“Vətən müharibəsi bölgədə geosiyasi vəziyyəti dəyişdi” - Politoloq rəyi

 “Vətən müharibəsi bölgədə geosiyasi vəziyyəti dəyişdi” -  Politoloq rəyi
  03 Dekabr 2020    Oxunub:2775
Azərbaycanın tarixi uğur qazandığı 44 günlük Vətən müharibəsi bölgədə yeni siyasi reallıqlar yaratdı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yalnız döyüş meydanında deyil, siyasi arenada, diplomatik cəbhədə və informasiya savaşında da ciddi uğurlara imza ataraq ölkəmizə böyük qələbə qazandırdı. Artıq Azərbaycanı regionda yeni vəziyyət yaradan ölkə statusu daşıyır.
Ali Baş Komandan xalqa müraciətində bu barədə xüsusi olaraq bildirmişdi: "Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Azvision.az -a bildirib ki, 44 günlük müharibədə rəsmi Bakı region üçün mühüm müsbət dəyişikliklər etdi. Nəinki region, ümumilikdə dünyada bir çox ölkəyə örnək olacaq ciddi addımlar atdı:

“Müharibənin yekunu olaraq bölgədə geosiyasi vəziyyət dəyişdi. Azərbaycan yeni reallıqlar yaratdı. Bunlar hansı məqamlardan ibarətdir. Birincisi və ən vacibi odur ki, biz Vətən müharibəsində qələbə əldə edərək tarixi torpaqlarımızı geri qaytardıq. Ermənistanla əvvəlki sərhədləri bərpa etdik, çox böyük uğurlara imza ata bildik. Digər diqqət çəkən amil Naxçıvanla quru və dəmir yolunun açılmasıdır. Bu nəinki ölkəmizi, ümumən bölgədə geosiyasi vəziyyəti dəyişəcək. Təsəvvür edin ki, ilk dəfə olaraq Türkiyə rahat şəkildə quru yolu ilə Azərbaycana çıxış imkanı əldə edir. Azərbaycan da həm Naxçıvana giriş imkanı qazanır, həm də Türkiyəyə daha rahat gediş-gəlişi bərpa edir. Üstəgəl, artıq Rusiya da bu yoldan faydalanmağı düşünür. Dəmir yolu xətti işə düşəndən sonra Rusiya yüklərini Türkiyə kimi iqtisadi cəhətdən vacib bir ölkəyə rahat şəkildə göndərə biləcək”.

Keçmişdə-Sovet dönəmində belə bir nəqliyyat xəttinin olduğunu xatırladan politoloq dəmir yolunun Zəngilandan Naxçıvana getdiyini bildirib. İndi isə bu yol Türkiyəyə qədər uzanacaq:

“Rusiyanın əldə etdiyi eyni imkanları rəsmi Ankara da qazandı. Bundan başqa, biz Ermənistana da imkanlar yaradır və təklif edirik ki, bizim iki şərtimizi yerinə yetirsələr regional layihələrə qoşula, iqtisadi gücünü artıra bilərlər. Bununla Azərbaycan və Türkiyə ilə olan münasibətləri də normallaşdırarlar. Bu amil İrəvanın özünün xeyrinədir. Belə fikirləri vaxtilə erməni lider Levon Ter Petrosyan da deyirdi. Hətta onun məşhur müşaviri olan Liboridyan bu cür təklifləri ortaya qoymuşdu. O, hər zaman bildirirdi ki, bu iki qonşu ilə olan düşmənçilik bizi uçuruma aparır. Onlarla dostluq münasibətlərində olmalı, torpaqları qaytarmalıyıq. Keçmiş müşavirin proqnozları düz çıxdı...

Yəni, bizim yaratdığımız yeni reallıqlardan sonra belə düşünən ermənilərin sayı nisbətən arta bilər. Amma hazırda ortada iki vacib şərtimiz var ki, bunlar yerinə yetirilsə, Ermənistanın layihələrdə aktiv iştirakçı olmaq imkanları artacaq”.

