“Siz bu dünyada bizə cənnəti bəxş etdiniz” - Prezidentə yazırlar

   “Siz bu dünyada bizə cənnəti bəxş etdiniz” -    Prezidentə yazırlar
  03 Dekabr 2020    Oxunub:1784
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də digər ölkələrin azərbaycansevər vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Onlar İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfəri böyük sevinc və qürur hissləri ilə qarşıladıqlarını bildirirlər.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Rusiyanın Krasnoyarsk şəhərindən Aleksandr Oreşnikov yazır: “Hörmətli cənab Prezident İlham Heydər oğlu, mən əsgərliyimi Azərbaycanda başa vurmuşam. 1987-1989-cu illərdə indiki Gəncə, o vaxtkı Kirovabad şəhərində yerləşən 104-cü qvardiyanın hava-desant diviziyasında xidmət etmişəm. Dağlıq Qarabağda baş verən faciələrin birbaşa şahidi və iştirakçısı idim. O vaxt xalqınızın yaşadığı iztirabları böyük ürək ağrısı ilə qəbul edirdim. 1993-cü ildə Ağdamın işğalını bir faciə kimi qəbul etdim, çünki bu şəhərə çox bağlı idim və əziz xatirələrim var idi. Sizi və çoxmillətli xalqınızı Qələbə münasibətilə təbrik edirəm. Nəhayət, ədalət zəfər çaldı. Mən buna ürəkdən sevinirəm və səmimi qəlbdən Sizin fəaliyyətinizin Dağlıq Qarabağa bölgəsinə sülh və firavanlıq gətirəcəyini inanıram. Sizə və xalqınıza əmin-amanlıq, başınızın üstündə açıq səma arzulayıram”.

Gürcüstanın Baş naziri: Azərbaycanla bizi tarixi dostluq bağları birləşdirir
Yaroslavl şəhərindən Asman Hüseynovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi və Azərbaycan xalqını Qarabağın azad olunmasında qazandığınız möhtəşəm Qələbə münasibətilə Rusiyanın Yaroslavl vilayətindəki Azərbaycan icmasının üzvləri adından və öz adımdan təbrik edir, həmçinin Sizə və müzəffər Ordumuza təşəkkürlərimizi bildirirəm. Sizin, rəşadətli Ordumuzun və xalqımızın birliyi sayəsində yüz minlərlə məcburi köçkün öz doğma yurd-yuvasına qayıdacaq. “Yaroslavl Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı 2011-ci il dekabrın 24-də “Azərbaycan mədəniyyət və təhsil mərkəzi” yaratdı. Bu mərkəzin nəzdində müxtəlif bölmələr (Heydər Əliyev Muzeyi, kitabxana, milli çay evi və s.) fəaliyyət göstərir. Mərkəzimiz öz fəaliyyəti ilə Azərbaycan həqiqətlərini yaymağa və milli-mədəni dəyərlərimizi nümayiş etdirməyə xidmət edir. Biz Sizin yürütdüyünüz xarici və daxili siyasəti dəstəkləyir və həmyerlilərimiz arasında geniş təbliğat işləri aparmaqla onları da bu siyasəti dəstəkləməyə sövq edirik. Bizim əsas fəaliyyətimiz ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm irsinin və onun dönməz davamçısı İlham Əliyevin ideyalarının təbliği ilə bağlıdır. Cənab Prezident, biz Sizinlə fəxr edirik və əmin edirik ki, Yaroslavlda yaşayan azərbaycanlılar Sizi və siyasi kursunuzu daim dəstəkləyəcəklər”.

