“İlham Əliyev BMT-də qalib dövlətin lideri kimi çıxış edəcək”

“İlham Əliyev BMT-də qalib dövlətin lideri kimi çıxış edəcək”
  03 Dekabr 2020    Oxunub:2464
“Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daima artmaqdadır. Bu, hər şeydən öncə Prezident İlham Əliyevin həyata keçirdiyi strateji xarici siyasət kursu və milli maraqlarla öz tərəfdaşlarının maraqlarını uzlaşdırma bacarığı ilə əlaqədardır”
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib. O deyib ki, Azərbaycanın fəal və təşəbbüskar xarici siyasəti onun beynəlxalq münasibətlərdə nüfuzunu müəyyən etməklə yanaşı həm də iştirakçılığını təmin edir. Nəticədə hazırda Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlara sədrlik edir:

“Bunların sırasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama hərəkatı da var. Biz hər iki təşkilatın 44 günlük ikinci Qarabağ savaşında Azərbaycanı dəstəklədiyinin şahidi olduq. Hətta Qoşulmama Hərəkatına üzv olan bəzi ölkələrin dəstəyi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin bizim lehimizə olmayan qərar qəbul etməsinin belə qarşısını aldı. Türk Şurasının göstərdiyi dəstək isə müəyyən mənada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana mümkün dəstək verə bilmə ehtimalını əngəllədi. Çünki Türk Şurasına üzv olan iki ölkə həm də KTMT-nin üzvləridir”.



Deputat vurğulayıb ki, hazırda dünyada paralel müharibə, yaxud səssiz müharibə getməkdədir. Bu COVID-19 pandemiyasına qarşı müharibədir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi ümumbəşəri təhdid yaradan bu pandemiyaya qarşı mübarizədə səfərbərliyi təmin etmək üçün ilk təşəbbüslə çıxış edərək məsələni BMT-nin gündəminə gətirdi və bu təşəbbüs yüksək qiymətləndirildi:

“Məğlub edilmiş Ermənistandan başqa BMT-yə üzv olan dövlətlərin əksəriyyəti bu təşəbbüsü dəstəklədilər və dünyanın ən böyük beynəlxalq təşkilatında bununla bağlı xüsusi sessiya çağırıldı. Dekabrın 3-ü və 4-də BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkırın sədrliyi ilə növbəti tədbir baş tutacaq və Assambleyanın 31-ci xüsusi sessiyasında dünya liderləri, BMT rəsmiləri və ekspertlər COVID-19 pandemiyasının əsas aspektlərini, peyvəndlərin paylanması və sosial-iqtisadi məsələləri müzakirə edəcəklər. Bu əvvəlki sessiyada müzakirə olunan COVID-ə qarşı mübarizə və hazırlanacaq peyvəndlərin hamı üçün əlçatanlığının təmin olunması məsələsindən sonra indiki real vəziyyətin müzakirə olunmasıdır. Bu, Azərbaycan Prezidentinin təşəbbüs və təkliflərinin BMT-tərəfindən dəstəklənməsi və onun nüfuzunun qəbul edilməsi deməkdir. Artıq sessiyanın gündəmi və çıxışların ardıcıllığı müəyyənləşdirilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində xüsusi sessiyanın açılış mərasimində ali heyətin tərkibində 1-ci sıra, 5-ci yerdə çıxış edəcək və 120 ölkənin pandemiya ilə bağlı əsas baxışlarını dünya ictimaiyyətinə çatdıracaq”.

Hikmət Babaoğlu bildirib ki, bunun özü mühüm göstərici, Azərbaycan Prezidentinə olan münasibətdir. Bundan başqa 155 iştirakçı ölkə arasında Prezident İlham Əliyevin dövlət başçısı kimi 7-ci sırada çıxış etməsi şübhəsiz ki, Azərbaycana dünyada olan böyük hörmət və etimadın nümunəsidir. Eyni zamanda, bu, Prezident İlham Əliyevin şəxsi nüfuzunun beynəlxalq aləmdə göstəricisidir. Bütün bunlarla yanaşı istənilən beynəlxalq tribunadan Azərbaycan Prezidentinin ölkəmizin maraqlarını və artıq məğlub edilmiş işğalçı Ermənistanda hökm sürən despotizmi, diktaturanı, faşizmi dilə gətirməsi və onu ifşa etməsi də artıq ənənə halını alıb ki, bu da həqiqətlərin dünyaya çatdırılmasında özünəməxsus rol oynayır:

“Ən mühüm məsələlərdən bir də odur ki, dekabr ayının 3-ü və 4-də keçiriləcək sessiyada Azərbaycan Prezidenti qalib dövlətin müzəffər Ali Baş Komandanı kimi çıxış edəcək. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni icra etmiş dövlət və beynəlxalq hüquqda presedent yaratmış lider kimi öz sözlərini deyəcək. Bu isə yeni dünya nizamında Azərbaycanın yerini və rolunu təyin edən ən əsas faktorlardan biridir” .

Tural Tağıyev
Azvision.az


Teqlər: Deputat   İlham-Əliyev   BMT  





Xəbər lenti