“Mən də peyvənd vurdurmaq istəyirəm” - Deputat

 “Mən də peyvənd vurdurmaq istəyirəm” -  Deputat
  25 Yanvar 2021    Oxunub:2055
Yanvarın 18-dən etibarən ölkəmizdə koronavirusa qarşı vaksinasiyaya başlanılıb. İlkin mərhələdə risk qrupundan olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunur. Eyni zamanda deputatlar arasında da peyvənd olunanlar var.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azvision.az -a bildirib ki, əgər deputatlar arasında vaksinasiya başlanılarsa, məmnuniyyətlə peyvənd olunacaq.

"Deputatlara koronavirusa qarşı peyvəndin vurulacağı barədə dəqiq məlumatım yoxdur. Amma ayrı-ayrı deputatlar arasında vaksinasiya olunanlar var. Məmnuniyyətlə mən də  peyvənd vurdurmaq istəyərdim. Lakin TƏBİB-in və Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi risk qrupunda olub-olmadığımı bilmirəm".



Deputat, həmçinin bildirib  ki, daim seçiciləri ilə təmasdadırlar və onlarla görüşdükləri üçün risk qrupuna aid edilə bilərlər.

"Belə görüşlərimiz xüsusilə Vətən müharibəsindən sonra daha da artıb. Ona görə hesab edirəm ki, biz də risk qrupundayıq. Lakin səhiyyə işçiləri gözəgörünməz düşmənlə daim mübarizədədir və onlar üçün peyvənd daha əhəmiyyətlidir. Hələlik peyvənd olunmaq üçün heç hara müraciət etmək istəmirəm. Çünki düşünürəm ki, risk qrupunda olan səhiyyə işçilərinin vaksinasiyası bitməyib. Fevraldan dərslər başlayır, təhsil işçiləri də risk qrupundadır. Onlar da peyvənd olunmalıdır. 65 yaşdan yuxarı insanlarımız üçün peyvənd daha vacibdir. Ona görə hələ gözləyirəm. Əgər bizi də risk qrupuna salarlarsa, o zaman peyvənd olunarıq".

Qeyd edək ki, ölkəmizdə Çin istehsalı olan "Sinovac" vaksini vurulur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Vaksinasiyasının ikinci mərhələsi fevralın 1-dən başlanılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat   Koronavirus   Vaksin  





Xəbər lenti