Rusiya İrəvanın növbəti xəyanətini bağışlayacaqmı? - ŞƏRH

 Rusiya İrəvanın növbəti xəyanətini bağışlayacaqmı? -  ŞƏRH
  08 Fevral 2021    Oxunub:9641
Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayan bir neçə gün əvvəl "Weekblad Elseveir" nəşrinə verdiyi müsahibəsində Qərbin müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi işi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini dəstəklədiyini açıqlayıb. Ermənistan rəsmisinin İrəvanın müttəfiq hesab etdiyi Rusiya əleyhinə açıqlaması Moskvada narazılıqla qarşılanıb.
Rusiya mətbuatında İrəvanın növbəti xəyanətinə cavab olaraq Ermənistanın gerçək üzünü ifşa edən materiallar dərc olunmaqdadır.

"Dağlıq Qarabağda Ermənistanı total məğlubiyyətdən xilas edən Rusiya müttəfiqinin belə sürətlə, açıq şəkildə anti-Rusiya mövqeyi tutacağını gözləmirdi. 44 günlük Qarabağ müharibəsindəki məğlubiyyətə cavab olaraq İrəvan informasiya müharibəsini təkcə Azərbaycana deyil, indi də Rusiyaya qarşı genişləndirməyə qərar verib", - deyə məqalədə vurğulanıb.

İkinci Qarabağ müharibəsindən sonra İrəvanın anti-Rusiya kampaniyasına qoşulması nədən qaynaqlanır? Mosvanın cavabı necə olacaq?

Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyib ki, əslində belə qalmaqallı açıqlamalar Rusiyada ciddi rezonans doğurmalıdır. Əgər şimal qonşumuzun hansısa müttəfiqi bu cür addım atırsa, ruslar münasibətlərdə kəskin soyuqlaşma yaratmalıdır. Moskvanın hələlik səbir göstərməsi gözlənilən idi:



“Bu, bir faktdır ki, erməni xalqı Rusiyaya dəfələrlə xəyanət edib, öz müttəfiqlərinə arxadan zərbə vurublar, hətta ruslar üçün ən həssas və vacib dəyərlərə, mövzulara belə radikal şəkildə təpik atıblar. Məsələn, Böyük Vətən Müharibəsi ilə bağlı Rusiya üçün qırmızı xətt sayılacaq nasizm mövzusunu götürək. Hər yerdə Sovet veteranları, qəhrəmanları əbədiləşdirilir, dəyərə mindirilir, Ermənistanda isə əksinə, faşist Njdeya heykəl ucaldılır. Yəni bu adi misaldır, digər siyasi kontekstdə olan xeyli xəyanətkar addımlar da var. Amma təəssüf ki, ruslar hər dəfə bu xəyanətkar milləti cəzalandırmayıblar və onların günahlarının üstündən keçiblər. Yəqin bu dəfə də qalmaqala çevrilmiş erməni səfirinin siyasi hoqqabazlığının üzərindən keçəcəklər. Yenə Ermənistanı bölgədə, Cənubi Qafqazda öz əlaltıları kimi yüksək səviyyədə müdafiə edəcəklər”.

Politoloqun sözlərinə görə, məqalədə diqqət çəkən məqam budur ki, ruslar yazıda “biz onları total məğlubiyyətdən xilas etdik” deyirlər. Bununla da əslində Rusiya media vasitəsilə ermənilərə etdiyi yaxşılığı etiraf edir:

“Ruslar son anda işğalçı ölkənin qanının arasına girdi. Onsuz da ordusunun 80 faizi darmadağın edilmiş ölkə kimi Ermənistan dizini yerə qoyacaq və özü Bakıdan rəhm diləyəcəkdi. Sadəcə Rusiya son anda meydana atılıb, erməni xalqı üçün xilaskar rolunu oynadı. Digər tərəfdən səfirin Navalni ilə bağlı fikirlərində böyük faciə görmürəm. O, Niderlan kimi ölkədə yaşayan səfirdir, azad fikrini bildirib. Lakin diplomat olduğu üçün açıqlaması ilə ölkəsinə ağır zərbə vurmuş oldu. Amma hər halda onun mövqeyi dünyada Navalnı haqqında səsləndirilən əksəriyyətin mövqeyi ilə üs-üstə düşdü. Bu mənada rusların tərəfbazlığa meyl etməsi, biz sizi müdafiə etmişik deyə, siz də bizi müdafiə etməlisiniz kimi prinsipi ortaya atması insan haqları ilə bağlı ümumi dəyərlərlə qətiyyən uzlaşmır. Ona qalsa, Azərbaycan heç vaxt Rusiya əleyhinə olan hansısa səsverməyə, sanksiyaya qoşulmayıb, dəstək verməyib, heç bizim tərəfdən bu cür açıqlama da gəlməyib. Qısası, Rusiyanın hələlik İrəvanı cəzalandıracağı real görünmür”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Rusiya   Sanksiya   Politoloq   Müttəfiq   Xəyanət  





Xəbər lenti