“Azərbaycanlılar səmimi və qonaqpərvərdir” - İrek Zinnurov

   “Azərbaycanlılar səmimi və qonaqpərvərdir” -    İrek Zinnurov
  08 Fevral 2021    Oxunub:2288
Azərbaycanlılar səmimi və qonaqpərvər xalqdır. Buna görə də orada olmaq, bu insanlarla ünsiyyət qurmaq mənə xoşdur.
Bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının sabiq deputatı, “Yedinaya Rossiya” siyasi fraksiyasının üzvü, Olimpiya Oyunlarının ikiqat mükafatçısı, dünya və Avropa çempionatı mükafatçısı, su polosu üzrə Rusiyanın Əməkdar idman ustası İrek Zinnurov “Realnoye vremya” internet-nəşrinə müsahibəsində söyləyib.

Bu yaxınlarda “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri təyin edilmiş siyasətçi Bakıda çoxlu dostunun olduğunu qeyd edərək deyib: “Onların hamısı qonaq çağırmağa, kömək etməyə, dəstəkləməyə, plova dəvət etməyə hazırdırlar. Bu baxımdan, orada olmaq mənə çox rahatdır, tanıdığım hər kəs (hətta tanımadıqlarım belə) dərhal münasibətlərini bildirdilər. Onların hamısı hər an köməyə gəlməyə hazır idilər. Bu, çox ürəkaçandır”.

İ.Zinnurov Dövlət Dumasında MDB məsələləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqələr üzrə komitədə işlədiyini xatırladıb. Sabiq deputat deyib: “Mən orada o cümlədən Azərbaycanda görülən işlərə görə cavabdeh idim. Bu, mənim işimin böyük bir hissəsi idi, fəaliyyətimdə çox şey bu ölkə ilə bağlı idi”.

İ.Zinnurovun vurğuladığı kimi, onun rəhbərlik etdiyi təşkilatın əsas vəzifəsi Rusiya Federasiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin inkişafı idi. “Buraya mədəniyyət, təhsil, gənclər, idman, biznesin humanitar müşayiəti, elm məsələləri daxil idi. Bir çox istiqamətlər var ki, biz həmin sahələr üzrə fəaliyyət göstəririk”, - deyə o qeyd edib.

İ.Zinnurov daha sonra deyib: “Bir də Azərbaycanda bizim xeyli həmvətənimiz yaşayır, orada güclü diasporlar var. Biz birbaşa olaraq, onlarla işləyir, onları dəstəkləyirik. Onlar öz tədbirlərini keçirmək üçün bizim məkanlardan pulsuz istifadə edə bilərlər. Məsələn, Azərbaycan Rus Gəncləri Assosiasiyası tarixi İçərişəhərdə, Qız qalasının yanında möhtəşəm tədbir – Maslenitsa keçirəcəklər. Biz onlarla danışmışıq ki, tədbirin keçirilməsinə yardımçı olacağıq”.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cari ilə olan planlardan danışdı. Onun sözlərinə görə, nümayəndəlik respublikada rus dilini inkişaf etdirmək, rus dili üzrə olimpiadaların keçirilməsini dəstəkləmək niyyətindədir. İ.Zinnurov deyib: “Məsələn, biz Nizaminin yaradıcılığı üzrə belə olimpiada keçirəcəyik. 2021-ci il Azərbaycanda Nizami İli elan olunub və biz məktəblərdə rus dili olimpiadasını bu mövzuya həsr etmək istəyirik. Biz rus dili müəllimlərinin ixtisas səviyyəsinin artırılması ilə də məşğuluq. Təhsil proqramı çərçivəsində uşaqlar üçün ödənişli rus dili kursları təşkil edirik. Rusdilli jurnalistlər assosiasiyası qeydiyyatdan keçir. Bir də Azərbaycan gəncləri üçün iki proqram həyata keçiririk. Bu proqramlara əsasən, onlar bir neçə günlüyə Rusiyaya gələ, ölkə ilə tanış ola bilərlər. Beynəlxalq idman əməkdaşlığı xətti üzrə də işləyirik. Məsələn, Ümumdünya Gənc Həmvətənlərin Oyunlarını biz təşkil edirik. Mən əvvəllər bu Oyunlarda baş hakim idim, artıq indi onlarla başqa statusda işləyəcəyəm. Komandaları indi toplayırıq, Azərbaycanın daxilində seçmə yarışlar aparacağıq. Bütövlükdə iş çoxdur və bu işlər müxtəlif sahələri əhatə edir”.

İ.Zinnurov qeyd edib ki, Azərbaycanda ruslara səmimi münasibət göstərilir. “Rossotrudniçestvo”nun rəhbəri deyib: “İndi onlar Qarabağ məsələsi üzrə üçtərəfli Bəyanatın imzalanmasında Rusiyanın iştirakını xüsusi vurğulayırlar. Həm də başa düşürlər ki, biz qonşular dost olmalıyıq və bundan sonra da birgə inkişaf etməliyik. Mətbuatda ab-hava kifayət qədər xoşniyyətlidir, diqqət ona cəmlənir ki, bizim dövlətlərin liderləri arasında çox yaxşı münasibət mövcuddur. Buna görə də mənim vəzifəm bu münasibətləri bütün istiqamətlərdə inkişaf etdirməkdən ibarətdir”. (AzərTAc)

Azvision.az


Teqlər: İrekZinnurov  





Xəbər lenti