Türkiyənin Antalya şəhərindən Üzeyir Tapdıqlı: “Hörmətli cənab Prezident, bu məktubu yazaraq Sizə hər şey üçün dərin təşəkkürümü bildirirəm. Öncə ölkəmizi inkişaf etdirdiniz, kadr islahatları apardınız, sonra isə bütün xalqımızın həsrətində olduğu Qarabağı azad etdiniz. Mən Antalyada yaşayıram, ürək-damar cərrahlığı sahəsində həkim işləyirəm. İmkan olduqca, vaxt tapdıqca ölkəmizdə baş verənləri izləyirəm. Təbii ki, xalq üçün gördüyünüz işlər sadəcə bu günlər baş verənlərlə kifayətlənmir. Xalqın xeyrinə yüzlərlə önəmli işləriniz olub və yenə olacağına əminəm. Hər şey üçün Sizə təşəkkürlərimi bildirirəm. Bütün Azərbaycan xalqı Sizin arxanızdadır, bundan əmin ola bilərsiniz. Sizi çox sevirik. Ürəyimdəki sözləri, hissləri bir məktuba yerləşdirmək mümkün deyil, İnşallah, nə vaxtsa Sizinlə görüşmək qismət olarsa, ən səmimi təşəkkürlərimi Sizə çatdıraram”.

Ağdam sakini Kərim Yaqubov: “Hörmətli cənab Prezident, mən və ailəm 27 ildən artıqdır ki, öz doğma kəndimiz - İlxıçı kəndindən uzaq düşmüşük. Şükür Allaha ki, sayənizdə Qarabağ torpağımız, Ağdamımız Sizin komandanlığınız altında rəşadətli və müzəffər Ordumuz tərəfindən yağı düşməndən azad olundu. Aztəminatlı ailənin üzvü olduğum üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət tərəfindən mənə verilmiş xırdabuynuzlu heyvanları işğaldan azad olunmuş doğma kəndimizdə saxlayıb artıracağam. Torpaqlarımızın azad olunması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Allah Sizi və ailənizi qorusun!”.

Kəlbəcər sakini Rasim Əliyev: “Çox hörmətli cənab Prezident, çox çətin missiyanın öhdəsindən gələrək əzəli Qarabağ torpaqlarımızı erməni təcavüzkarlarından azad etdiniz, mənliyimizi, qürurumuzu özümüzə qaytardınız. Bununla düşmən bir daha qarşısında heç vaxt ərazilərinin işğalı ilə barışmayan güclü xalq gördü. Bu günün sevincini bizə yaşatdığınız üçün ailəm adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirirəm. Uca Tanrıdan Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Zəfərimiz mübarək olsun!”.

Naxçıvandan Etibar Bababəyli yazır: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ard-arda rayonlarımızın düşmən tapdağından azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir. Sizi və müzəffər Azərbaycan Ordusunu Qarabağın azad olunması münasibətilə təbrik edirəm. Mən Sizinlə və şanlı Ordumuzla fəxr edirəm və qürur duyuram. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə əməl edərək işğal altındakı torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini işğaldan azad etdiniz. Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi dəyərlərimizə sadiq, vətənpərvər, qeyrətli Azərbaycan oğlu olduğunuzu bir daha təsdiq etdiniz. 1990-cı ildə Nehrəm kənd ağsaqqalarının ulu öndərimiz Heydər Əliyevə Qarabağın düzgün həll variantı haqqında verdikləri sualın cavabı onun vəsiyyətinə və arzusuna tam uyğundur. Son 200-ildə dəfələrlə basılan, qarış-qarış yonulan Azərbaycan torpaqlarının bütövləşməsi, türk dünyası ilə pozulmuş coğrafi ərazilərin bərpa olunması Sizin məqsədyönlü, doğru siyasətinizin nəticəsidir. Naxçıvanla Azərbaycan, Türkiyə ilə Azərbaycan və Azərbaycan üzərindən Türkiyə-Rusiya-dünya ölkələri quru yolunun açılmasını həmişə xəyal etmişik. Bu gün bu gerçəkdir, həqiqətdir, tarixi sənətdir. Güclü və iradəli Prezident, Müzəffər Ali Baş Komandan, bu möhtəşəm hadisə ilə bağlı Siz başda olmaqla bütün xalqımızı təbrik edir və 9 Noyabr - Dövlət Bayrağı Günü ərəfəsində xalqımıza bu sevinci yaşadıb şanlı Bayrağımızı Şuşada ucaltmaqla tarix yazdığınızı fəxarətlə vurğulayıram. Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə münasibətilə şəxsən özüm və ailəm adından ürəkdən təbrik edirik, igid, qəhrəman tarix yazan əsgər və zabitlərimizə cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, yaxınlarına səbir diləyirəm! Şəhidlərimizin ruhu şad olsun! Şəhidlərimizə Allah rəhmət etsin! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Ordumuza! Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər və zabitlərimizi qorusun! Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz! Yaşasın Azərbaycan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Lənkərandan Rüstəm Cəfərov yazır: “Hörmətli cənab Prezident, Sizi torpaqlarımızın işğaldan azad edilməsi və Qələbə qazanmağımız münasibətilə təbrik edirəm. Torpaqlarımızın azadlığı Sizin ölkəmiz naminə yorulmaz fəaliyyətinizin nəticəsidir. Bu yolda Sizə daim müvəffəqiyyətlər arzu edirəm. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

