdə nələr yaşatmışdısa, hamısının əvəzini çıxdıq. Düşmənin işi ancaq qaçmaqdır. Onlar qorxaqdır, bizimlə qarşılaşmağa hünəri yoxdur".

Hərbçimiz bildirib ki, 44 günlük müharibədə Azərbaycan Ordusu böyük rəşadət göstərib: “Döyüşdə heç nə asan olmur. Biz düşmənin müqavimətini qıraraq irəliləyirdik. Hadrut, Daşaltı döyüşləri də ən qızğın döyüşlərdən oldu. Rəşadətli Ordumuz hər an irəli gedirdi, geri çəkilmək olmadı. Son qanımıza qədər irəli getdik və torpaqlarımızı işğaldan azad etdik. Bu gün həmin torpaqlarda Azərbaycan bayrağı dalğalanır.



Üstümdə bayrağım var idi və ən böyük arzum onu Şuşa şəhərində sancmaq idi. Uşaqlıqdan hərbiyə meyilli olmuşam və hər dəfə deyirdim ki, kəşfiyyatçı kimi Şuşaya ilk gedənlərdən olacağam. Şuşanın girişində vuruldum və bayrağı sancmaq qismət olmadı deyə çox pis oldum. Sağalandan sonra mütləq Şuşaya gedəcəyəm”.

Müsahibimiz azad etdikləri hər qarış torpaqda şəhidlərin qanını yerdə qoymadıqlarını söyləyib: “Bizdə dayanmaq, geri çəkilmək deyə bir şey olmurdu. Daim irəliləməyi düşünürdük. Bu yolda birgə irəlilədiyimiz dostlarımız, qardaş dediyimiz insanlar bir saat sonra şəhid olurdu. Bizə daha da ruh yüksəkliyi gəlirdi ki, bu yolda bizim qardaşlarımız can qoyub. Onların qisasını almalıyıq. Torpaqların azad edilməsi bizim borcumuzdur".



II Qarabağ Müharibəsinin fəal iştirakçılarından olan Əli bu tarixi yaşadığı və döyüşlərdə iştirak etdiyi üçün özünü xoşbəxt hesab edir.

“Aprel döyüşlərində 16 yaşım var idi. Hərbi komissarlığa gedirdim ki, məni də aparın. Deyirdilər, “yaşın çatmır, olmaz”. Hər nə qədər çalışsam da alınmadı. Amma II Qarabağ Müharibəsində iştirak etdiyim üçün çox şanslıyam. Əgər yaşım çatmasaydı, bu tarixin iştirakçısı olmasaydım çox pis olardım.

Döyüşlər başlayandan həmişə dua edirdim ki, sınaqdan üzüağ, qalib kimi çıxaq. Dua edirdim ki, mənimlə döyüşdə olan təcrübəli zabit və gizirlərlə ayaqlaşa bilim, onlardan geri qalmayım. Bu günə şükür ki, son döyüşlərə qədər iştirak etdim”.



Müharibəyə getdiyini ailəsinə deməyən qazi yaxınlardan halallıq aldığını qeyd edib: “Atam məni həvəsləndirirdi ki, yolun açıq olsun, bizi sevindirərsən. Atam şəhid olmağıma razı idi, amma qorxaqlıq edib geri qayıtmağıma heç vaxt razı olmazdı. Döyüşlərdən sonra istirahət zamanı yoldaşlarla söhbət edəndə deyirdik ki, tez zamanda torpaqlarımız alınsın, biz buralara artıq istirahətə gələk. Şükürlər olsun ki, Azərbaycan xalqının 30 illik həsrəti bitdi”.



Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti