Polkovnik: “Qələbə paradı möhtəşəm olacaq”

  Polkovnik:  “Qələbə paradı möhtəşəm olacaq”
  03 Dekabr 2020    Oxunub:3173
Azərbaycan Ordusunun Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək. Hazırda paytaxtın Azadlıq Meydanında parada hazırlıq işləri davam edir. Qələbə paradının dekabrın 10-da keçiriləcəyi gözlənilir.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a açıqlamasında bildirib ki, biz bu qələbəni bütün işlərimizlə, istər daxildə, istərsə də xaricdə aparılan işlərlə hazırlayırdıq.

Onun sözlərinə görə, biz xoşbəxt xalqıq ki, bu günü yaşayırıq və Qələbə paradının şahidləri oluruq: "Qələbə paradını gözləyən çoxsaylı insanlar var. Xalqımız, başda Ali Baş Komandan olmaqla hər birimiz bunu arzulayırdıq. Ali Baş Komandanın irəli, əks hücum əməliyyatı ilə bağlı əmrini hər kəs böyük ruh yüksəkliyi ilə qarşıladı. Hamı dəmir yumruq kimi birləşdi. Dəmir yumruq birliyimizin rəmzidir. Azərbaycan dövlətini qələbə çalan dövlət kimi dünyaya tanıtmaq üçün birləşdik. Prezident Azərbaycan Silahlı Qüvvələrinin 100 illik paradında bildirmişdi ki, Ordumuz qələbə çalacaq, burada Qələbə paradı keçiriləcək və Qələbə bayrağı da Azadlıq meydanına gətiriləcək. İki il keçəndən sonra cənab Prezident bunu həyata keçirdi. Qələbə paradının keçirilməsi Azərbaycanın inkişaf tarixində ən birinci əhəmiyyətli tədbirdir. Çünki Azərbaycanda heç vaxt Qələbə paradı keçirilməyib və Azadlıq meydanı heç vaxt Qələbə paradı görməyib. Azərbaycan Prezidenti bu sahədə müdrki Sərkərdə kimi özünü göstərdi".



Hərbi ekspert qeyd edib ki, Qələbə paradı hər kəsin ürəyincə olacaq və möhtəşəmliyi ilə uzun illər yaddaşlarda qalacaq.

"Qələbə paradının özünün yeri, statusu, möhtəşəmliyi var. Bu paradda döyüşlərdə iştirak edən hərbi hissələrin nümayəndələri olacaq. Paradda ola bilsin ki, 44 günlük Vətən Müharibəsində istifadə olunan texnikalar da olsun. Paradın proqramı hələ bəlli olmadığı üçün dəqiq bir söz demək mümkün deyil. Düşünürəm ki, paradda Azərbaycan şahinləri də öz məharətini göstərəcək. Tarixi paradın iştirakçıları böyük qürur hissi, ruh yüksəkliyi ilə Azadlıq meydanında qələbə addımları ataraq keçəcək. Paradlar proqram üzrə gedir, amma bu paradın möhtəşəmliyi tam başqadır. Bunun abu-havası fərqlidir. Buna baxan nə qədər sevinc, qələbə göz yaşları tökəcək. O yaş artıq qürur yaşıdır. Qələbə paradının aparılması ilə bizim bütün şəhidlərin - həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olanların ruhu şad olacaq. Onların qanı yerdə qalmayıb, qisası alınıb. Bizim bugünkü əsgərlər artıq təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Onların nümayəndələri də bu paradda iştirak edəcəklər. Prezident İlham Əliyev demişdi ki, yer ayrılacaq və orada düşmənin məhv edilmiş, qənimət götürülmüş texnikaları yığılacaq və insanlara şərait yaradılacaq ki, həmin texnikalarla tanış olsunlar. Bununla bağlı indidən söz demək çətindir, çünki paradın rəsmi proqramı barədə məlumat yoxdur. Rəsmi tarix deyilməsə də, paradın keçirilməsi barədə təlimlər gedir", - deyə Ş.Ramaldanov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hərbi-ekspert   Ramaldanov  





Xəbər lenti