UNESCO: Abidələr Ermənistan tərəfindən tamamilə dağıdılıb

   UNESCO:    Abidələr Ermənistan tərəfindən tamamilə dağıdılıb
  04 Dekabr 2020    Oxunub:1770
UNESCO İcra Şurasının 210-cu sessiyasının plenar iclasında Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda baş vermiş son hadisələr barədə məlumat verilib.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev ölkəmizin Dağlıq Qarabağ və onun ətrafındakı rayonlarında baş verən son hadisələr və erməni işğalından azad edilmiş Azərbaycan ərazilərindəki vəziyyət barədə İcraiyyə Şurasının üzvlərini, eləcə də plenar iclasın iştirakçılarını məlumatlandırıb.

Bildirilib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən noyabrın 9-da imzalanan üçtərəfli razılaşma tam atəşkəs və bütün döyüş əməliyyatlarının dayandırılması ilə nəticələnib. Azərbaycanın işğal altında olan bütün əraziləri 2020-ci il dekabrın 1-də tamamilə azad olunub. Bununla Dağlıq Qarabağ münaqişəsi və münaqişə tərəfləri anlayışı artıq mövcud deyil və onlar tarixə çevrilib.

Plenar iclasda ölkəmizin 30 il erməni işğalı altında qalmış ərazilərində mədəniyyət və dini abidələrimizin erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə yeksan edildiyi diqqətə çatdırılıb.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi ilk missiya bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və digər mədəniyyət obyektləri daxil olmaqla 180 mədəniyyət obyektinin müəyyənləşdirib və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olmasının şahidi olub. Azad edilmiş ərazilərdəki bütün məscidlər demək olar ki, dağıdılmış və donuz tövlələrinə çevrilmişdir”,-deyə A. Qocayev diqqətə çatdırıb.

Vurğulayıb ki, son atəşkəsdən sonra XIII əsrdən Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xudavənd monastırının zəngləri, xaçları və qədim əlyazmaları, eləcə də Ağdam rayonundakı Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılmış və yerli muzeylərdə saxlanılan qiymətli əşyalar qanunsuz olaraq Ermənistana daşınıb. Bu, 1954-cü il Haaqa Konvensiyasının və onun iki Protokolunun, eləcə də 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Erməni tərəfinin törətdiyi qeyri-insani hərəkətlərdən söz açaraq qeyd edib ki, bu əraziləri tərk edəndə erməni tərəfi yaşayış binalarını və evləri, məktəbləri və digər mülki infrastrukturu yandırıb, ağacları kəsib və bununla da ekoloji terror aktı törədib.

“Təəssüf ki, Ermənistan əvvəllər işğal olunmuş ərazilərdəki mədəni irs və dini abidələr kontekstində Azərbaycana qarşı saxta informasiya kampaniyasını davam etdirir. Bu, Azərbaycanın imicinə kölgə salmaq məqsədi daşıyır.

Azərbaycan əsrlər boyu müxtəlif mədəni və dini irsini və ərazisində yerləşən ibadət yerlərini qoruyub saxlamışdır. Bunlar Azərbaycanın çox mədəniyyətli və çox etiqadlı tərkibinin və tarixinin ayrılmaz hissəsidir. Bütün bunlar cəmiyyətimizin dəstəklədiyi və həmişə dəstəkləyəcəyi müxtəliflik, multikulturalizm, tolerantlıq və dialoq dəyərlərini özündə ehtiva edir”,-deyə A. Qocayev vurğulayıb.

Azvision.az


Teqlər: UNESCO  





Xəbər lenti