“Dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq” - XİN rəhbəri

“Dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq” -  XİN rəhbəri
  03 Dekabr 2020    Oxunub:2200
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 27-ci iclasında çıxış edib.
Azvision.az xəbər verir ki, nazir deyib:

"İlk növbədə, Nazirlər Şurasının 27-ci iclasının mükəmməl təşkili üçün ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri, Avropa və xarici işlər naziri cənab Edi Ramanı təbrik etmək istəyirəm. Eyni zamanda, hörmətli həmkarımız, İsveçin xarici işlər naziri xanım Ann Lindeyə ATƏT-in fəaliyyətdə olan sədri qismində fəaliyyətində uğurlar arzulayıram.

ATƏT-in Nazirlər Şurasının iclasına Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurası və Parlament Assambleyasını qonaq kimi dəvət etdiyinə görə Albaniya sədrliyinə Türk Şurasının fəaliyyətdə olan sədri qismində təşəkkürümüzü bildirmək istəyirəm. Qətiyyətlə inanırıq ki, bu qurumların ATƏT-in işində fəal iştirakı müştərək hədəflərə nail olunmasına töhfə verəcəkdir.

Hörmətli həmkarlar,

Bu il biz iştirakçı dövlətlər üçün ümumi təhlükəsizlik təməlini təşkil edən Helsinki Yekun Aktının 45-ci ildönümünü və Yeni Avropa üçün Paris Xartiyasının 30-cu ildönümünü qeyd edirik. Helsinki Yekun Aktında təsbit edilmiş və Paris Xartiyasında bir daha təsdiqlənmiş prinsiplər, xüsusi ilə suveren bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə əlaqəli olan prinsiplər hər zamankı kimi qüvvədə qalır və münasibətlərimizin əsasını təşkil edir.

Regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edən zorakı münaqişələrin əsas səbəblərinin arxasında beynəlxalq hüquqa və ATƏT prinsiplərinə uyğunsuzluq dayanır. Bu təntənəli tədbirdə iştirakçı dövlətlər hər hansı istisna, ikili standartlar, coğrafi və ya digər üstünlükləri olmadan Helsinki Yekun Aktının prinsiplərinə qeyd-şərtsiz hörməti və onların yerinə yetirilməsini təmin etmək üçün öhdəliklərini bir daha təsdiqləməlidirlər.

10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanat, Ermənistanla Azərbaycan arasında təxminən 30 ildir davam edən silahlı münaqişəyə son qoymaq üçün zəmin yaratdı.

Nazirlər Şurasının diqqətinə məmnunluqla çatdırıram ki, bu Sazişin həyata keçirilməsi bütün hərbi əməliyyatların dayandırılmasını, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını təmin etdi.

10 Noyabr bəyanatı, məcburi köçkünlərin və qaçqınların BMT QAK-ın nəzarəti altında evlərinə qayıtması ilə bağlı vacib müddəanı özündə ehtiva edir.

Eyni zamanda, razılaşma bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrində olan maneələrin aradan qaldırılmasını nəzərdə tutur, Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında əlaqə daxil olmaqla, Ermənistan və Azərbaycan arasında hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkətini təmin edir.

Üçtərəfli bəyanata əsasən, Ermənistan və Azərbaycan arasında razılaşmaların həyata keçirilməsinə nəzarət etmək üçün Rusiya Federasiyası və Türkiyənin Birgə Monitorinq Mərkəzi yaradılacaqdır.

Bu razılaşmanı reallığa çevirmək üçün verdikləri töhfələrə görə Rusiya Federasiyasına və Türkiyə Respublikasına təşəkkür etmək istəyirəm. Bu qonşu dövlətlər Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyi təmin edəcək razılşamanın zamini kimi mühüm rol oynayırlar.

Sülh, bərpa və yenidənqurma fəaliyyətinin davam etdirilməsi, qayıdan məcburi köçkünlər və qaçqınlar daxil olmaqla, ehtiyacı olanlara humanitar yardımın göstərilməsi mütləq şəkildə prioritet vəzifə olmalıdır. Bu məqsədlə, Azərbaycan 1991-ci il Birləşmiş Millətlər Təşkilatının humanitar yardım barədə rəhbər prinsiplərinə tam uyğun olaraq bölgədəki sülh və sabitliyə töhfə vermək niyyətində olan BQXK, BMT QAK və BMT-nin digər qurumları, habelə ayrı-ayrı dövlətlər də daxil olmaqla, aidiyyəti beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır.

Azərbaycan tərəfi etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər şəkildə və ayrı-seçkilik olmadan bütün Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin edərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ərazilərində yaşayan erməni əsilli vətəndaşlarını ölkənin siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazanı təmin edir.

Münaqişənin əhatə etdiyi ərazilərdəki azərbaycanlı və erməni sakinlərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində bir-birlərinin təhlükəsizliyinə, etnik və dini mənsubiyyətinə hörmətə əsaslanan dinc birgəyaşayışı təmin edilməlidir və sonunda təmin ediləcəkdir.

Biz münaqişədən sonrakı yeni mərhələyə, yenidənqurma və bərpa mərhələsinə, dinc birgəyaşayışın bərpa mərhələsinə qədəm qoyuruq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır. Həmkarlarımızı və tərəfdaşlarımızı yeni perspektivli reallıqları qiymətləndirməyə və onlardan faydalanmağa çağırırıq".

Azvision.az


Teqlər: XİN   Nazir   Ceyhun-Bayramov  





Xəbər lenti