İcazə sisteminə 112 milyondan çox SMS daxil olub

  İcazə sisteminə 112 milyondan çox SMS daxil olub
  27 Yanvar 2021    Oxunub:2840
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) 2020-ci ilin yekunlarına həsr olunan hesabat toplantısı keçirilib. Toplantıda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak edib.
“ASAN xidmət”dən Azvision.az -a verilən məlumata görə, EHİM-in direktoru Fariz Cəfərov 2020-ci ildə görülən işlərə dair hesabatında bildirib ki, ötən ilin aprel ayında EHİM Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni yaradıb.

2020-ci il ərzində Sistem üzərindən 1 milyon 270 mindən çox vətəndaşın və 139 mindən artıq qurumun fəaliyyətinə icazə verilib. İl ərzində vətəndaşlardan SMS icazə sisteminə 112 milyondan artıq SMS daxil olub və 95 milyon müraciətə müvafiq icazələr verilib.



F.Cəfərov qeyd edib ki, 2020-ci ilin yekunlarına görə “ASAN Login” istifadəçilərinin sayı 2019-cu illə müqayisədə 3 dəfədən çox artaraq 1 milyon 741 min təşkil edib. “E-Gov.az” portalında 38 qurum tərəfindən təqdim edilən 443 elektron xidmət üzrə qeydiyyat sayı isə 175 min artaraq yekunda 1 milyon 266 min təşkil edib. İnteqrasiya edilən sistemlərlə birgə 700-dən artıq elektron xidmətə çıxışı təqdim edən “myGov” portalında isə istifadəçi sayının 2019-cu illə müqayisədə 10 dəfə artaraq 433 min olduğu qeyd edilib. 2020-ci ildə “myGov”da xidmətlərdən istifadə sayı 2019-ci ilə nisbətən təqribən 15 dəfə artaraq 11 milyon 500 min təşkil edib. İl ərzində “myGov” portalı vasitəsilə vətəndaşlara 3 milyon 200 mindən çox bildiriş göndərilib.



Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Tədbirlər Planına əsasən “Elektron Su Təsərrüfatı” İnformasiya Sistemi layihəsinin icra edilməsi məqsədi ilə 2020-ci ilin iyul ayından etibarən müvafiq işlərin həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 noyabr tarixli, 2292 nömrəli Sərəncamına əsasən Ermənistanın təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılması istiqamətində operativ iş aparılıb.

Hesabat tədbiri çərçivəsində 2021-ci il üçün nəzərdə tutulan fəaliyyət haqqında da geniş fikir mübadiləsi aparılıb.



Azvision.az


Teqlər: EHİM   ASAN-xidmət  





Xəbər lenti