Babək rayonundan Allahverdi Həsənov: “Müzəffər Ali Baş Komandan, Siz bu Vətən müharibəsində erməni faşistləri üzərində qazandığınız möhtəşəm Qələbə ilə eyni zamanda onların yüz illərdən bəri Naxçıvana olan iddialarını puça çıxardınız. Çox hörmətli Prezidentimiz, Sizin komandanlığınızla yenilməz Ordumuz Qarabağı mənfur düşməndən azad etdi, möhtəşəm Qələbə qazandı. Bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Cənab Prezident, qazandığımız Qələbənin mahir təşkilatçısı, baş memarı Sizsiniz. Uca Tanrı Sizi qorusun! Zəfərimiz mübarək olsun!”.

Gəncə şəhərindən Nailə Bağırova: “Cənab Prezident, misilsiz Qələbəmiz münasibətilə Sizi təbrik edirəm. Bu müharibə torpaq davası deyil, namus, qeyrət, mərdlik davasıdır. Bu davada qalib olduğunuz üçün xalq Sizə layiq olduğunuz adı verib "Tarix yazan Sərkərdə, xilaskar Prezident". Bütün çıxışlarınızı xalq əzbərləyib. Min illər keçsə də, Azərbaycan durduqca, dünya var olduqca, Sizin adınız tək Azərbaycan tarixində deyil, dünya tarixində qalacaq. Azərbaycan xalqının özünəinamını, mənəviyyatını, mərdlik, cəsarət, dostluq, səbir kimi keyfiyyətlərini qaytardığınız üçün Sizin qarşınızda baş əyirəm. Sağ olun, var olun. Allah Sizi və Sizin rəhbərliyiniz altında bu qələbəni bizə gətirən şanlı Ordumuzu qorusun, Haqq yolunda şəhid olanlara rəhmət eləsin!”.

Beyləqandan Kənan Hümbətli: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, Siz ümummilli lider Heydər Əliyevin başladığı böyük yolu layiqincə davam etdirirsiniz. Siz böyük siyasi Lider, strateq, əsl Komandan olmaqla bərabər layiqli övladsınız. Sizi və xalqımızı Qələbə münasibətilə təbrik edirəm. Bütün idman yarışlarında və digər istiqamətlərdə könüllü kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşları, xüsusilə gənclər bu günlər qazanılan qələbədə də könüllü kimi ilk sırada idi. Hər zaman fəaliyyətimizlə xalqımız, millətimiz və dövlətimiz üçün yararlı olmağa hazırıq. Sizin rəhbərliyinizlə könüllülərin Vətən uğrunda xidmətləri gələcəkdə də ölkəmizə rifah gətirəcək. Daim Sizin əmrinizlə irəli getməyə hazırıq”.