Elxan Şahinoğlu şərtimizdən birinin bundan sonra ermənilərin ölkəmizə qarşı ərazi iddialarından vaz keçmələri olduğunu söyləyib:

“Onlar ərazi bütövlüyümüzü bundan sonra da tanımalıdırlar. İkincisi “Dağlıq Qarabağın” müstəqilliyinə yönəlik çalışmalardan əl çəksinlər. Sona çatan münaqişənin üstünə bir daha gəlməməlidirlər. Təəssüf ki, məğlub olmalarına baxmayaraq, hələ də bu məsələni gündəmdə saxlamağa çalışırlar. Bu iki vacib şərti yerinə yetirsələr, ermənilərin sözügedən mühüm regional layihələrə aktiv şəkildə qoşulma imkanları olacaq. Bölgədə sabitlik əsasında əməkdaşlıq formatı güclənəcək. Bu təkcə Azərbaycanın və Türkiyənin yox, elə Ermənistanın da xeyrinədir, Rusiyanın da maraqlarına uyğundur. Gələcəkdə burada dördlü format işə düşə bilər. Azərbaycan-Rusiya-Türkiyə-Ermənistan formatı”.

Politoloq deyir ki, yaratdığımız yeni siyasi reallıqlardan olan bu formatı gücləndirərək əməkdaşlıq imkanlarını genişləndirmək mümkündür:

“Bizim müharibədəki qələbəmiz görün nə qədər ölkəyə, məsələlərə, geosiyasi duruma təsir etdi. Bundan sonra regionda bir çox ciddi iqtisadi proseslər gedəcək. Amma yenə təkrar edirəm ki, Ermənistan bundan sonra bataqlıqda qalmaq istəmirsə, özünü regionda baş verəcək proseslərin içində görmək istəyirsə, istəyindən əl çəkməlidir. Bunlar ağır şərtlər sayılmır. Onsuz da müharibədə məğlub olan dövlət kimi tanınırlar. Yəni başqa millətlər ölkəmizdə necə yaşayırlarsa, hansı səlahiyyətlərə sahibdirlərsə, ermənilər də o səlahiyyətlərə sahib olacaqlar. Dağlıq Qarabağ ərazilərində Azərbaycan manatı işləməlidir, orada yaşayanlar da pasportlarımızı daşımalıdır. Bunların heç biri ağır şərt sayılmır. Başqa ölkələrdə də eyni şərtlər əsasında azsaylı xalqlar yaşayırlar. Onsuz da məğlubiyyət İrəvanı çətin duruma salıb, elə bir zərbə ilə qarşılaşdılar ki, bundan sonra onilliklər keçsə belə bizimlə müharibə aparacaq halları və potensialları olmayacaq.

Özləri də başa düşdülər ki, tarixlərinin ən böyük məğlubiyyəti ilə üzləşdilər. Bu cür ağır şəraitdən çıxmağın yeganə yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Artıq ermənilər də yavaş- yavaş bunu anlamağa başlayırlar. Məsələn, Ermənistanın yeni iqtisadiyyat naziri açıq şəkildə bildirdi ki, Azərbaycan və Türkiyə bazarlarından istifadə etmək lazımdır, Türkiyə limanlarına çıxmaq imkanlarımız var. Bəli, bunlardan geniş imkanlar mümkündür. Amma bizim sadə istəklərimizin üstündən xətt çəkməmək şərti ilə. Bütün bunlar reallaşarsa, bölgədə çox münbit bir şərait yaranacaq. Azərbaycan yeni siyasi reallıqlar yaratmaqla Ermənistana dirçəlmək üçün şans verdi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Türkiyə   Ermənistan   Yeni-reallıq   Azərbaycan   Əməkdaşlıq  





Xəbər lenti