“Daha sərt karantin rejiminin tətbiqi aktuallaşır”

  04 Dekabr 2020    Oxunub : 1728
 “Daha sərt karantin rejiminin tətbiqi aktuallaşır”
Koronavirusa ilə bağlı ölkədə yoluxma dinamikası heç də ürəkaçan deyil. Son günlərdə yoluxmaların sayında kəskin artım var. Bu xəstəlikdən dünyasını dəyişənlərin sayında da artımlar müşahidə olunur. Təbii ki, dövlətimiz bütün resurslarını koronavirusla mübarizəyə cəlb edib. Təəssüflər olsun ki, bəzi insanların bu mübarizədə özlərini məsuliyyətsiz aparması koronavirusun yoluxma dinamikasını kəskin artırıb.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, hazırda bir neçə yaşayış məntəqəsində sərt karantin tədbirləri tədbiq edilir.

“Həmin rayonlar uzun müddətdir bağlanıb. Buna baxmayaraq, digər rayonlarda da koronavirusa yoluxma sayının artdığını müşahidə edirik. Yoluxamaların dimanikası belə davam edərsə, daha sərt karantin rejiminin bütün ölkə üzrə tətbiqi aktuallaşacaq. Sərt karantin rejiminin ölkə üzrə tətbiqi fəaliyyət sahələrinə, insanların evdən çıxmasına məhdudiyyətlərin qoyulması və bir çox digər məhdudiyyət tədbirlərinin tətbiqi deməkdir. Sərt karantin rejiminin tətbiqi özü ilə bərabər müəyyən çətinliklər də gətirir. Bunlar iqtisadi çətinliklərdir. Fəaliyyət sahələrinin işləməməsi dövlətə gələn gəlirlərin azalması deməkdir. Fəaliyyət sahələrinin işləməməsi insanların gəlirlərinin azalmasına səbəb olur. Bu da vətəndaşlarda birbaşa maliyyə çətinlikləri yaradır”.



Bundan əlavə, sərt karantin rejiminin insanlarda psixoloji sarsıntı yaratdığı deyən deputat qeyd edib ki, əhalinin sağlamlığı hər şeydən üstündür.

“Ölkədə xəstələr üçün ayrılmış yataq yerləri məhduddur. Yerlər artıq dolub. Səhiyyəmiz aciz vəziyyətə düşə bilər. Ona görə sərt karantin rejiminin tətbiqi günü- gündən aktuallaşmaqdadır. Xəstəliyi yoluxduran insanlardır. Vətəndaşlar özlərini məsuliyyətli apararlarsa, hamı tibbi maskadan düzgün istifadə edərsə, sosial məsafə gözlənilərsə, gigiyena qaydalara əməl edilərsə, müvafiq yerlərdə dezinfeksiyaedici vasitələrdən istfadə olunarsa, yoluxmanın sürətini qısa dövrdə azaltmaq mümkündür. ÜST-ün açıqladığı kimi dünyada əgər insanların 70 faizə qədər tibbi maskadan düzgün istifadə edərsə, koronavirusun kökünü kəsmək mümkündür.

Hər şey öz əlimizdədir. Hamımız məsuliyyətli olsaq, qoyulmuş qaydalara əməl etsək, sərt karantin rejiminin tətbiqinə ehtyac qalmaz və insanların bu qədər əziyyət çəkməsindən qaça bilərik”, - deyə deputat vurğulayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Deputat   Koronavirus