Sabirabaddan Gülüstan Qəhrəmanova: “Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə şücaətli Ordumuzun yazdığı, əsrlərlə unudulmayacaq şanlı tariximizlə fəxr edir və qürur duyuruq. Sizin rəhbərliyinizlə şanlı Ordumuzun tarixi zəfərləri uzun zaman keçsə də, yenidən doğma Qarabağ sevincini yaşamağı bizlərə qismət etdi. Qarabağın azadlığı Vətən sevgimizi daha da nurlandırır. Mən fəxr edirəm ki, Azərbaycanımızın ayrılmaz hissəsi olan azad Qarabağ yurdunun sakiniyəm”.

Biləsuvardan Rəfiqə Əliyeva: “Möhtərəm Prezident cənab İlham Əliyev, Sizin möhkəm iradəniz sayəsində xalqımızın 30 ilə yaxın olan ağrılı, qanlı-qadalı günləri geridə qaldı. Sizi, xalqımızı, Ordumuzu möhtəşəm qələbə münasibətilə təbrik edir, ulu xalqımın əvəzsiz Liderinə ən səmimi arzularımı çatdırıram. Hamımız sevinirik, düşməndən şəhidlərimizin qisasını aldıq, torpaqlarımız azad olundu. Şəhidlərimizin ruhu qarşısında borcumuzu verdik. Bunlar müqəddəs hisslərdir. Keçirdiyimiz bu ifadəsiz sevinc hisslərini bizə bəxş etdiyiniz üçün Sizə, yenilməz Ordumuza sonsuz minnətdarlığımızı bildiririk. İnanırıq ki, qalib, yenilməz sərkərdəmiz kimi Sizin rəhbərliyiniz altında ölkəmiz gündən-günə çiçəklənəcək, xalqımızın rifahı daha da yüksələcək. Sizə, ailənizə cansağlığı, bundan sonrakı fəaliyyətinizdə uğurlar diləyirəm. Var olsun Azərbaycan xalqı, yaşasın Ali Baş Komandan!”.

İmişli sakini Cəbrayıl Şirəliyev: “Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan, işğal olunmuş ərazilərimizin müdrik rəhbərliyinizlə Müzəffər Ordumuz tərəfindən azad edilməsi münasibətilə Sizi ailəmiz adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, Vətənimizin çiçəklənməsi, dövlətimizin və dövlətçiliyimizin daha da inkişafı naminə səmərəli fəaliyyətinizdə böyük nailiyyətlər, yeni-yeni uğurlar arzulayırıq. Cənab Prezident, Sizin adınız şanlı Qələbə tariximizə qızıl hərflərlə əbədi həkk edilmişdir. İşğal altında olan müqəddəs torpaqlarımızı mənfur erməni tör-töküntülərindən, iblis xislətli erməni faşizmindən, insanlıqdan, humanizm və sivil düşüncə tərzindən uzaq cəlladlardan azad etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk. Döyüş meydanında və danışıqlar masası arxasında yenilməz iradə, siyasi müdriklik və əzm nümayiş etdirərək qazandığınız möhtəşəm Qələbə Azərbaycan xalqında özünə inam formalaşdırmış, hər bir azərbaycanlının qəlbində və vicdanında Ali Baş Komandanına olan ümid və güvəni daha da yüksəltmişdir. Biz Sizinlə fəxr edirik! Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyir, müqəddəs ruhları qarşısında baş əyirik. Yaralı əsgərlərimizə şəfa diləyirik. Qarabağ Azərbaycandır!”.

