Şəki şəhidləri: İki evin iki tək övladı – FOTOLAR

      Şəki şəhidləri:    İki evin iki tək övladı –    FOTOLAR
  03 Yanvar 2021    Oxunub:19247
Şəhidlik zirvəsinə ucalan insanlar ölmürlər, əksinə, haqq dünyasına qovuşmaqla, əbədilik qazanırlar! Bu dünyada hamımızın bir ömür payı var ki, onu müəyyən müddət sonra başa vuracağıq. İnsanın dünya həyatına ən gözəl şəkildə “əlvida” deməyinin adı Şəhid olmaqdır.
Allah, Ana, Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Həyatından keçməklə xalqın azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər.

NİCAT

Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.

İmamverdiyev Nicat Məhərrəm oğlu 1995-ci ilin 19 fevralında anadan olub. O, evin illərlə arzulanan tək övladı idi.



Anası İsmayılzadə Çimnaz Güləli qızı:

- Gözümüzün ağı-qarası, yeganə övladımız idi. Şəki “Ekonom market” mağazasında çalışırdı, ancaq bu hadisələrdən (27 sentyabr) qabaq işdən çıxmışdı. Oğlumuz hərbi komissarlıqdan çağırılaraq, döyüş bölgəsinə göndərildi. Ondan başqa övladımız olmadığı üçün biz onun getməyinə bir az narazı idik.

30 sentyabrda komissarlığa çağırılan Nicata: “Səni qeydiyyata aldıq, özümüz mesaj yollayacağıq”,- demişdilər. Biz onun yenidən çağırılacağı günü gözləyirdik. İki gün sonra sahə inspektoru gələrək, dedi ki, məni İH-dan yollayıblar. Nicat hərbi komisarlığa getməlidir.

Oktyabrın 5-dən 15-nə dək biz Nicatla telefon əlaqəsi yarada bilmişdik. Sonra əlaqə kəsildi. Onun harada olduğu barədə də heç bir məlumatımız yox idi. O, bunun hərbi sirr olduğunu deyib, yerini bildirməkdən imtina edirdi.
Biz hərbi komissarlığa, Tahir müəllimin yanına gedərək, oğlumuzun harada olduğunu soruşduq. O isə bizə bildirdi ki, oğlunuz Bərdədə N saylı paylama məntəqəsindədir.
Oktyabrın 21-də bizə xəbər gəldi ki, Nicat qəhrəmancasına vuruşaraq, həlak olub.



Dayım İmamverdiyev İbrahim Bərdəyə gedərək, onun nəşinin tanınmasını təsdiqləyib. Məhəlləmizdən bir çox uşaqlar da onun nəşini gətirmək üçün oraya getmişdilər. Küçəmizdə hamı onu sakit olduğuna, böyüklərə daim hörmətlə yanaşdığına görə çox sevirdi. Çox ünsiyyətcil, ağıllı oğlan idi.

Kaş ki, mən yavan çörək yeyəydim, kaş, küçələrdə yaşayaydım, lakin aman-zaman bircə övladım bizimlə olaydı. O, bizim tək övladımız olmasına baxmayaraq, heç vaxt ərköyünlük etməzdi, evin bütün xərclərini ödəməyə çalışardı. Nicatımın yeri hər an, hər saniyə görünür.

TOĞRUL

Nağıyev Toğrul Həsənbala oğlu 8 iyun 2000-ci ildə Şəki şəhərində anadan olub. 2019-cu ildə atasını itirən Toğrul anasının yeganə balası idi. Ana bütün həyatını oğlundan güc alaraq, yaşayırdı.



Anası Nağıyeva Əntiqə Əhməd qızı:

- Oğlum 2 saylı məktəbdə 9-cu sinfə qədər oxumuş, Şəki Dövlət Musiqi kollecini bitirmişdi. Onun gözəl musiqi duyumu var idi. Ancaq rəqslə məşğul olurdu. Pandemiya başlanandan onun işləri də çətinləşmişdi. Buna görə də, fəhləlik edir, evə çörək gətirirdi. Çox ünsiyyətcil, mehriban, gülərüz idi. Heç kimin xətrinə dəyməz, özündən böyüklərin sözlərini öyüd-nəsihət kimi qəbul edirdi. Həmişə Vətəni sevdiyini hər kəsin yanında deyir, nə vaxtsa müharibə olarsa, mütləq könüllü gedəcəyini bildirərdi. 9 ay idi ki, hərbi xidmətdən qayıtmışdı.

Sentyabrın 29-da könüllülərin getdiyi avtobusa minən Toğrulu polislər dəfələrlə “Sənin adın siyahıda yoxdur”,- deyib, düşürsələr də, təkidlə arxa qapıdan avtobusa minirdi. Onun bu döyüşə hansı coşğu ilə getdiyini hamı bilir. Öz gözəl rəqsilə orada şənlənən Toğrul və onun yanında bir neçə könüllü əylənərək, mahnı oxuya-oxuya “Biz gedirik döyüşə, Ana Vətəni xilas etməyə!” - deyirdilər.



Gedən gün “Ana mən gedirəm Vətəni qorumağa. Birdən qayıtmasam, evdə tək qalma, dayımgilə get” - deyirdi. Biz də onun belə danışdığını görəndə düşünürdük ki, evin tək övladı və tək dayağımdır. Toğrul mənim pəjmürdə olduğumu görəndə qucaqlayaraq, “Bəs mən getməyim, o getməsin, kim getsin?!”,- deyərək, təsəlli verməyə çalışırdı:
- Anacan mən səni çox sevirəm, çəkdiyin əziyyətlərdən də xəbərim var. Ancaq Vətəni də qorumaq lazımdır. Döyüşə getməklə Vətənə xidmət etmiş, elə sənin də qorumuş oluram.



...Oktyabrın 13-də balasından acı xəbər gəldi ki, Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla Şəhid olub.
Qəhrəman adı alan Şəhidimizi çox böyük təntənə ilə atasının uyuduğu qəbiristanlıqda dəfn edirlər.

Şəkinin daha iki qəhrəman övladının şəhdlik və qəhrəmanlıq tarixçəsini BURADAN oxuya bilərsiniz.

Bəhram Çələbi


Teqlər: Şəhidlər   Şəki  





Xəbər lenti