Abşeron rayon sakini Nağı Məmmədov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, bu məktubu həyəcansız yazmaq mümkün deyil. Hər bir qiymətli, dəyərli söz Sizin gördüyünüz işlər qarşısında acizdir. Uğurlu siyasətiniz, təmkininiz, uzaqgörənliyiniz 2020-ci il sentyabrın 27-dən başlayan bu Vətən müharibəsində bir daha özünü sübut etdi. Azərbaycan xalqı ilə ünsiyyətiniz, xalqı arxanızca aparmaq bacarığınız, xalqa müraciətiniz bunun bariz nümunəsidir. Lider ölkənin Lider Prezidenti, Azərbaycan xalqı lider kimi yalnız Sizi qəbul edir. Ölkə daxilində sabitliyin qorunub saxlanılması bu nailiyyətlər üçün əlverişli zəmin yaratmışdır. Respublikada sabitliyin pozulmasında maraqlı olan xarici və daxili qüvvələrə qarşı qətiyyətli mübarizəniz nəticəsində bir sıra ölkələrdə həyata keçirilən “rəngli inqilablar” ssenarisi Azərbaycanda iflasa uğradı, iqtisadi inkişaf üçün lazım olan dinc şərait təmin olundu. Əvvəlki illərdən fərqli olaraq inflyasiyanın səviyyəsinin azadılması, minimum əməkhaqqının daha da yüksəldilməsi, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirilməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, korrupsiyaya qarşı mübarizə sahəsində aparılan çoxcəhətli fəaliyyət, vətəndaş həmrəyliyinin daha da inkişafı və s. sahələrdə qazanılmış uğurlar xarici siyasətdə də müvəffəqiyyətlər qazanılmasına imkan yaratdı. Bütün bunlarla yanaşı, Qarabağ savaşında da atdığınız uğurlu addımlar möhtəşəm Qələbə ilə nəticələndi. Azərbaycanı bütün bəşəriyyətə tanıtdınız. Ali Baş Komandan kimi əzmkarlığınız, qətiyyətliliyiniz sayəsində Azərbaycan Ordusunun mükəmməl hazırlığı, hərbi kadrların düzgün seçimi hər bir kəsə bariz nümunədir. Biz Sizinlə fəxr edirik! Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var, Sərkərdəmiz var. Azərbaycan xalqı Sizi çox sevir, həmişə arxanızdadır. Gələcək işlərinizdə uğurlar arzulayırıq. Bəli, Ulu Öndərin təbirincə desək, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Azərbaycan artıq bütövləşdi, ərazisi tamamlandı. Azərbaycan tarixinə yeni tarix yazdınız. Bu tarix əbədi qalacaq. Bütün nehrəmlilər adından Sizə minnətdarıq. Yaşasın Ali Baş Komandan! Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.

Kəlbəcər sakini Tofiq Allahverdiyev: “Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan, mən öz adımdan və bütün Kəlbəcər rayonunun sakinləri adından Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Siz bizim 27 illik Vətən həsrətimizə son qoydunuz. Biz artıq öz dədə-baba yurdumuza - Kəlbəcərimizə qayıdırıq və bu, Sizin yürütdüyünüz mükəmməl siyasətin nəticəsidir. Siz bizim gözümüzdə və qəlbimizdə bir Fateh olaraq yaşayacaqsınız. Siz bu dünyada bizə cənnəti bəxş etdiniz. Allah Sizi və ailənizi daim qorusun!”.

Beyləqan sakini Nicat Quliyev: “Müzəffər Ali Baş Komandan, doğma Qarabağın azad olunması xəbərlərini xalqımıza çatdırdığınız bu xoş günlərdə Sizə təşəkkür məktubumu göndərərək bildirmək istəyirəm ki, atam Quliyev Bəxşeyiş Maşallah oğlu 1-ci Qarabağ müharibəsində iştirak edərək, Füzuli rayonunun Aşağı Veysəlli kəndi uğrunda gedən döyüşlərdə 1994-cü il martın 16-da qəhrəmancasına şəhid olmuşdur. Mən atamın qisasını alacağım günün həsrəti ilə yaşayırdım. Sizin güclü siyasətinizin və müzəffər Ordumuzun canı və qanı bahasına ard-arda qazanılan qələbələr məni çox sevindirdi, qürurlandırdı. Başda Siz olmaqla, qüdrətli Ordumuzun bütün igid əsgərlərinə sonsuz minnətdarlığımı bildirirəm. Şəhidlərimizin qanı yerdə qalmadı, ruhları şad oldu. Gözün aydın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”.

Şəmkirdən Anar Hacıyev: “Hörmətli cənab Prezident, bizə yaşatdığınız bu böyük Qələbə sevincinə görə şəxsən Sizə və müzəffər Azərbaycan Ordusuna təşəkkür edirəm. Düşmən üzərindəki zəfərimiz münasibətilə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir. Müzəffər Ali Baş Komandan, Sizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi qorusun! Qarabağ Azərbaycandır!”.

Gəncə sakini Şəbnəm Yarəhmədova: “Cənab Prezident, çox hörmətli İlham Heydər oğlu, Sizi erməni işğalçılarına qarşı ikinci Qarabağ müharibəsində Qələbə münasibətilə təbrik edim. Sizə minnətdarlığımızı bildirirəm ki, Siz və şanlı Azərbaycan Ordusu bizə, bizim hər birimizə Qələbə bəxş etdiniz. Azərbaycanda hər bir evə, kəndə, şəhərə Qələbə gəldi. Sizin əzminiz, qətiyyətiniz, Ordumuzun yenilməzliyi sayəsində Qələbə sevinci yaşayırıq. Sağ olun, var olun ki, 28 illik həsrətə son qoydunuz. Qarabağımız bizim oldu, hər zaman da bizim olacaq. Biz sonsuz qürur duyuruq ki, ölkəmizin Sizin kimi Prezidenti, Ordumuzun isə Sizin kimi Ali Baş Komandanı var. Allah Sizi və ailənizi qorusun! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Qubadan Emin Məmmədov: “Hörmətli cənab Prezident, Sizi ölkəmizin ərazi bütövlüyü uğrunda apardığımız bu haqq savaşında erməni işğalçıları üzərində qazandığımız Qələbə münasibətilə ailəm və öz adımdan ürəkdən təbrik edirəm. Azərbaycanın xilaskarı Ali Baş Komandanımıza, müzəffər Azərbaycan Ordusunun bütün əsgər və zabit heyətinə uca Tanrıdan cansağlığı arzulayıram. Müzəffər Ali Baş Komandan, Siz hər bir Azərbaycan vətəndaşının arzuladığı bir hissi, yəni qalib ölkənin vətəndaşı olmaq kimi şərəfli və qürurverici bir hissi bizlərə yaşatdınız. Biz tarixdə görünməyən bir prosesin, Azərbaycanın işğal olunmuş ərazilərinin xain düşməndən azad olunmasının şahidi olduq. Artıq başqa dövlətlərə səfər etdikdə də biz öz torpağının bir qarışının belə düşmən tapdağında qalmasına razı olmayan, son nəfəsinədək vuruşaraq torpağını yağı düşməndən azad edən qalib bir ölkənin qürurlu vətəndaşı kimi fəxarət hissi keçirəcəyik. Artıq məcburi köçkünlərimizin öz tarixi ata-baba yurdlarına qayıda bilməsi bizləri çox sevindirir. Bu şərəfli hissləri bizə yaşatdığınıza görə bir daha Sizə və rəşadətli Ordumuza təşəkkür edirəm. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, valideynlərinə “Allah səbir versin” deyirəm, yaralı əsgərlərimizə isə tezliklə sağalmalarını arzu edirəm. Qarabağ Azərbaycandır! Yaşasın bütöv Azərbaycan!”.

Göygöl rayonundan Raqif Tağıyev: “Hörmətli cənab Prezident, 200 illik tariximizdə işğal olunan torpaqlarımız geri alınmayıb. Kəlbəcər rayonunun alınması mənə yuxu kimi gəlirdi. Siz bu yuxunu reallığa çevirdiniz. Buna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk. Bundan sonra ölkəmizin və xalqımızın tarixində yeni dövr başlayır. Artıq biz məcburi köçkün deyilik, tezliklə öz evimizə dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Qazandığınız zəfərlə Azərbaycan xalqının başını uca etdiniz, məğrur və yenilməz xalq olduğunu bütün dünyaya sübut etdiniz. Allah Sizi həmişə uca etsin! Var olun, cənab Prezident! Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev   Məktub  





Xəbər lenti